Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-02-2021, 10:36)
Piştaxta önündə dilsiz vətəndaş - Qanuna da, istehlakçıya da hörmətsizlik

Piştaxta önündə dilsiz vətəndaş
Ölkəmizdəki marketlərin rəflərində elə məhsullar var ki, üzərində Azərbaycan dilində hansısa məlumat tapa bilmirsən. Xarici ölkələrdən gətirilən həmin məhsulların tərkibini, istifadə qaydasını bilmək üçün ya rus, ya da ingilis dilini bilməyin şərt olur. Əks halda satıcının ümidinə qalırsan. Satıcı da məhsul haqqında məlumatlıdırsa, bəxtin gətirdi, yox, məlumatsızdır və üstəlik də dil bilgisi yoxdursa, götürdüyün məhsulu məcbursan ki, rəfə geri qoyasan. Beləcə əlavə vaxt itirmiş, həmçinin də seçim məhdudiyyəti yaşamış olursan.

Mövcud problemi "Mediatv.az"-a şərh edən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycan əmtəə bazarında azərbaycanca markalanmamış kifayət qədər məhsul var və bu, istehlakçı hüquqlarının pozulmasıdır: ““İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunda, Nazirlər Kabinetinin 94 saylı qərarında, eləcə də “Dövlət dili haqqında” Qanunda birmənalı şəkildə qeyd olunur ki, ölkənin əmtəə bazarında satılan bütün mallar xarici dillə yanaşı, mütləq Azərbaycan dilində markalanmalıdır. Bu, ucuz vətənpərvərlik deyil, istehlakçının mal haqqında informasiya almaq kimi beynəlxalq hüququnun bir hissəsidir. İstehlakçının hüququ var ki, mal haqqında müfəssəl, doğru informasiya alsın. Hətta, ərzaq malları insanların gündəlik tələbatları olduğu halda (“Yeyinti məhsulları haqqında” Qanunda da bu, öz əksini tapır), bəzi marketlərdə onların da üzərində Azərbaycan dilinə tərcümə olunmuş yarlıq tapa bilmirik”.

“Azərbaycanın əmtəə bazarında olan texniki mallarda, o cümlədən avtomobillərin pasportlarında və s. azərbaycanca məlumat yoxdur. Bu hal istehlakçıların hüquqlarının pozulması kimi şərh olunur. Bununla bağlı ciddi problem yaşanır. Ümumilikdə götürsək, görərik ki, satılan texniki mallar da daxil olmaqla, Azərbaycan bazarında olan malların 50%-dən çoxunun üzərində azərbaycanca informasiya yoxdur. Bu, dövlətin qanunlarının, istehlakçı hüquqlarının pozulmasıdır”, - deyə həmsöhbətimiz bildirib.

Hüseynov sözügedən problemin qonşu ölkələrdə öz həllini tapdığına diqqət çəkib: “Bəzən bizə şikayətlər gəlir ki, ölkədə erməni dilində marakalanmış mal var, lakin Azərbaycan dilində yoxdur. Bu, erməni məhsuludur, yoxsa nədir? Zəif Ermənistan, Gürcüstan - bizdən çox-çox zəif olan bu qonşu ölkələr çoxdan sözügedən məsələni həll edib. Onların əmtəə bazarına öz dillərində markalanmayan ərzaq malı daxil ola bilmir, mümkün deyil, lakin inkişaf etmiş Azərbaycanda bu məsələ arxa planda qalıb. Bəli, əgər bir məhsulun üzərində xarici dillərlə yanaşı erməni dilində də məlumat varsa, bu, heç kəsi təəccübləndirməməlidir. Əgər həmin məhsulun üzərində Ermənistanda istehsal olunduğu yazılmayıbsa, bu, o demək deyil ki, həmin məhsul Ermənistanda istehsal olunub. Başqa ölkələrdən göndərirlər. Hansı ölkələrdə ki, qanunvericilik zəifdir, orada markalanma olmur, hansı ölkədə ki, ciddi tələbat var, onların da dilində markalanma edirlər. Həmin məhsul Ermənistana da gedir, Azərbaycana da gəlir”.

