Cəmiyyət (24-03-2021, 12:20)
Azərbaycanda ilk dəfə: bayram gəlib keçdi, amma ət bahalaşmadı, ucuzlaşdı - "TOY YOX, YAS YOX, CAMAATDA PUL DA YOX..."
Azərbaycanda son illərdə ilk dəfədir ki, Novruz bayramı ərəfəsi ətin ucuzlaşması haqda xəbərlər eşitdik. Belə ki, hazırda Bakı bazarlarında mal əti 9-11 manata, qoyun əti 9-10 manata, quzu əti 13 manata satılır. Bu, təxminən 1-1.5 manat ucuzlaşma deməkdir.
"Mediatv.az" bayramqabağı ətin ucuzlaşmasının səbəblərini araşdırmağa çalışıb. Qəssablarla, fermerlərlə və ekspertlərlə söhbətləşib. Belə qənaət ortaya çıxıb ki, pandemiya səbəbindən turizm sektorunun zəifləməsi, bir ildir toy və yas məclislərinin qadağan edilməsi, digər tərəfdən, gündəlik təlabat mallarının bahalaşması ətə təlabatı azaldıb. Halbuki pandemiyadan əvvəl yas məclislərində 150-200, hətta rayonlarda, kəndlərdə 300 kiloqramdan çox ət istifadə edilərdi. İndi isə alver zəiflədiyindən kökəltmə təsərrüfatı ilə məşğul olan fermerlərin əksəriyyəti ziyana düşüb, bordaq təsərrüfatlarında çox sayda kəsimə hazır heyvan qalıb. Mal-qara çəkidən düşməsin deyə fermerlər heyvanları ucuz satmalı olurlar.
Ətin ucuzlaşması səbəblərindən biri də ot və yemin bahalaşmasıdır. Hazırda otun bağlaması 4 manat 50 qəpik-5 manat, arpa isə 49 qəpikdən təklif edilir. Heyvan saxlaması xərc tələb etdiyindən fermerlərin əksəriyyəti mal-qaranı dəyər-dəyməzə satır.
Rayon bazarlarında da heyvan ucuzlaşıb
Xətai rayonu, Gəncə prospektində ət satışı ilə məşğul olan Çingiz Cəfərov deyir ki, heyvanları Bərdə, Beyləqan və İmişli bazarından gətirir. Qoyun əti ona diri çəkidə 4 manat 20 qəpik, dana əti 5 manat 50 qəpiyə başa gəlib.
Qəssab bildirir ki, illərdir ət kəsib satmaqla məşğuldur, yalnız bu il bayram ərəfəsi ucuzlaşmanın şahidi olub. Amma bu dəfə də əhalinin alıcılıq qabiliyyəti azalıb: “Bayram günləri 3 qoyun, 1 dana kəsmib satmışıq. Əvvəl 5-10 kilo ət alanlar olurdu, indi maksimum 2-3 kilo ət alırlar. Daimi müştərilərim var, nisyə götürüb maaş alanda ödəyirlər”.
Ç.Cəfərov qeyd edir ki, ətin qiymətinin 9.50 qəpik-10 manata düşməsi sərfəlidir, çünki alver gedir, nəticədə qazancları da olur: “Heyvanın içalatı da qalır, quzu içalatın 8 manata satırıq, müştəri də çoxdur. Hələ üstəlik dərisini qapıdan götürürlər”.
Suraxanı rayonu, Hövsan qəsəbəsində fəaliyyət göstərən qəssablar isə deyiblər ki, rayon bazarlarında mal-qara ucuzlaşsa da, az çəkili heyvanlar alırlar, ona görə ki, xərci borcunu ödəsin. “Bayramdır, ətə təlabat artıb, amma yenə də ötən illərə baxanda alver zəifdir. Yeni ildən bu yana elə gün olurdu ki, ancaq yer puluna işləyirdik. İndi qiymət enib, ucuz olanda ət də alınır. Heyvan satışa çıxaranlar da çoxdur, hamı çalışır ki, münasib qiymətə versin ki, alver olsun”-satıcılardan biri bildirib.
“Bayramdan sonra da bahalaşma olmayacaq...”
