Cəmiyyət (22-10-2014, 21:11)
Nazirlikdən toy və yas mərasimlərinə reaksiya
“İstehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağandır”
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müxtəlif məclislər keçirmək istəyən vətəndaşlara müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanuna uyğun olaraq, istehlakçıların malları və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər almaq, almaq istədiyi mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək hüquqları var.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən «Həftə içi»nə verilən məlumatına görə, həmin qanuna əsasən, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağandır. İstehlakçıya hər hansı bir mal və xidmətin satışı digər mal və xidmətin alınması ilə şərtləndirilə bilməz. İstehlakçı satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna malikdir.
Dövlət Xidməti şənlik məclisi təşkil etmək istəyənlərə hüquqlarının qorunması üçün bir sıra tövsiyələr verilib. Qeyd olunub ki, vətəndaşlar məclislərin keçirilməsi üçün şadlıq evinə sifariş verilməzdən əvvəl obyektin vəzifəli şəxsi tərəfindən təsdiq edilmiş və göstərilən xidmətlərin adları, xassələri, qiymətləri və digər şərtləri əks olunmuş qiymət cədvəllərinin, yəni menyunun təqdim olunmasına diqqət yetirməlidirlər. Onlar qonaqlara təqdim etmək istədikləri yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və sair siyahısına yalnız müəyyən etdikləri malları daxil edə bilərlər.
Məclisdə səsləndirmək istədikləri musiqi, əyləncəli proqramlar, rəqs nömrələri, kəbin kəsilməsi və sair xidmətlərin siyahısının yalnız müəyyən edilmiş xidmətlərdən ibarət olmasına baxılmalıdır. Vətəndaşların məclisdə qonaqlara təqdim etmək istədiyikləri yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və göstəriləcək xidmətlərin və sair konkret adı, miqdarı, qiyməti və sair əks olunmuş müqavilə bağlanılmasına diqqət yetirilməlidir. Göstərilmiş xidmət müqabilində ödənilən məbləği təsdiq edən ödəniş sənədlərinin (kassa çeki, qəbz) ödəniş edildikdən dərhal sonra təqdim olunmasına baxılmalıdır. Bu tələblərə əməl olunarsa, təşkil etdiyiniz məclis əsl şənlik əhval-ruhiyyəsi yaradacaq, uzun müddət xoş təəssüratla xatırlanacaq.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də Azərbaycanda dəbdəbəli toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı növbəti müraciət yayıb. Müraciətdə Qazılar Şurası və Elmi-Dini Şurasının 13.07.2011-ci il tarixində dəbdəbəli toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı qəbul etdiyi bəyanat xatırlanıb, ictimaiyyəti növbəti dəfə xəbərdar edilir. Bildirilir ki, son zamanlar cəmiyyətdə milli və dini dəyərlərə qayıdış prosesinin güclənməsi Azərbaycan xalqının tarixən formalaşmış həyat fəlsəfəsinə, ictimai fikrinə və adət-ənənələrinə bu müraciəti zəruri edir. Bu isə təbii haldır, çünki müstəqillik dönəmində tarixi köklərimizə, İslama, mənəvi dəyərlərə, əxlaq normalarına maraq artıb, milli adətlərin yeni, müasir tələblər səviyyəsində inkişafı üçün münasib şərait yaranıb. Bu gün milli və dini ənənələrin bərpası zamanı müsbət keyfiyyətlərin aşılanması ilə yanaşı, bir sıra problemlərin yaranması, bəzən ifrata və dinə aidiyyəti olmayan bidət hərəkətlərə yol verilməsi haqlı olaraq ictimaiyyəti narahat edir. Söhbət son zamanlar kütləvi informasiya vasitələrində geniş ictimai müzakirəyə çıxarılan və dövlət dairələrində debatlara səbəb olan toy və yas mərasimlərinin təşkili və keçirilməsi qaydalarından, vəqf olunmuş qəbiristanlıq ərazilərində məzar yerlərinin satılmasından, dəbdəbəli qəbirüstü abidələrin ucaldılmasından və günümüzün reallığına aid olan bir sıra problemlərdən gedir. QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şura ictimaiyyət nümayəndələri ilə birlikdə bu məsələ ilə əlaqədar əvvəlki illərdə bir neçə dəfə öz mövqeyini bildirsə də, çox zaman təklif və tövsiyələrimiz cəmiyyətdə tam tətbiqini tapa bilməyib. Əksər hallarda guya bu mərasimlərin milli adət və dini ənənələrə müvafiq olduğunu iddia edənlər öz şəxsi mənafeləri naminə dinimizin qayda və qanunlarını təhrif edirlər. İslam dininin təməl özəlliklərinə, Peyğəmbərimiz Məhəmməd Salavatullahın aləmlərə örnək olan şəxsi nümunəsinə və hədisi-şəriflərə istinad edən hər bir şəxs bu məsələnin islami qanunlarla məntiqi uyğunsuzluğunu yaxşı bilir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, müsəlmanların övladına toy etməsi və ya mərhumları üçün ehsan verməsi dini baxımdan bəyənilən və təqdir olunan əməldir.
QMİ Qazılar Şurası hesab edir ki, qəbirüstü abidələrin hazırlanmasında ifrat dəbdəbə və təkəbbür nümayişi yas və toy mərasimlərindən geri qalmır. İslam qənaət, sadəlik və mötədillik dinidir, zahiri təmtərağı sevmir, bahalı məzar daşlarının, qəbirüstü abidələrin düzəldilməsi İslam normalarına ziddir. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura cəmiyyətimizin bütün təbəqələrini illərlə formalaşmış islami qaydaların, milli adət-ənənələrin qorunmasına riayət etməyə, KİV-i bu istiqamətdə fəal yardımçımız olmağa dəvət edir.
Təbriz Vəfalı