Mədəniyyyət (4-03-2014, 15:37)
Neft Fondunun gəliri niyə azalır?
İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Qubad İbadoğlu “Media forum” saytına açıqlamasında Dövlət Neft Fondunun gəlirlərinin azalmasından danışıb.
O deyib ki, fond ötən il 2012-ci illə müqayisədə aktivlərin idarə olunmasından 63,6 milyon manat az gəlir əldə edib: “2012-ci ildə Neft Fondu vəsaitlərin idarə edilməsindən 543,6 milyon manat qazanmışdı. Baxmayaraq ki, 2012-ci illə müqayisədə fondun aktivləri 1,6 milyard manat, qızıl ehtiyatları isə 15 ton 241 kiloqram artıb. 1 yanvar 2014-cü ilə fondun aldığı qızılın miqdarı 30 ton 175 kiloqram təşkil edir.
Bəs nədən Dövlət Neft Fondu ötən il 2012-ci illə müqayisədə aktivlərin idarə edilməsindən az qazanıb? Səbəb nədir: pis idarəçilik, yoxsa maliyyə bazarlarındakı həssaslıq?
Son 6 ildə Azərbaycan neft satışı və eyni zamanda neft gəlirlərinin idarə olunmasından ildə orta hesabla 12,67 milyard manat qazanıb. Ötən il üçün qazancın həcmi 13,6 milyard manat olub ki, onun 13,1 milyard manatını mənfəət neftinin satışından daxilolmalar, 480 milyon manatını isə fondun aktivlərinin idarə olunmasından gəlirlər təşkil edib.
Ən pisi odur ki, bir tərəfdən mənfəət neftinin satışından gəlirlər azalır, digər tərəfdən aktivlərin idarə olunmasından qazancımız. Əslində birinci bizdən asılı olmayan səbəblərdən baş verir, amma ikinci bizim idarəçiliyimizdən asılıdır.
Gəlirin azalmasına birinci səbəbi odur ki, ötən il qızıla qoyulan sərmayələrdən qazanc deyil, ziyan əldə etmişik. İl ərzində 15 ton 241 kiloqram qızıl almışıq, dünya bazarında qızılın orta qiyməti isə 2012-ci ilə müqayisədə 15,4 faiz aşağı düşüb. Hazırda qiymət azalması davam edir. Qızılın 1 unsiyası 1350 dollardır. Türkiyə lirəsinə və rus rubluna qoyulan sərmayələr də həmin ölkələrdə devalvasiya səbəbindən qazanc vermədi.
Daşınmaz əmlaka qoyulan sərmayələrdən detallı məlumat yoxdur, ona görə də bu sahədən nə qədər qazanc və ya zərər əldə edilməsini qiymətləndirə bilmirik. Məsələn, Moskvada, Parisdə, Londonda, Lüksemburqda, Cersi adalarında alınan əmlakların icarəyə verilməsindən nə qədər vəsait daxil olduğu açıqlanmır, bu sahədə şəffaflıq yoxdur.
Maliyyə aktivlərinə gəlincə, onun yarısı xarici dövlətlərin qiymətli kağızlarına, yerdə qalan yarısı isə korporativ borc kağızlarına və maliyyə institutlarının qiymətli kağızlarına qoyulub ki, onlardan da cüzi qazanc alınır”.