Cəmiyyət (15-03-2021, 19:00)
İstehlakçı hüquqları necə qorunur? - “Məhkəmələr də bununla bağlı heç bir iş görmürlər”
İnsan hüquqları spektrində əsas hüquqlardan biri istehlakçıların hüquqlarıdır.
İstehlakçıların hüquqlarının qorunması dünyada ən aktual məsələlərdən biri hesab edilir. Məhsulların istehsalı və satışı, xidmətlərin göstərilməsi sahələrində keyfiyyətlə bağlı problemlər hər bir ölkəni narahat edir. Bu problemlərdən ən çox əziyyət çəkən isə istehlakçılardır. Keyfiyyət sahəsində yaranmış bu kimi məsələlərin həllinin vacibliyini və istehlakçıların narazılıqlarını ölkə qarşısında vacib bir problem kimi qəbul edən ABŞ Prezidenti Con Kennedi 1962-ci il martın 15-də Konqresdə çıxış edərək bu günü Dünya İstehlakçılar Günü elan edib.
"İstehlakçılar biz hamımızıq. İstehlakçılar böyük iqtisadi gücdür və demək olar ki, istənilən özəl və dövlət iqtisadiyyatında həlledici rol oynayırlar"- Kennedi belə deyib. İstehlakçıların Hüquqlarının Müdafiə Günü ilk dəfə 1983-cü il martın 15-də qeyd olunub. Ölkəmizdə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində hüquqi bazanın əsasını 1995-ci il sentyabrın 19-da qəbul edilmiş "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlar təşkil edir.
Bu qanunla vətəndaşların istehlakçılıq hüququ qorunur, eyni zamanda, ticarət təşkilatlarının və xidmətlə məşğul olan sistemin hüquq və vəzifələri müəyyənləşdirilir. Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il 25 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılıb.
Yeni qurumun qarşısında inhisarçılığın qarşısının alınması, haqsız rəqabətlə mübarizənin gücləndirilməsi və istehlakçıların hüquqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələr qoyulub. Azərbaycanda ən çox hüquqları pozulan istehlakçılardır ki, bir çox hallarda onların hüquqlarının bərpası da qeyri- mümkün olur.
Digər tərəfdən, istehlakçı hüquqlarının pozulamsı ilə bağlı məhkəməyə şikayət edəndən sonra, başlanan süründürməçilik prosesi vətəndaşa sərf etmir.
Ona görə də, istehlakçı hüquqlarının pozulması halları hər keçən gün daha da artır.
Maraqlıdır, hazırda Azərbaycanda istehlakçı hüquqları necə qorunur? İstehlakçı hüquqlarının pozulmasının qarşısını almaq üçün hansı tədbirlər görülür?
“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov "Mediatv.az"-a açıqlamasında Azərbaycanda istehlakçıların hüquqlarının necə qorunmasından danışıb:
“1995-ci ildə Azərbaycanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun qəbul olundu. Azərbaycan o zaman, artıq BMT-nin “İstehlakçıların Hüquqlarının Müdafiəsinə dair rəhbər prinsiplər” sənədinə qoşulmuşdu. Həmin sənəd əsasında qanun qəbul olundu. Qeyd edim ki, Azərbaycanda qəbul olunan bu qanun MDB məkanında istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qəbul olunan ilk qanunlardan biridir. 1997-ci ildə biz həmfikirlərimizlə birgə Azad İstehlakçılar Birliyini (İndi “Azad İstehlakçılar” İctimai Birliyi-müəll.) təsis etdik. 1998-ci ildə Azad İstehlakçılar Birliyi Beynəlxalq İstehlakçılar təşkilatının (Comsumers İnternational) üzvü oldu. Hazırda biz dünyanın 123 ölkəsi ilə əlaqə saxlayırıq və doğma Azərbaycanımızı hər ildən bir keçirilən dünya konqreslərində təmsil edirik. Adını çəkdiyim qanun layihəsi qəbul olunandan sonra, 2009-cu ildə hökumət İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini yaratdı. Lakin təəssüflər olsun ki, həmin qurum İqtisadiyyat Nazirliyinin tərkibində olduğu üçün illər uzunu effektiv işlədi. İstehlakçı Hüquqlarının qorunması ilə Biznes qurumun bir arada olması düz gəlmir.