Binəqədi rayonu, Sulutəpə qəsəbəsində ət kəsim məntəqələrində dana əti 8-10 manata, inək əti 7 manat 50 qəpiyə, yaşlı qoyun əti 8 manata satılır. Qəssablardan biri deyib ki, heyvanları Salyan, Ağcabədi və Ağdamdan gətirib. Bayramdan sonra da ətin bahalaşması gözlənmir, çünki bolluqdur. “Hamı bayramı gözləyirdi ki, əlindəki heyvanları sata bilsin. Marketlərdə ət bahadır, amma biz özümüz gətiririrk, həkim nəzarətindən də keçirilir. Hər kiloda 2-3 manat qalanda bizə sərf edir”,-qəssablardan biri deyir.
Mal və qoyun ətindən fərqli olaraq quzu ətində ciddi ucuzlaşma yoxdur. Qəssablar deyirlər ki, quzu əti rayon bazarlarında da ucuzlaşmayıb: “Əsas ucuzlaşma mal ətindədir. Amma heç kim deyə bilməz ki, kiloqramı 7-8 manat 50 qəpiyə satılan ət yaşlı heyvandır, yaxud at ətidir. Hardadır bu qədər at? Sadəcə, ətin qiyməti elə 10 manata yaxındır, əlavə xərclərə görə 13-14 manata satılırdı”.
Fermer: “Otun bağlamasını 5 manata alıram”
Beyləqanlı fermer Hacı Əliyev isə deyir ki, pandemiyadan əvvəl satışa çıxarılan hər heyvanda çəkisindən asılı olaraq 200-300 manat qazanc götürürdüsə, indi uzağı 100-150 manat qalır. Yəni gəliri ikiqat azalıb. Toy və yas məclislərinin qadağan edilməsi alveri zəiflədib.
“Hazırda 16 danam var. Bizim bölgədə otun bağlaması 6 manatdır, Şamaxı tərəfdə bir az ucuzdur. Mən Şamaxıdan 5 manatdan aldım. Nəzərə alın ki, 1 heyvan günə bir bağlama yeyir. Heyvan saxlanılmasında əsas xərc yemə çıxır. Yem ucuzlaşanda qiymət də düşür. Pandemiyadan əvvəl toy, yas üçün çəkili heyvan alırdılar. İndi qəssablar azçəkili heyvan axtarırlar. Malın çəkisi artdıqca, qiyməti də düşür”,-fermer deyir.
Fermer hesab edir ki, növbəti aylarda da ət bahalaşmayacaq. Ancaq yas və toy məclislərinə icazə veriləndən sonra vəziyyət düzələcək, ət bazarı canlanacaq. Hələlik isə pandemiyanın tez bir zamanda bitməsini arzulamaqdan başqa əlacları yoxdur...
Qəssab Həsən isə deyir ki...
Bakının Ramanı qəsəbəsində xırda ət dükanı işlədən qəssab Həsən də deyir ki, əhalinin alıcılıq qabiliyyəti azalıb və nəticədə onun alveri də ciddi zəifləyib. Amma o, dana ətinin kəskin ucuzlaşdığı haqda söz-söhbətlərə inanmamağı məsləhət görür. “Yaxşı heyvan yenə bahadır, bax bu 110 kiloluq dananı Şəmkir tərəfdən dünən gətirmişəm, ətin bir kilosunun mayası 9 manat 50 qəpiyə başa gəlib. Mən bu əti necə 8 manata sata bilərəm? Bəli, bu tərəflərdə bəzi qəssablar vardı, bir-birləri ilə rəqabətə girib oyun qurmuşdular, əti 8 manata endirmişdilər. Amma yığışıb getdik, dedik belə oyun qurub camaatı aldatmaq lazım deyil”,-o deyir.
Ekspertlər isə belə hesab edirlər ki, mal və qoyun ətinin indiki nisbi ucuzlaşması müvəqqəti ola bilər. Çünki kiçik və orta fermerlər əllərindəki heyvanları dəyər-dəyməzə satandan sonra bazarda diri heyvan azalacaq, bu da qiymətin yenidən qalxmasına səbəb olacaq. Çünki yemin bahalaşması ətin maya dəyərini artırır və belə vəziyyətdə ucuzlaşma üçün iqtisadi əsaslar yetərli olmur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024