İqtisadiyyat (14-10-2014, 19:29)
2015-ci ilin büdcə analizi- Müsbət və mənfi məqamlar
2015-ci il büdcə rəqəmləri açıqlanıb. İqtisadçı ekspert Natiq Cəfərli yeni büdcə layihəsini təhlil edib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, N.Cəfərli bildirib ki, Maliyyə Nazirliyinin son illərdə büdcə layihəsini açıq şəkildə dərc etməsi çox təqdirəlayıq addımdır: “Bu imkan verir ki, büdcə parametrləri ilə yaxından tanış olaq və öz fikirlərimizi bölüşək. Bu fikirləri nəzərə alıb-almamaqları, daha bizlik deyil.
2015-ci ilin büdcə layihəsinin genəl dəyərləndirməsi odur ki, hökumətimiz xroniki problemlərin həllini düşünmür. Yəni, büdcə proqnozları indiki şəraitdə, ən azı, 3 ssenaridə hazırlanmalı və təqdim olunmalıdır: Optimist, Real və Pessemist. Təəssüf ki, hökumət bildiyi, illərdir rahat yol getdiyi izdən gedir, təhlükələri tam qiymətləndirmir.
Pozitiv addımlar və yanaşmalar (ən azı, kağız üzərində, layihədə olanlar):
1) Neftin baza qiymətinin 90 dollara endirilməsi pozitiv addımdır, bunun da təhlükəli yanları var, daha konservativ yanaşma lazım idi, amma, 2014-ə görə baza qiymətinin endirilərək büdcənin hesablanması düzgün addımdır,
2) Büdcə gəlirlərində az da olsa artım var,
3) Büdcə gəlirlərində neft-qaz sektorunun payı 0,7% azalıb, əlbəttə ki, çox kiçik rəqəmdir, amma, hər halda pozitiv gəlişmədir,
4) Büdcə gəlirləri 2014-ə nisbətən 1,054 mln. manat, yəni, 5,7% artımı gözlənilir,
5) Büdcə kəsiri cüzi olaraq azalır, 2014-ə görə cəmi 170 mil az hesablanıb.
Neqativ, təhlükəli məsələlər:
1) 2015-ci ilin büdcə gəlirləri 19.438 mln. manat proqnozlaşdırılıb. Neft Fondundan birbaşa transfert – 10.388 mln. manat, yəni büdcə gəlirlərinin 53,4%-i. Amma bu hələ son deyil, vergi gəlirləri 7.112 mln. manat nəzərdə tutulur ki, bunun da 2.300 mln. manatı birbaşa neft sektorundan olacaq, yəni, kənar təsirləri və mutiplikator effektini nəzərə almasaq büdcənin BİRBAŞA neftdən asılılığı 12.680 mil. manat olacaq. Bir sözlə, 19.438 mil. büdcənin 12.680 mil manatı neft-qazdır, yerdə qalır 6.758 min manat, yəni, 9,5 milyon vətəndaşı olan bir ölkə, real olaraq il ərzində büdcəyə 6.758 mil manat vəsait gətirəcək, bunun da “amma”sı var,
2) Amması odur ki, 6.758 milyon manatlıq geridə qalan vəsaitin 1.590 mln. manatını gömrük rüsumları təşkil edəcək, qalır 5.168 mil manat, bu vəsaitin içində DOLAYISI ilə, mutiplikator effektinə görə neftin payı da kifayət qədər yüksəkdir,
3) 2015-ci ildə 6.930 mln. manat dövlət investisiyaları nəzərdə tutulub, bu vəsait də, neftən gəlirə görə ayrılıb (yəni, neft olmasa, bu xərclər də olmaz) və bu layihələrin icrasında yaranan vergi yükü və büdcəyə köçürmələr, ən azı 15-20% civarında olmalıdı, yəni, təqribən, 1.300 mln. manat bu layihələrdən geri, vergi şəklində dönəcək. Bu da, elə dolayısı ilə neftdən gələn gəlirdir,
4) Fiziki şəxslərin gəlir vergisi 982 milyon manat olacaq, burada da əsas yeri büdcədən maliyyələşən işçilərdən tutulan vergilər tutur. Yəni, neftdən pul bedcəyə gəlir, oradan maaş verilir, təzədən 14%-i (böyük hissəsi məhz 14%-ə düşür) büdcəyə qaytarılır,
5) Vergi daxilolmalarının 512 milyon manat (cəmi!!!) artacağı proqnozlaşdırılsa da, bunun nəyin hesabına olacağı tam aydın deyil,
6) Elmə ayrılan vəsait 2015-ci ildə 3% azalacaq.
