Mediatv.az xəbər verir ki, bunu publika.az-ın əməkdaşına Müşfiqabad keçidində qarşılaşdığı sürücü deyib.
Adını açıqlamayan həmin sürücü deyir ki, qadağa qoyulan gündən indiyədək paytaxta gündüz vaxtı bir neçə dəfə gəlib, hər dəfəsində də yol polisinə 10 manat verib Bakıya girib.
Sürücünün bu iddialarına münasibət bildirən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev faktın araşdırılmalı olduğunu deyib: “Avtomobildəki şəxs xəstə, yaxud Bakı qeydiyyatında olan məcburi köçkün ola bilər. İstənilən halda bu fakt araşdırılmalıdır. Kiminsə 5-10 manat verib, məhdudiyyət olan saatlarda paytaxta daxil olması ciddi ittihamdır. Bu halla rastlaşanlar bizə müraciət etməlidir. Həmin avtomobil sahibinin hansı saatda, necə keçməsi polis tərəfindən araşdırıla bilər. Bu zaman onun pul verib-verməməsi müəyyən olunar.
Kimisə buraxmayanda, duracaqda istiqamətləndirəndə insanlarda “yəqin məndən pul umurdu”, “10 manat versəm, buraxardı” kimi yanlış fikirlər yaranır. Yaxud qarşısındakı maşın buraxılırsa, səbəbini bilmədən rüşvət düşüncəsi, ya da kiminsə tanışı olması ağlına gəlir. O maşında xəstə olub-olmamasını bilmir. Sadəcə, rayon maşınının həmin postlardan daxil olmasını görüb belə fikirlər irəli sürürlər.
Anlamırıq ki, belə faktlar barədə nə üçün yol polisinə müraciət edilmir? Bunu aşkarlamaq bizim üçün də maraqlıdır. Bəlkə, kimlərsə bilərəkdən məlumat yayıb, polisi gözdən salmaq istəyir, ya da hansısa niyyəti var. Sürücülər Baş İdarəyə, “102” xidmətinə müraciət edə bilər. Onlar hamısı Baş İdarənin ünvanını çox yaxşı bilir. Nədənsə, belə məsələ qalxanda KİV-ə müraciət edirlər. Kimdənsə pul alınıbsa, yaxud kimsə belə bir fakt aşkarlayıbsa, maşının nömrəsini bizə təqdim etsin və məsələni araşdıraq”.