Region (24-10-2018, 10:39)
Cəlilabad rayonu: İqtisadi artım,dinamik inkişaf
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı cənab Namiq Zeynalovun apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.Cəlilabad rayonu üzrə əsas sosial-iqtisadi göstəricilər, o cümlədən ümumi məhsul buraxılışının həcmi , sənaye məhsullarının , kənd təsərrüfatı məhsullarının , tikinti işlərinin, əsas kapitala yönəldilən investisiyaların həcmi, nəqliyyat xidməti, rabitə xidməti, ticarət artmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmində, pərakəndə əmtəə dövriyyəsində artım müşahidə olunmuş, orta aylıq nominal əmək haqqı artmışdır.Əhalinin sosial-məişət problemlərinin öyrənilməsi, bilavasitə yerində həll edilməsi, icra orqanları və digər yuxarı təşkilatlarla əhali arasında daha sıx ünsiyyət yaradılması üçün ərazilərdə mütəmadi keçirilən görüşlərin böyük səmərəsi olur. Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür. RİH başçısı cənab Namiq Zeynalov dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü kəndlərdə əhali ilə səyyar görüş-qəbullar keçirir, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir.Namiq Zeynalov yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir, bütün məcburi köçkünlərin qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günün uzaqda olmadığını xüsusi qeyd edir, məcburi köçkünlərin tezliklə ata-baba yurdlarına dönəcəklərinə əminliyini vurğulayır.Səyyar qəbullarda bütün vətəndaşların müraciətləri dinlənilir. Müraciətlərlə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verən Namiq Zeynalov məsələlərin aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsinə göstəriş verir. Qəbullarda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər.Bundan əlavə 2018-ci ilin ötən dövri ərzində ərzində görülmüş işlərlə bağlı statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilib və uğurlar hər bir sahədə əldə olunub. Bütün bunlar isə makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaradır.2018-ci ilin ötən ayları ərzində rayonda tikinti, quruculuq və abadlıq işləri geniş vüsət almış, şəhərin küçə və meydanlarının abadlaşdırılması, yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlər keçirilmişdir.
Kənd təsərrüfatı inkişaf edir
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Cəlilabad rayonunun aqrar bölməsi 2018-ci ilin ötən aylarını uğurla başa vurmuşdur. Belə ki, rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət tərəfindən fermerlər üçün bir sıra güzəştlər müəyyən edilmişdir. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdirlər. Eyni zamanda əkin sahəsinin becərilməsində istifadə olunan yanacağın və motor yağlarının dəyərinin ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün dövlətimiz tərəfindən onlara subsidiyalar verilmişdir.Ölkə Prezidenti tərəfindən Azərbaycana valyuta axınının təmin edilməsi məqsədilə ixracyönümlü məhsulların istehsalının xüsusi əhəmiyyət daşıdığını, ixracyönümlü məhsulların inkişaf etdirilməsi,rayon kənd təsərrüfatı idarəsi qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 2018-ci ilin ötən aylarında Cəlilabad rayonunda kənd təsərrüfatı məhsullarının əkininin genişləndirilməsi ücün bütün imkanlar təhlil olunaraq şirkətlərlə, aidiyyatı xidmət təşkilatları ilə birgə əlaqəli iş qurulmuşdur. Müqavilələr bağlanmış zavodlar tərəfindən kənd təsərrüfatı məhsullarının təchizat və təminat məsələləri yüksək səviyyədə həll olunmuşdur.Sərmayələr əsasən səneyinin inkişafına, tikinti, emal müəssisələri, kənd təsərrüfatının inkişaf etdirilməsi kimi layihələrə cəlb edilmişdir.Aqrar bölmənin əsasını təşkil edən taxılçılıqda yüksək məhsuldarlığa nail olunmuş, zəmilər qısa müddətdə və heç bir itkiyə yol verilmədən biçilmişdir. Nəticədə, rayon üzrə 147,5 min ton buğda, 7,1 min ton arpa, 5,9 min ton vələmir istehsal edilmişdir. Həmçinin 16,1 min ton noxud, 768 ton mərci, 480 ton günəbaxan, 480 ton qarğıdalı, 8,4 min ton meyvə, 4,3 min ton şəkər çuğunduru, 9,9 min ton üzüm, 4,0 min ton tərəvəz və 612 ton bostan məhsulları tədarük olunmuşdur.