Gündəm (31-01-2014, 20:29)
“Əli İnsanov məhkəmədə mühasirəyə alındı“
“Mülki geyimdə olan bir neçə şəxs, - görünür, onlar xüsusi xidmət orqanlarının əməkdaşları idi, - Əli İnsanovu məhkəmə zalında mühasirəyə alaraq, onu vəkillərindən təcrid etdilər”
Bunu virtualaz.org-a sabiq səhiyyə nazirinin vəkili Toğrul Babayev deyib.
Xəbərə görə, vəkillərin məhkəmə proseslərində bir qayda olaraq, görünməyən bu mülki geyimli şəxslərin zaldan çıxarılması ilə bağlı verdikləri vəsatətlər qəbul edilməyib.
“Biz hakimlərə dedik ki, mülki geyimli bu naməlum şəxslər Əli İnsanovun yanında dayanmaqda davam etdikcə, biz məhkəmə proseslərinə gəlməkdən ehtiyat edirik. Bizim məhkəmələrdə hələ indiyə qədər belə qanunsuzluq olmamışdı” - deyə T.Babayev bildirib.
T.Babayev fasilə zamanı sabiq nazirin saxlandığı şüşə qəfəsə yaxınlaşmağa cəhd edib, amma mülki geyimli şəxslər buna imkan verməyiblər və vəkili kobud şəkildə kənara itələyiblər.
Vəkilin sözlərinə görə, sabiq nazir onu akvariuma saldıqları üçün məhkəmə heyətindən məhkəmələrə şikayət edəcək.
Növbəti proses fevralın 7-nə təyin olunub.