Sosial / Slayd (28-10-2014, 18:52)
Cəbrayıl qaçqınlarına ehsan yasağı
Dünyanın hər bir xalqının özünəməxsus mental dəyərləri, adət-ənənələri var. Nəsillərdən nəsillərə süzülüb gələn milli, mənəvi incilər əsrlərlə yaşayır, babalardan atalara, atalardan övladlara ötürülür. Mental xüsusiyyətlər ehkam deyil, zaman keçdikcə onlar da dövrün tələblərinə uyğunlaşdırılır, adət-ənənələrə müəyyən dəyişikliklər edilir. Zamanın tələbləri sayılan bu zərurət təbii prosesdir.
Hər bir xalq kimi, Azərbaycan xalqının da özünəməxsus adət-ənənələri mövcuddur. Bunlar toyların, yasların təşkili, qonağın qarşılanıb yola salınması, bayramların təşkili, ənənəvi mərasimlərdə süfrələrin bəzədilməsi habelə digər mental xüsusiyyətlərdən ibarətdir. Bildiyiniz kimi, artıq bir neçə aydır hüzr mərasimlərində ehsan verilməsi qaydasına nəzarət olunur. Üç aydan artıqdır ki, davam edən bu prosesdə əsas məqsəd yas mərasimlərində israfçılıq hallarının qarşısının alınmasıdır. Bir sıra yerlərdə din xadimlərinin, axund və mollaların diqqətinə çatdırılıb ki, məclislərdə qoyulan təlimatlardan kənara çıxılması hallarının qarşısının alınması üçün üzərilərinə düşən tədbirləri həyata keçirsinlər. İyuldan etibarən ölkəmizin bir sıra şəhər və rayonlarında fəaliyyət göstərən məscidlərin əksəriyyətində demək olar ki, bu qaydalara artıq riayət edilməsinə start verilib. Hətta bir sıra yerlərdə bununla bağlı konkret standartlar - menyu müəyyən olunub. Qeyd edək ki, nəzarət prosesinin gücləndirilməsi şəraitində hüzr mərasimlərində israf qida məhsullarının verilməsinə qadağa qoyulub.
Dəfn xərclərinin də ciddi nəzarətə götürülməsi ilə bağlı ciddi tapşırıqlar verilib. Habelə yas məclislərində süfrədə yalnız çayın və qəndin olması tapşırılıb. Bir sıra yerlərdə istisna hal kimi xurmanın qoyulmasına məhdudiyyət tətbiq edilmir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bildirir ki, hüzr mərasimləri ilə bağlı hökumətin mövqeyi ondan ibarətdir ki, ölkədə yas mərasimlərinin həyata keçirilməsində hədd aşılmamalı, eləcə də mərasimlərdə müəyyən qaydalara riayət olunmalıdır. Qeyd edək ki, ilk öncə Naxçıvan Muxtar Respublikasında və ölkənin bir neçə rayonunda ərazi üzrə rəhbər şəxslərin və ruhanilərin şəxsi təşəbbüsü ilə ehsan süfrələrində israfçılığın qarşının alınması üçün bəzi qərarlar qəbul olundu.
Artıq bir neçə aydır davam edən bu proses həm dinimizin tələblərinə uyğun şəkildə həyat, keçirilir. Habelə hər hansı bir təmtəraq və israfçılığa yol verilməsinin qarşısı alınır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bir müddət əvvəl jurnalistlərə bildirdi ki, bununla bağlı dövlətin mövqeyi bəllidir.
Qeyd edək ki, həmin qaydalarla yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin də, 5 il bundan əvvəl Qazilər Şurasının ayrı fətvası da var. Həmin fətvalarda da yas mərasimlərində israfçılığa yol verilməməsinə çağırış olunub. Müəyyənləşdirilmiş qadağalar yalnız yas mərasimlərində açılan ehsan şamil olunur. Başqa əlamətdar dini günlər, o cümlədən Ramazan və Məhərrəm ayı mərasimləri, həmçinin şəhidlər üçün açılan ehsan süfrələrinə yasaq tətbiq edilməyib. Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası və Elmi-Dini Şuranın sözügedən məsələ ilə bağlı 3 il bundan əvvəl ictimaiyyətə müraciət də qəbul etdi. Müraciətdə bildirilirdi ki, yas mərasimlərində təmtəraqlı ehsan verilməsinin dini baxımdan heç bir əsası yoxdur. Habelə məscidlərin tabeliyində olan mərasim zallarının bərpası da müraciətdə yer alıb. Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri bildirirlər ki, israflar nəzərdə tutulan addımların olmaması, məscidlərdən kənarda baş verir.
Bəs mərhumun mərasiminin əziyyətlərini, fiziki işləri həyata keçirən şəxslər necə?