Neqativləri daha da uzatmaq olardı, amma, görünən odur ki, neft-qaz sektorundan asılılıq həm büdcədə, həm da xarici ticarətdə öz əzici üstünlüyünü saxlayır. Bundan əlavə, hər şey neftin qiymətindən asılı olacaq, əgər 2015-ci il üçün ortalama qiymət 90 dollardan aşağı olsa, büdcə parametrlərinın tutdurmaq mümkün olmayacaq. Hər halda, dekabr ayında Neft Fondunun büdcəsi təsdiq olunanda görəcəyik ki, Fondun 2015-də xərcləri gəlirlərindən xeyli artıq olacaq, yəni, hökumət məcburən Neft Fondunun yığılmış vəsaitindən istifadə etməli olacaq, bu isə, gələcək nəsillərin payına müdaxilə anlamına gələcək”.
Ekspert ölkəyə dəyə biləcək ciddi ziyanlarla bağlı xəbərdarlıq edib: “Bir sözlə, çox unikal məqamdır, hökumət düşünərək xroniki problemlərin köklü islahatlar yolu ilə həllinin başlamasına ümid edirəm, yoxsa, problemlər metastaz verərək ölkəmizə ciddi ziyanlar verəcək”.
İqtisadçı ekspert Rövşən Ağayev isə öz analizi ilə N.Cəfərliyinin təhlillərinə əlavə edib: “Natiq Cəfərli neftin qiymətinin 90 dollardan götürülməsini pozitiv addım sayır: “Amma məsələ qiymətin hansı səviyyədən götürülməsi ilə bitmir. Büdcə gəlirlərinin proqnozlaşdırılması həmin 90 dollar əsasında aparılmayıb axı. 2014-də 100 dollardan götürmüşdülər və 43 milyon ton xam neft hasilatı çərçivəsində dövlət büdcəsinə 12.5 milyard manat neft gəliri proqnozlaşdırıblar. 2015-də neftin qiyməti 90 dollar götürülüb amma yenə də 43 milyon ton proqnozlaşdırılan xam neft hasilatı çərçivəsində dövlət büdcəsinə13 milyard manat neft gəliri proqnozlaşdırır. Bu o anlama gəlir ki, büdcə hesablamaları məqsədilə neftin baza qiyməti göstəricisi indilikdə formal xarakter daşıyır və büdcə hesablamaları tamam başqa göstəricilər əsasında aparılıb.
Mən sizi əmin edirəm ki, hökumət neftin qiyməti düşməzdən öncə - avqustun sonlarında hansı büdcə göstəricilərini hazırlamışdısa, oktyabrda parlamentə də həmin büdcəni təqdim edib. Sadəcə 90 dollar rəqəmini ona görə elan edb ki, siz, mən və başqa təhlil aparanlar hökumətin dünyada gedən prosesləri izlədiyini pozitiv məqam kimi qeyd edək”.
Ekspert Qubad İbadoğlu da 2015-ci ilin büdcəsinin açıqlanan parametrləri ilə tanış olduqdan sonra öz fikirlərini açıqlayıb: “Hökümətin hələ də aydın və sabit fiskal siyasəti yoxdur və bu hakimiyyət hələ də iştahla neft gəlirlərini "yemək"lə məşğuldur. Belə ki, ötən ilin büdcəsi təsdiq olunan zaman açıqlanan orta müddətli makroiqtisadi proqnozlara görə, növbəti 3 ildə büdcə xərclərinin hər il orta hesabla 2,36 faiz azaldılması nəzərdə tutulurdu, lakin, ona əməl olunmayaraq gələn il üçün proqnozlaşdırılan büdcə xərcləri bu illə müqayisədə 5,2 faiz artırılıb.
Bunu şərtləndirən başlıca dəyişiklik tikintiyə yönələcək xərclərin gələn il bu illə müqayisədə 670 milyon manat artırılması olub. Kurs dəyişikliyini təsdiq edən digər fakt isə Dövlət Neft Fondundan transferlərin bu il əvvəlki illə müqayisəd 17 faizdən çox azaldılmasına baxmayaraq, gələn il bu ilə nisbətən 11,4 faiz artırılmasıdır. Bunlar əsasən 2 səbəbdən baş verir:
1-i invesisiya büdcəsinin səmərəliliyinin aşağı olmasına görə onun ildən ilə artırılmasına baxmayaraq, infrastruktur problemlərinin həll edilə bilməməsi,
2-si isə qeyri-neft sektorunun vergi potensialından istifadə səviyyəsinin aşağı olması, xüsusilə də siyasi hakimiyyətin nəzarətində olan iri vergi ödəyicilərinin vergidən kütləvi yayınması. Digər tərəfdən də növbəti ilin büdcə parametrlərinin qiymətləndirilməsi göstərir ki, hökümət yenə də zəruri fiskal qaydalar yaratmadan və hətta olanlara əməl etmədən neft gəlirlərinin sürətli xərclənməsi siyasətini davam etdirmək əzmindədir. Xüsusilə də yığıma gedən vəsaitin azaldılmasına gətirib çıxaran bu siyasət gəlirlərin nəsillərarası ədalətli bölüşdürülməsi ilə bağlı hökümətin strategiyasına ziddir”.