Cəmiyyət (5-11-2015, 14:35)
“YAXIN GÜNLƏRDƏ BAKIYA DÖNƏCƏYƏM” – Rza İbadov prezidentə təşəkkür etdi
“Mənim üzərimdən axtarış qərarının götürülməsinə görə, cənab prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Həmçinin bu işdə köməyi keçmiş hər kəsə təşəkkür edirəm”.
Mediatv.az xəbər verir ki, bu sözləri Strateq.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, hazırda Londonda yaşayan Rza İbadov bildirib.
R. İbadov bəyan edib ki, bu illər ərzində Azərbaycandan kənarda yaşasa da həmişə dövlət başçısına sadiq olub. “Mən son 10 ildə xarici ölkədə yaşasam da həmişə prezident İlham Əliyevə sadiq olmuşam. Son 25 il ərzində içində olduğum siyasi proseslərdə həmişə bu xətti yürütmüşəm”,- deyə R. İbadov vurğulayıb.
Keçmiş deputat Azərbaycana dönməyə hazırlaşır. Onun sözlərinə görə, yaxın müddət ərzində vətənə qayıdacaq. “1-2 həftəyə Bakıya qayıdacağam”,-deyə R.İbadov vurğulayıb.
Qeyd edək ki, sabiq deputat barəsində olan axtarış işinə Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli qərarı ilə xitam verilib
Sabiq deputat Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinirdi. Rza İbadov 1966-cı ildə Naxçıvanda anadan olub. O, 1991-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü olub, eyni zamanda Gənclər və idman komissiyasının sədri işləyib.
1995-2000-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr Komissiyasının sədri olub.
O, Londonda yerləşən ABŞ-ın Huron Universitetində beynəlxalq münasibətlər üzrə magistr, sonra Fransa Beynəlxalq Münasibətlər institutunun nəzdində fəaliyyət göstərən Strateji və Diplomatik Tədqiqatlar Mərkəzində beynəlxalq münasibətlər üzrə doktorluq dərəcələri alıb.