Cəmiyyət (31-08-2019, 12:30)
Şamaxıda Üzüm və Şərab Festivalı başladı - FOTO
Festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir. Layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.
AZƏRTAC xəbər verir ki, qonaqları şərabçılıqla bağlı al-əlvan geyimli müxtəlif personajlar qarşılayıblar.
"Şirvan şərabları" MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunan festivalın açılış mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Şamaxının hələ qədimdən poeziyanın, musiqinin vətəni olmaqla yanaşı, həm də üzümçülüyün inkişaf etdiyi bölgələrimizdən biri kimi tanındığını diqqətə çatdırıb. Qeyd edib ki, bu ənənəni uzun illərdir qoruyub saxlayan Şamaxıda həm iri müəssisələr, həm də kiçik ailə təsərrüfatları yaradılmaqdadır.
Kənd Təsərrüfatı naziri İnam Kərimov çıxış edərək festivalın Şamaxıda keçirilməsinin heç də təsadüfi olmadığını deyib. Nazir qeyd edib ki, Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla yanaşı, həm də ölkə şərabçılığının, üzüm istehsalının paytaxtı kimi tanınır. Bu gün aqrar sektorun inkişafı dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Bu cür tədbirlərin keçirilməsi aqrar sahəyə göstərilən diqqətdən irəli gəlir. Şamaxı Azərbaycanın üzümçülük sahəsində qədim və zəngin ənənələrə malikdir. Azərbaycanı dünyaya tanıdan üzüm sortları məhz Şamaxıda xalq seleksiya yolu ilə ərsəyə gəlib. Bu tədbirin keçirilməsi təkcə Şamaxı üçün deyil, bütün Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.
Festivalın açılış mərasimindən sonra təşkil olunan konsertdə tanınmış müğənnilərin, rəqs qruplarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. "Natiq" ritm qrupu, "Mirvari" rəqs qrupu, Xalq artistləri Aygün Kazımova və Samir Cəfərovun ifalarında festival üçün hazırlanmış repertuar təqdim olunub.
Sonra şərab sərgisi açılıb. Şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər. Şərab istehsalçılarının paradı təşkil olunub. Ərazidə Azərbaycanın kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil edilib.
Festivalın rəmzləri olan müxtəlif dekorasiyalar və instalyasiyalarla bəzədilən ərazidə yerli şərab istehsalçılarının dequstasiya pavilyonları, həmçinin qastronomik və etno zonalar fəaliyyət göstərir. Burada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti və musiqiləri təqdim edilir. Festivala ev sahibliyi edən Şamaxı xüsusi guşə ilə təmsil olunur.
Ərazidəki nəhəng butulkalar yerli şərab istehsalçılarının hər birinin məhsullarını təcəssüm etdirir. Bundan əlavə, şərab şüşəsi tədbirdə həm də yaradıcılıq obyekti kimi istifadə olunur – iştirakçılar butulkaları istədikləri tərzdə və rəngdə boyayır, yaradıcı fantaziyalarını reallaşdırırlar.
Festival çərçivəsində iştirakçılar və şərab istehsalçıları üçün oyun və viktorinalar keçirilir, qaliblərə hədiyyələr təqdim olunur.
Kompleks ərazisindəki göldə işıqların şousu nümayiş olunub, yelkənli qayıqda musiqi nümunələri ifa edilib.
Ərazidə festival günlərindən xatirələri əbədiləşdirmək üçün fotozona da yaradılıb.
Festival avqustun 31-də də davam edəcək.