İqtisadiyyat / Karusel (2-09-2014, 17:30)
Bahalaşmanın qarşısı necə alınsın?
Vüqar Bayramov: “İlk növbədə süni qiymət artımlarına nəzarət edilməlidir”
Ölkədə kənd təsərrüfatı məhsullarının bahalaşması davam edir. Bir çox ərzaq məhsullarının qiymətində 2 dəfədən artıq artım müşahidə olunub. Paytaxtın əsas bazarlarında apardığımız müşahidələrdən də bəlli olur ki, qiymət artımı istehlak olunan məhsulun həcmini azaltmaqla yanaşı, alıcılıq qabiliyyətinə də mənfi təsir edib.
Bahalaşmaya səbəb kimi, Rusiyanın Qərb ölkələrinə sanksiya tətbiq etdikdən sonra kənd təsərrüfatı məhsullarını daha çox Azərbaycandan idxal etməsi göstərilir. Belə ki, tarixi fürsət əldə edən yerli fermerlər məhsullarını daha tez və baha satmaq üçün kütləvi şəkildə Rusiya bazarına üz tutur. Nəticədə, yerli bazarda məhsul azalır və qiymətlər bir çox hallarda süni şəkildə qaldırılır. Satıcılar son zamanlar bazara gətirilən məhsulların keyfiyyətinin də aşağı olduğundan narazıdırlar. Bu durum fermerləri nə qədər məmnun etsə də, satıcıların və alıcıların narazılığına səbəb olub.
Bu vəziyyətdən çıxış yolu nədir? Musavat.com bu sualı ekspertlərlə birgə araşdırıb.
Millət vəkili Vahid Əhmədov deyir ki, son günlər mətbuatın gündəmində olan bu mövzu onu da narahat edir: “Ötən gün şəxsən “Keşlə bazarı”na gedib qiymətlərlə maraqlandım, satıcılarla söhbət etdim. Həqiqətən ciddi bahalaşma müşahidə olunur. Bunun qarşısı alınmalıdır. Çalışmaq lazımdır ki, Azərbaycanın daxili bazarında qiymətlərin sabitliyini qoruyub saxlayaq. Əvvəlcə vətəndaşlarımızın daha ucuz qiymətə keyfiyyətli məhsul almasını təmin etməliyik. Daha sonra xaricə ixrac etmək haqqında düşünməliyik”.
Millət vəkilinin sözlərinə görə, bu prosesdə fermerlərin maraqlarını da başa düşmək lazımdır: “Uzun müddət idi ki, Azərbaycan-Rusiya sərhədində problemlər var idi və Rusiya Azərbaycandan kənd təsərrüfatı məhsullarını qəbul etmirdi. İndi belə bir imkan yaranıb və fermerləri də başa düşmək olar ki, onlar daha çox qazanmaq istəyirlər. Ancaq daxili bazarını da qorumaq lazımdır, sıçrayışla qiymət artımına yol vermək olmaz. Bunun üçün istər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən, istərsə də İqtisadi İnkişaf Nazirliyi tərəfindən bazarlarda monitorinqlər aparılmalıdır. Çalışmaq lazımdır ki, həddindən artıq qiymət artımının qarşısı alınsın. Hökumət tərəfindən istər ixrac prosesinə, istərsə də qiymət artımına müəyyən nəzarət mexanizmi işə salınmalıdır. Əsas məqsəd daxili bazarı qorunmaq, yerli bazarları tam təmin etdikdən sonra artıq qalan məhsulu xaricə çıxarmaqdır”.
Millət vəkili bildirdi ki, Rusiyaya ixrac olunan məhsula limit qoymaq mümkün deyil: “Çünki, bu ayrı-ayrı fermerlər tərəfindən gətirilir. Ən optimal variant gömrük rüsumunu və ya vergini qaldırmaqla müəyyən baryerlər yaratmaq və bu yolla ixracı nəzarətdə saxlamaq olar”.
