258 saylı tam orta məktəbə yeni təyin olunan direktorun işçilərdən “haqq” yığdığı iddia olunur.
Bu barədə məktəbdə çalışan bir qrup şəxs tərəfindən AFN.az-a edilən müraciətdə bildirilir.
Qeyd edilir ki, məktəbə “yeni təyin edilən direktor” işçilərin hamısına “ərizə” yazdırıb və hər ay əməkhaqlarından 50 manat kəsiləcəyini deyib:
“Səbəb də odur ki, keçmiş direktor 10 nəfər ‘ölü işçi’ saxlayıb, maaşlarını mənimsəyib, indi təzə direktor onun yerini doldurmalıdır”.
Sözügedən iddia ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 258 nömrəli tam orta ümumtəhsil məktəbində yeni direktor təyinatı yoxdur, hazırda Mövlan Yusifov direktor vəzifəsini müvəqqəti icra edir:
“Həmin məktəbdə ştat cədvəli üzrə 23 ştat vahidi kiçik texniki işçi ştatı mövcuddur. Hazırda 20 kiçik texniki işçi məktəbdə çalışır. Ştat cədvəli üzrə çalışan 20 kiçik texniki işçidən 18 nəfəri 1,25 ştat vahidi ilə çalışırdı. Əmək Məcəlləsinə uyğun olaraq məktəbdə fəaliyyət göstərən kiçik texniki işçilər 1 ştat vahidinə uyğunlaşdırılıb. Məktəbdə texniki işçilər arasında əmək intizamına riayət olunmasına ciddi nəzarət edilir”.



























