Cəmiyyət (8-09-2015, 18:28)
Azərbaycanda universiteti bağladılar - YENİLƏNİB
18:01
Fəaliyyətinin dayandırılması üçün Təhsil Nazirliyinə müraciət etmiş Bakı Asiya Universiteti bağlanma səbəbini açıqlayıb.
Universitetin prorektoru Rəhilə Nağıyeva Trend-ə bildirib ki, bağlanmanın əsas səsəbi tələbələrin sayının çox az olması olub: "Buna görə də çətinlik çəkirdik. Qruplar kiçik idi, Boloniya sistemi ilə ayaqlaşmaq mümkün olmurdu. Bəzi problemlər oldu, nə tələbələr, nə də biz əziyyət çəkməyək deyə bu qərara gəldik".
R.Nağıyeva deyib ki, universitet gələn tədris ilindən fəaliyyətini yenidən bərpa etməyi nəzərdə tutur: "Gələn ildən özəl və dövlət ali məktəblərinə ödənişli təhsil alan tələbələr üçün plan yeri ayrılmayacaq. Kim nə qədər oxuda bilərsə, o qədər də tələbə qəbul edəcək. Ona görə də biz gələn ildən fəaliyyətimizi bərpa edəcəyik".
Qeyd edək ki, Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib.
-----------
14:58
Azərbaycanda özəl universitetlərdən biri fəaliyyətini dayandırıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib.
Universitet nazirlikdən hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.
Təhsil Nazirliyi tərəfindən Bakı Asiya Universitetinin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib. Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq.