Sosial (13-02-2014, 15:16)
Hər 1000 kişiyə 1012 qadın düşür- Azərbaycanda
Azərbaycan Respublikasının əhalisinin sayı ötən il 120,6 min nəfər və yaxud 1,3 faiz artaraq 2014-cü ilin əvvəlinə 9477,1 min nəfər olub. Bu barədə Statistika Komitəsi məıumat yayıb.
Hesabata görə, 2013-cü ildə əhalinin sayının ümumi artımı əsasən təbii artım hesabına baş verib. Miqrasiya artımı da müşahidə olunub və bu amil əhalinin ümumi artımının 1,8 faizini təşkil edib:
- Ölkə üzrə əhalinin sıxlığı bir kvadrat kilometrə 109 nəfərdir. Əhalinin ümumi sayından 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinləri, 49,7 faizi kişilər, 50,3 faizi isə qadınlardır. Hər 1000 kişiyə 1012 qadın düşür.
Ötən il Azərbaycanda doğulanların sayı ölənlərin sayından 118,3 min nəfər çox olub. Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edir. Körpələrin 2270-i əkiz, 42-si isə üçəm doğulub.
Ötən il ərzində ölkədə ölənlərin sayı əhalinin hər 1000 nəfərinə hesabı ilə 2012-ci il ilə müqayisədə 6-dan 5,8-ə qədər azalıb.
2013-cü il ərzində ölkədə 86,9 min nikah və 11,7 min boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilə nisbətən nikahların sayı 8,6-dan 9,3-ə qədər, boşanmaların sayı isə 1,2-dən 1,3-ə qədər artıb.
2013-cü ildə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana daimi yaşamaq üçün 3,1 min nəfər gələn və 0,8 min nəfər ölkədən gedən qeydə alıb. 2012-ci illə müqayisədə 2013-cü ildə Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı 957 nəfər və ya 44,1 faiz artıb.