Amma təəssüf ki, yas məclislərində israfçılığın qarşısının alınması üçün həyata keçirilən inzibati tədbirlər bir sıra hallarda fərqli xarakter daşıyır. Biz də razıyıq ki, yas mərasimləri hansısa məsələlərdə israfçılığa gətirib çıxarılmamalıdır. "Qurani-Kərim"in "Əraf" surəsinin 31-ci ayəsində bəndələrə: "Gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!" - deyə buyurulub. Bu baxımdan varlı qonşuları ilə bəhsə girən bəzi insanlar dinin tələblərinə uyğun şəkildə hərəkət etməlidirlər. Sevindirici haldır ki, bir çox rayonlarda yas mərasimlərində mövcud tövsiyələrə riayət olunur. Lakin paytaxtda məsələ ilə bağlı bir çox dəyişikliklər həyata keçirilir. Məhz buna görə də yeni qaydalar həm ictimaiyyətin, həm də medianın diqqət mərkəzindədir. Biz də yas mərasimlərinin milli adət-ənənələrə uyğun olaraq həyata keçirilməsinin tərəfdarıyıq. Amma bununla bağlı müəyyən konkret standartlara bir sıra korrektələr edilməlidir. Məsələ burasındadır ki, yas məclislərində israfçılığın qarşısının alınması üçün inzibati tədbirlərə əl atılması mümkünlüyünü nəzərə alan bir sıra şəxslər, xüsusən də ayrı-ayrı icra strukturlarının nümayəndələri həmin qaydalara riayət edilməsinə nəzarəti müxtəlif nöqsanlarla həyata keçirirlər. Bütün bunlar bir yana, rəyini soruşduğumuz bəzi ictimaiyyət xadimləri və ziyalılar tətbiq edilən qadağalara bəzi istisnaların olunmasını təklif edirlər. Biz də razıyıq ki, hüzr mərasimlərində dəbdəbəli ehsan süfrələrinin açılması, həddindən artıq israfçılığa yol verilməsi yaxşı hal deyil.
Lakin hüzr mərasimlərində ehsan süfrələrinin ancaq çay, qənd və xurma ilə keçirilməsi heç də doğru olmazdı. Yas mərasimlərinin 3 gün keçirilməsi məqsədəuyğun hesab oluna bilər. Ancaq düşünürük ki, ehsan olaraq yalnız çay süfrəsinin açılması məqsədəmüvafiq deyil. Ehsan yalnız çay süfrəsindən ibarət olmamalıdır. Axı mərasimlərə uzaq rayonlardan, bölgələrdən, hətta bəzən qonşu Gürcüstandan, Rusiyadan gələn olur. Bəs mərhumun mərasiminin əziyyətlərini, fiziki işləri həyata keçirən şəxslər necə? Dünyasını dəyişən şəxsin yaxınları, uzaqdan gələn qohumlar, qonaqlar yalnız bir-iki stəkan çayla məclisdə bir neçə saat (adət-ənənələrə görə qohumlar əksər hallarda səhərdən axşama qədər məclislərdə iştirak edirlər) otura bilməzlər. Unutmaq olmaz ki, yas mərasimlərinə təşrif buyuranların hamısı heç də fiziki cəhətdən güclü, sağlam insanlar deyil. Onların arasında şəkər, habelə digər xəstəliklərdən əziyyət çəkənlər də var. Bildiyiniz kimi, bir sıra yerlərdə yas mərasimləri xüsusi çadırlarda təşkil olunur. Mərasimə təşrif buyuran onlarla, yüzlərlə qonağı çay dəmləyənlər və çay stəkanlarını daşıyanlar yola salır. Səhərdən axşama qədər məclislərdə işləyənlərin, əziyyət çəkənlərin ac qalmasını necə qəbul etmək olar? Bu baxımdan hüzr mərasimlərində süfrələrə ancaq çay və qənd, verilməsi məqsədəuyğun hesab edilə bilməz. Məsələn, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev tapşırıq verib ki, yas mərasimlərində süfrələrə pendir-çörəkdə qoyulmamalıdır. Unutmaq lazım deyil ki, Azərbaycan xalqı dünya xalqları arasında həm də qonaqpərvərliyi, qonağa xüsusi ehtiram və qayğısı, hörməti ilə seçilir. Mahmud Quliyev, özünüz deyin, sizi sayıb uzaq yerdən gələnləri, bir neçə yüz kilometr məsafə qət edənləri bir stəkan çay və qəndlə necə yola sala bilərsiniz? Ucqar bölgələrdən, uzaq rayonlardan yas mərasimlərində iştirak etmək üçün gələnləri, saatlarla məsafə qət edib ac qalan insanları ancaq bir stəkan, ancaq bir stəkan acı çayla yola salmaq nə dərəcədə məqsədəuyğundur?.. Təbii ki, bu, yolverilməzdir. Deməli belə çıxır ki, Cəbrayılın icra başçısının tapşırığı insanlara əlavə problem yaradır...
Yas mərasimlərinin süfrələrində heç olmasa, bir növ yemək qoyulmalı, səhhətində problemi olanlar üçün ehsan süfrəsi açılmalıdır
Qeyd edək ki, dünən bu məsələlərə aydınlıq gətirmək üçün dəfələrlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə əlaqə saxlamaq istədik. Lakin komitə sədri ilə ünsiyyət qurub suallarımıza cavab almaq istəyimiz alınmadı. Hesab edirik ki, yas mərasimlərinə təşrif buyurmuş insanları sadə ehsan süfrəsi ilə yola salmaq mümkündür. Yuxarıda qeyd etdiyimiz kimi, biz də israfçılığın, süfrələrə cürbəcur təamların düzülməsinin əleyhinəyik. Amma düşünürük ki, yas mərasimlərinin süfrələrində heç olmasa bir növ yemək qoyulmalı, uzaqdan gələn qohum və qonaqlar, dost-tanışlar, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlar - səhhətində problemi olanlar, qocalar, uşaqlar üçün ehsan süfrəsi açılmalıdır. Lakin bu, ifrat dərəcədə olmamalıdır. Amma bir stəkan çay yalnız və yalnız bir stəkan acı çayla kifayətlənmək də məqsədəuyğun deyil.
Qeyd etdiyimiz kimi, bir sıra icra strukturlarının nümayəndələri bu qaydalara fərqli mövqelərdən yanaşırlar. \\ gundelik-baki \\