Siyasət (14-03-2014, 16:48)
Müsavat bəyanat verdi
Müsavat Partiyası Bakı şəhər İH-nin qurultay üçün yer ayrılması ilə bağlı müraciətə cavab verməməsini pisləyən bəyanat yayıb.
Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, Müsavatın növbəti qurultayının keçirilməsi üçün müvafiq yer ayrılması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə 11 fevral 2014-cü il tarixində müraciət ünvanlanıb. Müraciət həmin gün Bakı şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsinə təqdim olunub: “Bütün bunlara baxmayaraq, Bakı şəhər İcra Hakimiyyəti bu günə qədər Müsavat Partiyasının müraciətinə cavab verməyib. Son günlər partiya funksionerləri tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə olunan zənglərə cavab verilmir. Bu günün sonunadək Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müraciətə cavab verilmədiyi təqdirdə, İcra Hakimiyyətinin hərəkətsizliyini məhkəmə müstəvisinə çıxarmaqda qərarlıyıq”.