Ona görə, həmin qurumun müstəqil olması üçün müraciətlər etdik. Lakin bu mümkün olmadı. Ən nəhayət, 2018-ci ildə həmin qurumun adı bir az da dəyişdirilərək, Antiinhisar və Bazara Nəzarət adlı dövlət qurumuna çevrildi. Biz hökumətin bu birtərəfli siyasəti ilə razılaşa bilmədik. Nəticədə istehlakçıların hüquqları ilə bağlı qanunda 7 dəfə dəyişiklik edildi və hamısında istehlakçıların hüquqlarını məhdudlaşdıran maddələr əlavə olundu, yaxud əhəmiyyətli maddələr çıxarıldı. Çox təəssüflər olsun ki, Azərbaycan hökuməti əksər hallarda biznesqurumun lobbiçiliyini aparır və istehlakçıların hüquqları arxa plana keçir. Ordunu da, dövləti də, biznesi də saxlayan istehlakçılardır. Necə ki, Con Kennedi 15 mart 1962-ci ildə konqresin açılışındakı çıxışında demişdir: “Biz istehlakçıların və bizim səsimiz ən ali dövlət orqanlarında eşidilməlidir”. Hansı dövlətdə istehlakçı hüquqları önə çıxarılırsa, hansı ölkədə biznesqurum istehlakçını özünün şəriki hesab edirsə və düşünürsə ki, istehlakçı bazarın şahıdır, həmin ölkə bazar iqtisadiyyatının ən inkişaf etmiş ölkəsinə çevrilir”.
Ekspert hesab edir ki, hələ Azərbaycanda buna nail olunmayıb:
“Təəssüf ki, Azərbaycanda biz hələ buna nail ola bilməmişik. Azərbaycanda biznes qurumları üçün kifayət qədər şərait yaradılıb. Lakin biznes qurumlar bundan istifadə edib, istehlakçı hüquqlarını pozurlar. Əksər hallarda bizə gələn şikayətlərin 20 fazini dövlət qurumlarına göndəririk, onlar da məhkəmələrə ünvanlayırlar. Beləliklə, istehlakçı hüquqlarının məhkəmələrdə təmin olunması, istehlakçı hüququnu qoruyan dövlət orqanının və biznes qurumun şirin arzusuna çevrilib. Onlar istəyirlər ki, istehlakçı hüquqlarının pozulması ilə bağlı işlər məhkəmələrə getsin. Təəssüflər olsun ki, məhkəmələr də bununla bağlı heç bir iş görmürlər. Bəzi məsələlər var ki, bunlarda istehlakçı hüquqlarının qorunmasının Avropadan və Amerikadan da üstün cəhətləri var. Məsələn, ABŞ vətəndaşları təzə ərzaq almaq imkanından məhrumdurlar. Çünki orada istehlak məhsulları üzərində buraxılma tarixi yazılmır. Bizdə isə hər iki tarix yazılır. Bu çox yaxşı bir cəhətdir. Bəzi Avropa ölkələrində bazar iqtisadiyyatı o qədər liberallaşıb ki, dövlət orqanları ümumiyyətlə işlərə qarışmır. Bazar istehlakçı ilə satıcının öhdəsinə buraxılır. Əgər istehlakçı aldadılarsa, məhkəməyə şikayət etmək hüququ var. Lakin orada məhkəmələr bizdəki kimi deyil, istehlakçı hüquqlarına çox ciddi yanaşırlar və istehlakçılar öz hüquqlarını asanlıqla bərpa edirlər”.
