Tofiq Hüseynov küçəsində sakinlərlə hesablaşmadan tikinti işləri aparan şəxslər_ _kimlərdir?_
Bu günlərdə Abşeron rayonu Xırdalan şəhəri Tofiq Hüseynov küçəsində yaşayan Həziyev Eldar Balay oğlu və digərləri ölkə başçısına, birinci vitse-prezidentə, fövqəladə hallar nazirinə, şəhəsalma və arxitektura komitəsi rəhbərinə və rayon icra hakimiyyəti başçısına ünvanladıqları şikayətin bir nüsxəsini “Nyus.az” xəbər portalı redaksiyasına göndəriblər.
Sakinlərin mediada ictimailəşdirilməsini xahiş etdikləri şikayətdə bildirilir ki, onların evlərinin yaxınlığında naməlum şəxslər tərəfindən tikinti işləri başlanılıb, 15 metr dərinlikdə bünövrə qazılıb. Əslən Beyləqan rayonundan olan təhsil işçisi olan Eldar Həziyevin evinin qabaq hissəsində çatlar əmələ gəlib, başqa qonşular da eyni narahatçılıq keçirirlər. Bütün günü ağır texnika işlədikcə evlər tərpənir, get-gedə gərginlik artır.
Şikayətçilər müqayisə üçün qeyd edirlər ki, yaşadıqları evlərdən təxminən 350 metr aşağı hissəsində “Kristal-Abşeron” şirkəti iş aparır, heç kəsi narahat etmir, ərazisinin boşalmasına ehtiyac duyulan evlərin sakinləri ilə razılaşıb, pulunu verib yola salırlar. Sonra isə rahat tikinti işlərini həyata keçirirlər.
Şikayətçilər müraciət etdikləri yuxarı instansiya rəhbərlərindən köməklik istəyirlər. 8 sentyabr 2025-ci il tarixli şikayət ərizəsinə Eldar Həziyevdən əlavə Əsgərova Hafizə Kamil qızı, Hacıyeva Maya Məmmədrza qızı, Əbülhəsənova Telli Kamil qızı, İsmayılova Mahirə Möhtəbər qızı imza atıblar.
Mövzuya qayıdacağıq.
Nisa Şirvanlı
Nyus.Az