İqtisadçı ekspert Vüqar Bayramlı deyir ki, qiymət artımın qarşısını almaq üçün ölkəyə daha ucuz xarici məhsulların idxalına şərait yaradılmalı, bu sahədəki maneələr aradan qaldırılmalıdır: “Fermerlərin Rusiya bazarına can atması təbiidir. Çünki, burada məhsullarını daha baha satmaq imkanı var. Ancaq məsələnin bir tərəfi də odur ki, kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması yerli bazarda məhsulların həcminin azalmasına gətirib çıxarır. Bu gün müşahidə olunun qiymət artımına meyvə-tərəvəzin Rusiyaya daşınması ilə paralel olaraq, mövsümün bitməsi ilə əlaqədar bəzi məhsulların istehsalının azalması da təsir edir. Daxili bazarda qiymət artımının qarşısının alınması üçün bir sıra tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Biz təklif edirik ki, hökumət daxili bazarda yerli məhsulların qiymətinin artması fonunda idxalın liberallaşdırılmasını həyata keçirsin. İdxal prosesində mövcud olan baryerləri aradan qaldırmaqla imkan verəcək ki, Azərbaycana daha ucuz meyvə-tərəvəzin gətirilsin. Məsələn, Türkiyə və İrandan daha ucuz kənd təsərrüfatı məhsulları gətirilərsə, həm alıcıya seçim imkanı veriləcək. Alıcı nisbətən bahalı olan yerli məhsulu və ya daha ucuz olan xarici məhsul almaqda özü qərar verəcək. Bu bazarda nisbətən ucuz məhsulların təklif edilməsi baxımından əhəmiyyətlidir. Bu da yerli fermerləri məcbur edəcək ki, bazara çıxarılan məhsulların qiymətini nisbətən azaltsın ki, rəqabətə tab gətirə bilsinlər”.
Ekspert onu da vurğuladı ki, hər şeydən öncə, mövcud durumdan istifadə edib qiymətləri süni şəkildə artıranlara nəzarəti gücləndirmək lazımdır: “Bizim apardığımız monitorinqlər göstərir ki, bazarda qiymət artımları yalnız Rusiyaya ixrac edilən məhsullarda baş vermir. Süni şəkildə artırılan qiymət artımları da müşahidə olunur. Bəzi iş adamları bahalaşma faktından psixoloji olaraq istifadə edirlər. Bu səbəbdən İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımına qarşı mübarizəni gücləndirməlidir. İstehlak bazarında müşahidə edilən bütün süni qiymət artımlarının qarşısı alınmalıdır. Əgər məhsula çəkilən xərc, maya dəyəri dəyişməyibsə, həmin məhsulun qiyməti artırsa bu süni qiymət artımı sayılır. Azərbaycan qanunvericiliyi bu cür qiymət artımına icazə vermir.
Digər tərəfdən yarmarkaların sayının və dövriliyinin artırılmasına ehtiyac var. İxracın artdığı bir dövrdə bu yolla qiymətləri nəzarətdə saxlamaq mümkündür”.
Vüqar Bayramov problemin daha uzunmüddətli həlli yolu kimi fermerlərə subsidiyaların verilməsi mexanizminin təkmilləşdirilməsini və daha çox istehsalın stimullaşdırılmasını göstərir: “Fermerlərin öz məhsullarını xarici bazara çıxarmağa can atması bir növ hökumətə mesajdır. Bu mesaj ondan ibarətdir ki, hökumət kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı kompleks işlər görməlidir. Bu işlər sırasında fermerlərə verilən subsidiyaların mexanizminin dəyişdirilməsi çox vacibdir. Bu gün Azərbaycanda kənd təsərrüfatına subsidiyalar hər hektara görə verilir. Bu isə fermerlərdə daha çox məhsul istehsal etmək üçün stimul yaratmır. ABŞ da daxil olmaqla inkişaf etmiş ölkələrdə fermerlər istehsal etdiyi məhsulun həcminə görə subsidiya alırlar, ancaq Azərbaycanda strateji məhsullara görə hər hektara 80 manat, strateji olmayan məhsula görə hər hektara 40 manat subsidiya ayrılır. Bu mexanizm fermeri daha çox istehsala sövq etmir. Çünki, bir hektardan 1 ton məhsul götürən fermerlə, bir neçə kiloqram məhsul yığan fermer arasında fərq qoyulmur. Bu mexanizmin dəyişdirilməsinə və beynəlxalq təcrübədə olduğu kimi tənzimlənməsinə ehtiyac var”.
Ekspert bildirdi ki, indiki halda qısamüddətli dövrdə qiymətlərin tənzimlənməsinə xidmət edən ilk üç tədbirin həyata keçirilməsinə, strateji olaraq isə subsidiyaların verilməsi mexanizminin dəyişdirilməsinə və həcminin artırılmasına ehtiyac var.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024