Cəmiyyət (18-08-2016, 22:26)
Sərbəst buraxılan jurnalist MTN generalına ismarıc göndərib - “Hadisəni çəkmişəm”
Mediatv.az xəbər verir ki, az öncə Nərimanov rayon Polis İdarəsinin 16-ci polis bölməsindən sərbəst buraxılan sabiq vicdan məhbusu Gununsesi.info-ya saxlanması barədə danışıb.
Jurnalistin sözlərinə görə, “Gənclik” metro stansiyasının yaxınlığında 14 saylı poliklinika tərəfdə təsadüfən sabiq MT nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı və sürücüsü ilə qarşılaşıb. Pərviz Həşimlini tanıyan Nüşabə Əsədova “bir neçə gün əvvəl mənim işdən azad olunmağım barədə yazan jurnalist budur” deyə sürücüsünə onu göstərib.
Pərviz Həşimli də öz növbəsində onun və həyat yoldaşı barəsində məlumat yazdığını təsdiqləyib. Bundan sonra Nüşabə Əsədova Pərviz Həşimlini təhqir edib: “Hər hansı bir təxribat ehtimalının olmasını nəzərə alıb, baş verənləri dərhal çəkməyə başladım. Məni təhqir etdiyinə görə, ona bir şey deməsəm də eyni ifadələrə layiq Hilal Əsədovun olduğunu dedim. Bundan sonra Zöhrab adlı sürücüsü (adını bölmədə dəqiqləşdirdim) mənə hücum edib, telefonu istədi. Məndə telefonu vermədim.Mənə hücum etsə də telefonu verməkdən imtina etdim. Olayı polis gördü və bölməyə gəldik. 4-5 saat orada saxlandıq. Hadisə ilə bağlı Bakı Baş Polis İdarəsinin rəhbərliyinə məruzə olundu. Bir neçə saatdan sonra izahatımız alındı və sərbəst buraxıldıq. Ancaq mənə bildirdilər ki, sabah saat 10-da Nərimanov Polis İdarəsində olum”.
Jurnalistin sözlərinə görə, bölmə ərazisinə sonradan 14 saylı poliklinikanın çoxsaylı həkimləri gətirilib.
Pərviz Həşimli sayt vasitəsilə Hilal Əsədova da mesaj göndərib: “Azərbaycan qadınının üstünə silah çəkən, körpə uşaqları qorxudan sizin dəstənizdəkilər olub. Sizin həyat yoldaşınızın təhqirlərinə rəğmən susdum. Çünki qadınla mübarizə aparmıram. Mənim sizin ailənizlə hər hansı bir problemim yoxdur. Eldar Mahmudov və sizin cinayətkar əməllərinizə qarşı isə mübarizəmi davam etdirəcəm”.
***
“Polis Bölməsində həm məndən, həm də qarşı tərəfdən – Hilal Əsədovun sürücüsü və həyat yoldaşından izah aldılar. İzahat alındıqdan sonra isə sərbəst buraxdılar”.
Bunu isə bir az öncə sərbəst buraxılan Pərviz Həşimli deyib.
***
Gününsəsi.info saytının baş redaktoru Pərviz Həşimli Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis bölməsinə aparılıb.
P.Həşimli deyib ki, Nərimanov rayonu ərazisində kafedən çıxarkən milli təhlüksəzilik nazirinin sabiq müavini Hilal Əsədovun yoldaşı və onun sürücüsü ilə rastlaşıb. Sürücü onu tanıyaraq maşını üstünə sürüb və təhqir edib. İş bununla bitməyib, H.Əsədovun həyat yoldaşı da P.Həşimlini təhqir edib və ona qarşı nalayiq ifadələr işlədib. Hətta, H.Əsədovun sürücüsü P.Həşimliyə hücum edərək, ona qarşı fiziki zor tətbiq edib.
Bundan sonra hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları gəlib. Polis əməkdaşları sürücünü və Pərviz Həşimlini polis bölməsinə aparıblar.
Gununsesi.info xəbər verir ki, P.Həşimli hələ də polis bölməsindədir və yaranmış vəziyyətlə bağlı araşdırmalar davam etdirilir. Polis Bölməsində H.Əsədovun sürücüsü və həyat yoldaşının da izahatı alınır.
***
“Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimlinin milli təhlükəsizlik nazirinin sabiq müavini Hilal Əsədovun sürücüsü və həyat yoldaş tərəfindən hücuma məruz qalması ilə bağlı əlimizdə video-görüntü var”.
Bu barədə Gununsesi.info-ya açıqlamasında P.Həşimlinin vəkili Bəhruz Bayramov məlumat verib.
B. Bayramov qeyd edib ki, əllərində video-fakt var, qarşı tərəf isə iddia edir ki, güya P.Həşimli onlara hucum edib.
“Hazırda da 16-cı Polis Bölməsində araşdırmalar davam etdirilir” – deyə, o, vəkil əlavə edib.
***
“Artıq iki saatdır ki, vəkili olduğum Pərviz Həşimli ilə görüşə və hər hansı məlumat ala bilmirəm. Mən onun vəkiliyəm və görüşmək hüququm olsa da, görüşə bilmirəm. O, hazırda Bölmə rəisinin yanındadır”.
Bunu Gununsesi.info-ya açıqlamasında adıçəkilən saytın baş redaktoru Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov bildirib.
Onun sözlərinə görə, ancaq qarşı tərəfin adamları -milli təhlükəsizlik nazirinin sabiq müavini Hilal Əsədovun sürücüsü, xanımı və onlar tərəfindən tutulub gətirilmiş yalançı şahidlər artıq sərbəst buraxılıblar, 16-cı Polis Bölməsini tərk ediblər.
“Odur ki, mən də hələlik Polis Bölməsində gözləyirəm və Pərvizin özü ilə görüşməyə çalışıram” – deyə, o, əlavə edib.
