Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində çıxarılan hökmdən apellyasiya şikayəti veriləcək.
Mediatv.az xəbər verir ki, bu barədə virtualaz.org saytına Vəli Ələsgərovun vəkili Vüqar Xasayev məlumat verib.
Vəkil müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyir: “Vəli Ələsgərova dövlət əmlakını talama, qulluq mövqeyindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və başqa şəxsi dinləmə ittihamı verilib. Biz bu ittihamların heç biri ilə razı deyilik”.
Qeyd edək ki, Vəli Ələsgərov iyunun 24-də Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cinayət işi üzrə məhkəmə prosesi əvvəldən axıradək qapalı keçirilib.
Vəli Ələsgərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etmək) maddələri ilə ittiham olunub.