Siyasət (9-03-2014, 14:03)
Nazir oğlundan daha bir yenilik
Garant Holding-in tərkibinə daxil olan Garant Media Holding dünyanın ən tanınan jurnallarından biri - “National Geographic”i Azərbaycan dilində nəşr etdirəcək.
“Mediatv.az”nun Modern.az-a istinadən xəbərinə görə, bu barədə Garant Holding-in Müşahidə Şurasının sədri Anar Məmmədov məlumat verib.
“Martın 3-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Garant Holding-in tərkibinə daxil olan Garant Media Holding və nüfuzlu “National Geographic” jurnalı arasında bu nəşrin Azərbaycan dilində çap barədə mühüm müqavilə imzalandı.
Beləliklə, bundan sonra Azərbaycan oxucuları Milli Coğrafiya Cəmiyyətinin nəşr etdiyi (“National Geographic Society”) jurnalı ilk dəfə öz ana dillərində oxumaq imkanı əldə etmiş olurlar.
Dünyanın müxtəlif ölkələrində 60 milyondan artıq oxucusu olan populyar jurnalın doğma dilimizdə nəşr olunması əlbəttə ki, böyük uğurumuzdur”.
Vaqintonda müqavilənin imzalanması mərasimində Garant Holding-in Müşahidə Şurasının sədri Anar Məmmədov, Garant Media Holding-in nümayəndələri və “National Geographic” jurnalının prezidenti Terence Adamson iştirak ediblər.
“Son illər yaşadığımız planetdə ekologiyanın qorunması məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məqsədi insanları planetin qayğısına qalmağa, ətraf mühiti qorumağa, dünyanın gözəlliyini qiymətləndirməyə sövq etmək olan jurnalın Azərbaycana gətirilməsi irəliyə doğru mühüm addım kimi qiymətləndirilə bilər.
İnanıram ki, “National Geographic” jurnalının Azərbaycan dilində nəşri insanlarımızın daha da maariflənməsinə, biliklərinin artırılmasına böyük töhfə vermiş olacaq”-deyə Anar Məmmədov bildirib.