Əkin strukturunda ikinci yeri tutan kartof sahələri genişləndirilərək 5000 hektara çatdırılmışdır. Kənd əməkçiləri 102,5 min ton yüksək keyfiyyətli kartof istehsal etmişlər ki, onun da 80,0 faizi xarici ölkələrə ixrac olunmuşdur.Ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılmış, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün zəruri tədbirlər görülmüşdür. Bu il rayonda 505 hektar sahədə pambıq əkilmiş, indiyədək 545 ton məhsul istehsal edilmişdir. Barama becərilməsi məqsədilə Çin Xalq Respublikasından gətirilmiş 5000, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 10000 ədəd tut tingi əkilmişdir. Cari ildə 1172 kiloqram yaş barama istehsal edilmişdir.“Aqrolizinq” ASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzəştlə 4643 ton gübrə və 14180 litr herbisid satılmışdır.Əhalinin heyvandarlıq məhsulları ilə təminatının yaxşılaşdırılması nəticəsində 12,7 min ton ət, 65,3 min ton süd, 23,3 milyon ədəd yumurta istehsal edilmişdir. Həmçinin lizinq yolu ilə rayona 619 baş cins mal-qara gətirilmiş, 3701 baş qaramal süni mayalandırılmış və 1839 baş cins buzov alınmışdır. Hazırda şəxsi təsərrüfatlarda 98,3 min baş qaramal, 122,6 min baş davar və 879,3 min baş quş becərilir.
Suvarmada müasir metodlar tətbiq olunur
Cəlilabad rayonunun torpaq sahibləri əkin sahələrinin suvarılmasında Suvarma Sistemləri İdarəsinin xidmətindən istifadə edirlər. Bu idarə fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir, meliorasiya fondlarının qorunmasını və istismarını təmin edirlər. Cari ilin ötən ayları ərzində tələb olunan qədər suvarma kanalları, kollektor –dren sistemi lildən təmizlənmiş,eləcədə suvarma kanallarında kollektor-drenlərdə hidrotexniki qurğular və aqreqatlar əsaslı və cari təmir edilmişdir.Yerlərdə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində yerlərdə suvarma kanallarının qazılması, lildən təmizlənməsi, mövcud suvarma kanallarının betonla üzlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikinti işləri tamamlanmışdır. Adı çəkilən idarənin həyata keçirdiyi tədbirlər rayonun su təminatının və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına və bununla da kənd təsərrüfatı məhsullarının əhəmiyyətli dərəcədə artmasına şərait yaratmışdır.Cəlilabad rayonundakı drenlər hal-hazırda çox yaxşı vəziyyətdədir. Son 3 ildə rayon ərazisində vətəndaşların əkdiyi torpaq sahələrində məhsuldarlıq bir neçə dəfə artmışdır. Bu da əhali tərəfindən çox müsbət qarşılanmışdır.Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında suvarma suyunun mühüm əhəmiyyət daşıdığı nəzərə alınaraq cari ildə 26,0 min hektar əkin sahəsi suvarılmışdır. Bundan başqa, 26 hidrotexniki qurğu təmir edilmiş, 424 kubmetr kanal lildən təmizlənmişdir. Əkin suyuna olan tələbatı ödəmək üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 mart tarixli Sərəncamına əsasən bu il rayonumuzda 20 subartezian quyusunun qazılması plana salınmış və 2018-ci il 31 avqust tarixli Sərəncamı ilə rayon ərazisindəki “İncəçay”, “Cəfərxanlı”, “Üçtəpə”, “Bəylər” və “Alıcı” su anbarlarında təmir-bərpa işlərinin aparılması məqsədilə 4,5 milyon manat vəsait ayrılmışdır.
Təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır
Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.Cəlilabad rayon məktəblərində təlim-tərbiyə günün tələbləri səviyyəsində qurulmuşdur. Şagirdlərin ana dili, Azərbaycan tarixi və Azərbaycan coğrafiyasını dərindən öyrənmələrinə diqqət gücləndirilmişdir. Bu məqsədlə yazılı sorğular, test yoxlamaları,müxtəlif müsabiqə, o cümlədən inşa müsabiqəsi və olimpiadalar,bilik yarışları bilavasitə şagirdlərin iştirakı ilə aktual sayılan mövzulardan praktik konfranslar,ekskursiyalar təşkil olunmuşdur.Fənlərin tədrisini gücləndirmək məqsədilə müxtəlif səpgili tədbirlər keçirilmişdir.Yetişməkdə olan gənc nəsilin vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyə olunması Təhsil Şöbəsi və ümümtəhsil məktəblərinin ümdə vəzifələridir və bu istiqamətdə işlər aparılır. Məktəblilər arasında Milli qəhrəmanlarımız, doğma torpaqlarımızla bağlı inşalar yazılır, gənclər və yeniyetmə arasında idman yarışları və intellektual müsabiqələr keçirilir. Qaliblər fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunurlar. Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədilə məktəblilərin hərbi hissələrdə hərbçilərlə görüşləri təşkil olunmuşdur.Ümidvarıq kii Cəlilabad rayon Təhsil Şöbəsi və rayonun tərəqqipərvər təhsil işçiləri yetişməkdə olan gənc cəlilabadlılar nəslini məhz bu sadalanan yüksək dəyərlərə yiyələndirəcək, daha böyük müvəffəqiyyətlər qazanacaqdır
Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır.
Azərbatcan Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Bu müsbət tendensiya Cəlilabad sakinlərinin sosial rifahında da özünü göstərir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar.Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur.
Cəlilabadlılar vətənin müdafiəsinə hazırdırlar
Cəlilabad rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi strateji əhəmiyyətə malik məsələ kimi diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti başçısı aparatı 2018-ci ilin ötən ayları ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır.Gənclərin hərbi xidmətə yola salınması həmişə təntənəli mərasimlə keçirilir. Əvvəlcə dövlət himni səsləndirilir. Tədbirdə çıxış edən ziyalılar, müharibə veteranları və valideynlər Vətənə sədaqət borcunu ödəməyə gedən gəncləri təbrik edir, onlara xoş istək və arzularını çatdırır, Ali Baş Komandanın hər bir əmrini canla-başla, sözsüz yerinə yetirmələrini tövsiyə edirlər. SHXÇDX Cəlilabad rayon Şöbənin rəisi bu fikirdədir ki, ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir.Onun sözlərinə görə, dörd günlük müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu yağıya nəyə qadir olduğunu göstərdi. Azərbaycan Ordusu düşmənə döyüş tapşırıqlarını ən qısa müddətdə və dəqiq şəkildə, qarşıya qoyulan vəzifəyə uyğun formada həyata keçirmək; Ən müasir silahlardan məharətlə, peşəkarlıqla istifadə etmək, yerli şəraitə və relyefə uyğun silah növü seçmək; Düşməni qəflətən yaxalayaraq çaxnaşmaya salmaq, silah-sursatını ataraq müqavimətsiz qaçmağa məcbur etmək; İllər boyu bərkidilmiş, havadan və qurudan müdafiə sədləri yaradılmış əlçatmaz mövqeləri qısa müddətdə almaq; Alınmış mövqelərdə qısa zaman kəsiyində möhkəmlənmək, geriyə qayıtmağa cəhd edən düşmənin bütün həmlələrini dəf edərək yerində oturtmaq; Hərbi əməliyyatların gedişində dinc əhaliyə xətər toxundurmamaq dərsi keşdi.
***
Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial–iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi,cənab Namiq Zeynalovun rəhbərlik etdiyi Cəlilabad rayonunda da uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ümumilikdə ölkənin, eləcə də Cəlilabad rayonunun da sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.