Siyasət / Karusel (23-03-2014, 16:51)
Əli İnsanov niyə əfv olunmaq istəmir? - vəkilindən açıqlama
Sabiq səhiyyə naziri Əli İnsanovun əfv olunmaqla bağlı prezidentə müraciət etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib. Əli İnsanovun vəkili Toğrul Babayev ANS PRESS-ə açıqlamasında sabiq səhiyyə nazirinin əfv olunmaqla bağlı müraciət yazmadığını deyib: “İndi Əli İnsanovun yanından gəlirəm. O əfv olunmaqla bağlı müraciət yazmayıb və yazmayacağını da deyir. Onun əfvlə bağlı müraciət yazdığı barəsində yayılan məlumatlar yalandır”.
Qeyd edək ki, Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişi ittihamı ilə həbs olunub. Lakin sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-cü (külli miqdarda mənimsəmə və ya israf etmə) 306.2 (vəzifəli şəxs tərəfindən məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib.