İqtisadiyyat (2-12-2014, 16:25)
Siqaretin qiyməti qalxacaq
Əli Məsimli: “Beynəlxalq miqyasda qəbul olunan təbliğat üsulundan istifadə etmək lazımdır”
Elxan Mikayılov : “Tütün məhsullarındakı aksiz vergisinin artırılması hazırda bütün dünyada geniş yayılan tendensiyadır”
Məlumat verildiyi kimi, "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Musa Quliyev Azərbaycanda tütün məmulatlarına tətbiq olunan aksiz vergisinin artırılmasını təklif edib. Millət vəkili hesab edir ki, Azərbaycanda tütün məmulatlarının qiymətinin aşağı olması müəyyən mənada siqaret çəkən insanlara münbit şərait yaradır: "Bu baxımdan tütün məmulatlarının qiymətinin artırılması həm dövlət büdcəsinə ödəmələrin məbləğini artıracaq, həm də siqaret çəkən insanların tütün məmulatlarına əlçatanlığını məhdudlaşdıracaq”.
Xatırladaq ki, hazırda qonşu Rusiya da daxil olmaqla, dünyanın bir sıra ölkələri tütünlə mübarizədə bu üsuldan da istifadə edir. Məsələn, Rusiyada təklfi olunur ki, aksiz markları nəticəsində siqaretin qiyməti Avropadakı səviyyəyə çatdırılmalı, bir qutu siqaretin qiyməti ən azı 15-20 dollar olmalıdır. Bunun üçün müvafiq layihə də hazırlanır. Siqraetdən il ərzində dünyada 600 min insanın dünyasını dəyişdiyini, onların sırasında azərbacanlıların olduğunu da nəzərə alsaq, analoji təcrübənin Azərbaycanda da tətbiq olunmasını zəruri sayanlar var.
Millət vəkili Əli Məsimli qəzetimizə açıqlamasında bildirir ki, aksiz vergisini artırmazdan əvvəl bu praktikanı tətbiq edən ölkələrdə siqaretin istehlak səviyyəsinə təsir edib-etmədiyini öyrənmək lazımdır: "Ancaq təcrübə göstərir ki, hələlik belə bir hal müşahidə olunmayıb. Statistikada da belə bir məlumat yoxdur. Belə hal dünya təcrübəsində yoxdursa, Azərbaycan necə istisna təşkil edə bilər?! Əgər aksiz vergisi artırılsa, siqaret çəkən şəxs ailə büdcəsinin növbəti hissəsini siqaretə, içkiyə sərf edəcək. Yəni, siqaret çəkənin və ya içki aludəçisinin qarşısını vergi artımı və ya qiymət bahalaşması ilə almaq olmaz. Bu qeyri-mümkündür. Bunun üçün beynəlxalq miqyasda qəbul olunan təbliğat üsulundan istifadə etmək lazımdır. Məsələn, ABŞ, Avropa və digər ölkələrdə ictmai yerlərdə siqaret çəkməyi qadağa edilib. Bu, təcrübəni tətbiq etmək daha effektiv nəticələrə gətirə bilər”.
Digər iqtisadçı-ekspert Elxan Mikayılov bildirdi ki, tütün məhsullarındakı aksiz vergisinin artırılması hazırda bütün dünyada geniş yayılan tendensiyadır: "Bir cox ölkələr həm insan həyatı üçün zərərli olan tütün məhsullarının istehlakını azaltmaq, həm də büdcə gəlirlərində müəyyən artıma nail olmaq üçün bu cür alətlərdən istifadə edir. Amma bu variant praktikada heç də həmişə sağlamlığın qorunması prizmasından uğurlu olmur. Belə ki, digər istehlak mallarından fərqli olaraq siqaret istifadəçilərində bu məhsula qarşı ciddi asılılıq sindromu var. Ona görə də qiymətlərin bahalaşdırılması əksər hallarda məhsuldan imtinaya yox, nisbətən ucuz olanının istehsalına yol açır. Bu halda isə keyfiyyətsiz məhsul istehlakı artır. Nəticədə orqanizm üçün daha təhlükəli hallar meydana gəlir. Azərbaycan vətəndaşı bu halda sağlamlıq baxımından daha cox zərər görən tərəfə çevriləcək. Odur ki, Azərbaycanda da tütün məhsullarının qiymətlərinin artması söylənilən analoji effekt verəcək”.
Ekspert əlavə etdi ki, aksiz vergisi artırıla bilər: "Qanunvericilikdə də verginin bu növünün artırılmasına heç bir məhdudiyət qoyulmayıb. Aksiz vergisinin artırılması məhsulların bazar qiymətlərinə sirayət edəcək və qiymətlər bahalaşacaq. Amma hazırda belə bir addımın atılması gözlənilmir. Çünki, nə əhalinin gəlirlərində, nə də infilyasiyada ciddi artım baş verməyib”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024