Gündəm (26-02-2014, 15:42)
Ərəb dilində “Əl-Ədalət Li Xocalı” kitabı nəşr edilib
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “QHT Nəşriyyatı” Xocalı soyqırımına həsr olunmuş kitabın çapı üçün elan etdiyi ərizə qəbulunu yekunlaşdırıb. 19 -24 fevral 2014-cü il tarixlərində 10-a yaxın ərizəyə baxılmış, Xocalı soyqırımı ilə bağlı ərəb dilində ilk dəfə yazılan “Əl-Ədalət Li Xocalı” (Xocalıya Ədalət) kitabının çap edilməsi qərara alınıb.
Kitabda bəşəriyyətə qarşı ağır cinayət və soyqırım kimi qiymətləndirilən Xocalı faciəsi haqda ərəbdilli oxucular üçün müfəssəl məlumat verilir. Faciənin səbəbləri, həlak olanların siyahısı, müxtəlif beynəlxalq xəbər agentliklərinin məlumatları, hadisənin soyqırım kimi tanıyan beynəlxalq hüququn akt və normaları, həmçinin Azərbaycan Respublikası Prezidentinin hadisəyə verdiyi siyasi qiymət kitabda ətraflı işıqlandırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 28 fevral 2014-cü ildə öz ofisində “Əl-Ədalət Li Xocalı” (Xocalıya Ədalət) kitabının təqdimat mərasimini keçirəcək.
Tədbirə ərəbdilli ölkələrin səfirliklərinin nümayəndələri, QHT və KİV təmsilçiləri dəvətlidilər.