E.Hüseynov istehlakçı hüquqlarını ən çox pozan şirkətlərin adlarını da çəkib:
“Azərbaycanda istehlakçı hüquqlarının pozulma sektoru ildən-ilə dəyişir. Son 4 ildə istehlakçı hüquqları ən çox mürəkkəb texniki cihazlar, xüsusən, mobil telefonlarla bağlı pozulur. İstehlakçı hüquqlarını ən çox pozan təchizatçı şirkətlərin önündə “Kontakt Home”, “Baku Elektroniks”, “İrşad Telekom” gedir. Bugün bizə “Optimal”dan və digər ticarət şirkətlərindən də şikayət gəlir. Bu şirkətlərin əksəriyyəti istehlakçını gülər üzlə qəbul edirlər. Mallarını satdıqdan sonra isə, istehlakçı öz dərdini deməyə adam tapmır. İstehlakçı hüquqları ən çox saxta və işlədilmiş məhsulların satılması ilə bağlı pozulur. Bu problemi həll etmək üçün biz İqtisadiyyat Nazirliyinin müvafiq qurumu ilə danışıqlar aparırıq. Çox müsbət haldır ki, 2018-ci ildə Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Biz həmin qurumun da effektli işləməsinə nail olmaq üçün ictimai nəzarət prosesini həyata keçiririk. Təəssüf ki, orada da problemlər mövcuddur. Biz hələ də küçədə ət kəsimini yığışdıra bilmirik. Hələ də məhsulların milli dildə markalanmasına nail ola bilməmişik. Eyni zamanda müştəri məmnuniyyəti olmayan malların geri qaytarılmasına nail ola bilməmişik”.
AİİB sədri hesab edir ki, istehlakçı hüquqlarının pozulmasının bir qismi də qanundakı boşluqlardan irəli gəlir:
“Nazirlər Kabinetinin müvafiq qərarında bir sıra məhsullar qaytarılmayan mallar siyahısındadır. Bu siyahıda qanunu olub, məntiqi olmayan, məntiqi olub, qanunu olmayan, ya da nə qanunu nə də məntiqi olan amillər var. Məsələn, qızıl məmulatları qaytarılmır. Aldınsa bitdi. Amma kitab qaytarılan məhsullar siyahısındadır. Əgər hər ikisi istehlak məhsuludursa, məntiq bunun harasındadır? Nəyə görə, kitab qaytarıla bilər, qızıl yox? Düşünürəm ki, bu barədə qanunlar obyektiv olmalıdır. Hazırda Azərbaycanda istehlakçı hüquqlarının pozulması tez- tez rastlanan hadisədir. Biz istehlakçıların hüquqlarını pozan şirkətlərin səmərəli işləməsinə və onlarla sıx əməkdaşlığa nail ola bilməmişik. Lakin “Azad İstehlakçılar” İctimai Birliyinə gələn şikayətlərin 80 faizi telefon zəngləri vasitəsi ilə həll edilir. Yerdə qalan digər şikayətləri də müvafiq qurumlara ünvanlayırıq. Bugünlərdə gələn daha bir şikayət isə yeni tikilən binalarda böyük istehlakçı problemlərinin yaşanmasıdır. MTK-ya 130 min manat ödəmiş istehlakçıyan saxta mədaxil orderi veriblər.
Bu MTK-larda geniş yayılmış problemdir. Mən həmin şikayəti İqtisadiyyat naziri Mikayıl Cabbarova göndərdim. Biz istehlakçı hüquqlarını pozan biznes qurumların açıq cərimələr qoyulmasını görə bilmirik. Təhsil və tibb sahəsində də mövcud problemlər var. Azərbaycan həkimlərinin keyfiyyətsiz xidmət göstərməsinə görə, vətəndaşa dəyən zərərin ödənilməsi müşkül məsələdir. Hətta insanlar dünyasını dəyişir, amma yanlış müalicəyə görə, dəyən zərər ödənilmir. Bu qanundakı boşluqlardan irəli gəlir. Biz çalışırıq ki, pasiyentlərin hüquqlarının qorunması haqqında qanun qəbul olsun. Bəlkə ondan sonra həkimlər özlərinin maddi və inzibati məsuliyyətlərini hiss edərlər”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024