Sağlamlıq (1-12-2015, 13:18)
Bu gün QİÇS-lə mübarizə günüdür
1988-ci ildən etibarən hər il dekabrın 1-də Ümumdünya QİÇS-lə mübarizə günü qeyd edilir.
Mediatv.az xəbər verir ki, bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.
Hər il Ümumdünya QİÇS-lə mübarizə günü aktual problemləri əks edən müxtəlif şüarlar altında keçirilir. BMT-nin təşəbbüsü ilə 2011-ci ildən başlayaraq 2015-ci ilə kimi Ümumdünya QİÇS-lə mübarizə günü "Sıfır məqsədini əldə etməyə doğru" şüarı altında keçirilir. Yəni, sıfır - yeni yoluxma halları, sıfır - İİV-lə yaşayan insanlara qarşı ayrı-seçkilik halları və sıfır - QİÇS-lə bağlı ölüm halları.
BMT-nin İİV/QİÇS üzrə Birləşmiş proqramının (UNAİDS) 2014-cü ilin iyunun sonunda dərc etdiyi məlumatda göstərilir ki, 2013-cü ildə QİÇS pandemiyasının qarşısının alınmasında bir sıra nailiyyətlər əldə edilib. Belə ki, 2014-cü ilin II rübünün sonuna xilasedici anti-retrovirus-terapiya tətbiq olunan insanların sayı 13,6 milyon təşkil edib və 2012-ci ilə nisbətən 40% artıb. Həmin müalicənin nəticəsi kimi 2012-ci ildə QİÇS-lə bağlı ölüm hallarının sayı 2005-ci illə müqayisədə 29% azalıb.
Hesabatda göstərilir ki, dünya miqyasında 2012-ci il ərzində 2001-ci illə müqayisədə böyüklər və yeniyetmələr arasında İİV-ə yeni yoluxma halları 33% azalıb, uşaqlar arasında isə 52% azalıb.
Eyni zamanda, UNAİDS-in hesabatında narahatedici fakt kimi qeyd edilir ki, İİV-ə yeni yoluxma halları Şərqi Avropa və Mərkəzi Asiyada 2006-cı ildən bəri 13% artıb, Yaxın Qərb və Şimali Afrikada isə 2001-ci ildən 2 dəfə artıb.
UNAİDS-in məlumatına görə, 2013-cü ilin sonuna yer kürəsində İİV-lə yaşayan insanların sayı 35 milyon təşkil edib ki, 2012-ci il ilə müqayisədə 300 000 nəfər azalıb. Dünya üzrə 2013-cü il ərzində İİV-ə yeni yoluxmuş insanların sayı 2 milyon, QİÇS-dən vəfat etmiş insanların sayı isə 1,5 milyon olub. Bu göstəricilərə də 2012-ci il ilə müqayisədə azalmalar müşahidə olunub.
Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV epidemiyasının müntəzəm aparılan monitorinqi onun əsasən yoluxmaya yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmasını təsdiqləyir.
Qeyd edək ki, təkcə 2015-ci ilin 9 ayı ərzində Azərbaycanda 604 nəfər İİV virusuna yoluxub.
Azərbaycanda ilk dəfə bu virusun qeydə alındığı ildən bu il noyabrın 1-dək olan məlumata görə, 4403 nəfər virusa yoluxmuş şəxs QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatdadır. Virusa yoluxanların 3227-si kişi, 1176 nəfəri qadın, 186 nəfəri xarici ölkə vətəndaşıdır.