İqtisadiyyat (20-11-2014, 10:44)
Daşınmaz əmlak bazarında qiymətlər düşəcək?
2015-ci ilin ilk aylarından başlayaraq əmlak bazarında tələbin azalacağı proqnozlaşdırılır
Tələbin azalmasına baxmayaraq ötən ay və eləcə də noyabrın geridə qalan günlərində hələlik qiymət azalması qeydə alınmadı. Amma dünya bazarındakı son dəyişikliklərin Bakının mənzil bazarında təsirsiz ötüşməyəcəyi gözlənilir.
Ölkənin mənzil bazarı ilə bağlı bu açıqlamanı iqtisadçı-ekspert Vüqar Bayramov verib.
Onun sözlərinə görə, Rusiyadakı durğunluq və neftin dünya bazarı qiymətindəki kəskin azalmalar davam edərsə Bakının mənzil bazarında qiymət azalmalarının olacağını proqnozlaşdırmaq çətin olmaz.
Ekspert onu da əlavə edib ki, neftin dünya bazarı qiymətində azalmalar davam edərsə bu əmlak bazarında tələbatın azalmasına və qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Neftin dünya bazarı qiymətində azalmalar davam edərsə bu əmlak bazarında tələbatın azalmasına və qiymətlərin aşağı düşməsinə səbəb olacaq. Neft ölkəsi olan Azərbaycanda dövriyyədə olan pulun həcmi eyni zamanda qara qızılın dünya bazarı qiyməti ilə sıx bağlıdır. İxracımızın 94 faizinin neft və neft məhsullarından ibarət olduğunu nəzərə alsaq bu zaman enerji sektorunun digər sferalar ilə əlaqəsini müəyyənləşdirmək çətin olmaz.
Dünya bazarında neftin qiymət azalmaları büdcədən müdafiə olunmayan bir sıra xərclərə sekvest tətbiq edilməsinə gətirib çıxara bilər ki, bu da eyni zamanda özəl xərcləmələrə təsir göstərəcək. Digər tərəfdən, psixoloji olaraq strateji məhsulların dünya bazarında qiymət aşağı düşən zaman əmlaka olan tələbatın azalması müşahidə edilir. Eyni zamanda neftin dünya bazarı qiymətinin kəskin azalması bəzən və təəssüf ki, adətən qlobal böhranlara işarə kimi yozulur.
Ekspert qeyd edir ki, Bakının mənzil bazarındakı qiymətlər artıq tavana dirəndiyi üçün yeni qiymət yüksəlişləri üçün real zəmin yoxdur.
V.Bayramov həmçinin “Sovetski”də aparılan tikinti işləri zamanı həmin ərazidən köçən əhalinin daşınmaz əmlak bazarında qiymət artımını yaradacağını düşünmür:
“Paytaxtda infrastrukturun genişləndirilməsi ilə bağlı aparılan söküntülər mənzil bazarında böyük həcmdə vəsaitin daxil olmasına gətirib çıxarmır. Kompensasiyaların böyük qismi Bakıətrafı qəsəbələrində evlərin və ya torpaqların alınmasına yönəldilir. Digər tərəfdən, bu pullar daha çox təkrar mənzil bazarında tələbə təsir göstərir”.
Son 2 ildə paytaxtın mənzil bazarında müşahidə edilən qiymət artımları Bakını regionun ən bahalı şəhərlərindən birinə çevirib. Bu isə, mənzil bazarında psixoloji təzyiq formalaşdırıb.
MBA Consalting şirkətinin rəhbəri Nüsrət İbrahimov isə düşünür ki, qiymətlər stabilləşsə də, azalmağa meyillidir.
“Bu, həm aktivlərin, həm də alqı-satqıların və pul kütləsinin həcminin azalmasında özünü göstərir. Rusiyada baş verən hadisələr, neft birjalarında qiymətin aşağı düşməsi - bu hadisələr daşınmaz əmlakın qiymətlərinə təsirsiz ötüşmür”.
Vəziyyət bu şəkildə davam etsə, 2015-ci ilin birinci rübünün sonuna qədər qiymətlərin düşməsi qaçılmaz olacaq.
Azərbaycanın daşınmaz əmlak alqı-satqısı üzrə ən böyük layihəsi olan Bina.Az-ın rəhbəri Güllər Paşayeva:
“Qiymətlərin ucuzlaşması hələ ki qeyd edilməyib, amma evlərin sökülməsi geniş vüsət aldığı üçün mənzilləri söküləcək insanlar ikinci yaşayış yeri və ya qəsəbələrdə torpaq sahələri alırlar. Hal-hazırda ilin əvvəli ilə müqayisədə qiymətin artmasını müşahidə edə bilərik. Ən populyar məkan – Yasamal rayonudur, burada digər rayonlarla müqayisədə qiymətlər nisbətən ucuzdur.
Ən bahalı məkanlar isə əvvəl də olduğu kimi Səbail, Nəsimi və Nərimanov rayonlarıdır. Burada qiymətlər 150.000-dən başlayır”.