Dünya (11-09-2014, 20:04)
Türkiyə ən bahalı qazı İrandan alır
Taner Yıldız: “Şahdəniz-2” yatağından çıxarılacaq qaz Azərbaycandan başlayaraq, İsveçrəyə qədər nəql ediləcək»
Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatlarla yeni hökumət arasında görüş keçirilib. «Milliyyət»in yazdığına görə, görüşdə “Türkiyə-Azərbaycan Trans- Anadolu Təbii Qaz Kəməri Sistemi Haqqında Müqaviləyə dəyişikliyin edilməsi ilə bağlı” qanun layihəsinin müzakirəsi aparılıb.
Müzakirədə çıxış edən Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, müqavilədən irəli gələn bəzi məsələlərlə bağlı açıqlama verib. Nazir açıqlamasında, Azərbaycanla Türkiyə arasında həyata keçirilən enerji layihələri ilə bağlı ortaya çıxan qaranlıq məqamlara da aydınlıq gətirib və Türkiyənin ən bahalı qazı Azərbaycandan almadığını deyib: “Türkiyənin aldığı ən bahalı mavi yanacaq Azərbaycan qazı deyil, İran qazıdır. Çünki İranda istehsal olunan qaz çox bahalıdır”.
T.Yıldız, çıxışında rəsmi Ankaranın həyata keçirdiyi enerji siyasətindən də danışıb və bu məsələ ilə bağlı rəsmi Tehrana bir neçə dəfə etirazlarını çatdırdıqlarını söyləyib: “İranlı tərəfdaşlarımızla keçirdiyimiz toplantılarda təbii qazın qiymətləri ilə bağlı etirazımızı və narazılığımızı bildirmişik. Ancaq qiymətlərin aşağı salınması üçün heç bir mühüm nəticə əldə olunmayıb. Buna görə də biz İrana qarşı beynəlxalq mülki qaydalardan istifadə etməyə məcbur olmuşuq”.
“Sentyabrın 20-də Bakıda Cənubi Qafqaz Boru Xətti adlandırdığımız TANAP-ı təbii qazla təmin edəcək boru xəttinin təməli atılacaq”. «Milliyyət»in yazdığına görə, bu barədə danışan T.Yıldız ilin sonuna qədər İran və Türkiyə hökumətləri arasında təbii qazın qiyməti ilə bağlı yaranan problemin həll olunacağını da deyib.
Enerji layihələrində əməkdaşlığın mühüm məsələ olduğunu deyən T.Yıldız, Türkiyənin Azərbaycan, Rusiya Federasiyası, İran və bir qədər də Türkmənistanla bu cür layihələr həyata keçirəcəyini qeyd edib: “Suriya rejiminin yaratdığı hadisələrə görə, Misirdən gələn təbii qaz boru xəttinin Suriya vasitəsilə ölkəmizə keçməsi layihəsi üzərində də işlər görülməkdədir. Təbii ki, bu layihələrdən yararlanmaq həmin ölkələrin haqqıdır. Buna görə də bölgədə sülhün bərqərar olması üçün təbii qaz və neft layihələrini inkişaf etdirməyə cəhd edirik. TANAP da bu layihələrdən biridir”. Onun sözlərinə görə, Türkiyə təbii qaz üçün özəl və dövlət şirkətləri vasitəsi ilə “Mavi axın”dan 16 milyard kubmetrlik, “Qərb Xətti” adlandırılan Trakya vasitəsi ilə isə 14 milyard kubmetrlik müqavilələr mövcuddur: “Bu rəqəmlər İranla 10 milyard kubmetr, Azərbaycanla da 6,6 milyard kubmetrdir. Bunlar boru xətləri vasitəsilə həyata keçirilən layihələrdir. TANAP nəhəng bir layihədir. Çünki Xəzər bölgəsində yerləşən “Şahdəniz-2” yatağından hasil ediləcək təbii qazın nəqli Azərbaycandan başlayaraq, İsveçrəyə qədər davam edəcək. Bu layihənin ümumi həcmi 45 milyard ABŞ dollarıdır”.