AİB rəhbəri daha bir məqama toxunub - içlik vərəqində Azərbaycan dilində məlumat olmayan preparatlardan və bu vəziyyətə nəzarət etməli olan qurumun fəaliyyətindən danışıb: “Eləcə də bu gün dərman preparatlarında mütləq Azərbaycan dilində informasiya olmalıdır, yoxdursa, bu, o deməkdir ki, həmin məhsul qaçaqmaldır. Çox təəssüflər olsun ki, Azərbaycanda bu məsələ həll olunmamış qalır. Bu işə nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Dövlət Nəzarət Xidməti qeyri-prinsipiallıq göstərir. Hökumətin bu sahədə səhv siyasəti var”.

“İki il öncə bu qurumun adı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti idi. İndi istehlakçıların hüquqları qalıb qıraqda, bazara nəzarət yazılıb. Yəni, çox təəssüflər olsun ki, Azərbaycan hökuməti, Azərbaycan biznes qrumları hələ istehlakçının bazarda rolunu dərk etmir. Bilmirlər ki, dövləti də, ordunu da, biznesi də saxlayan istehlakçılardır”, - müsahibimiz vurğulayıb.

“Necə ki 15 mart 1962-ci ildə ABŞ Prezidenti Con Kennedi Konqresdə çıxışı zamanı demişdi: “Biz istehlakçıyıq, bizim səsimiz ən ali dövlət orqanlarında eşidilməlidir”. Həmin gün “Ümumdünya istehlakçılar günü” kimi tarixə düşdü. Düşünürəm ki, Azərbaycan hökuməti istehlakçıların hüquqlarının qorunması istiqamətində müəyyən iş aparmalıdır. “İstehlakçıların hüquqları haqqında” Qanun 1995-ci ildə qəbul olunub. O vaxtdan bu yana qanunda 5-6 dəyişiklik edilib ki, onlar da istehlakçıların zərərinədir. Bu sahədə parodoksal məsələlər var”, - Hüseynov əlavə edib.

O, qeyd edib ki, Azad İstehlakçılar Birliyi 50 adda körpə qidasının, uşaq yeməklərinin etiketlərini tam təmannasız Azərbaycan dilinə tərcümə edib, elektron və kağız variantını distributerlərə verib: “Körpə qidaları sahəsində bu dəyişikliyi apara bilmişik. Həmin ərəfədə Azad İstehlakçılar Birliyi bir sıra firmalara çağırış etdi ki, bu işləri həll edək, lakin çox az firma dəstək verdi. Biz də bu gün mümkün olanı edirik”.

“Azərbaycanda istehsalçıların, biznes qurumlarının bir ərkəsöyün obrazı yaradılıb. Onlar öz şərtlərini nəinki sadə istehlakçılara, eyni zamanda da hökumətə diqtə edirlər. Pomidor məsələsi bunlardan biridir. Pomidor istehsalçıları özləri öz təsərrüfatlarını qorumalıdırlar, dövlət orqanının boynuna yıxmalı deyillər. Dövlət orqanı konsultasiya, kömək edə bilər və s. Lakin Azərbaycan pomidorunun xaricə çıxmasındakı baryeri görürük, sanki Qida Təhlükəsizliyi Agentliyi günahlandırılır. Əslində, həmin dövlət orqanının heç bir günahı yoxdur. Hər bir istehsalçı, hər bir plantasiya sahibi öz məhsulunu xarici bazara çıxarıb, ordan gəlir əldə etmək üçün gərək öz sahəsini ziyanvericilərdən qorusun və bu işdə də dövlət qurumları təmənnasız kömək göstərir. Çəki daşlarının yoxlanması könüllüdür, lakin bazara gedib baxaq görək, kim çəki daşlarını aparıb standartlardan keçirib? Demək olar ki, heç kim. İstehlakçı aldadılır, hökumət isə durub baxır və bunlar hamısı bazar iqtisadiyyatında istehlakçının istehsalçıya və bu işə nəzarət edən dövlət qurumlarına antireaksiyasını formalaşdırır”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.
шаблоны для dle 11.2

Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024