Cəmiyyət (23-10-2017, 11:31)
Neftçala rayonu: İqtisadi artım,dinamik inkişaf
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin təbliği Neftçala rayon İcra Hakimiyyətinin Başçısı cənab İsmayıl Vəliyevin apardığı ideoloji işin başlıca istiqamətini təşkil edir.Regionlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirildikdən sonra rayon rəhbərliyinin bu sahəyə ayırdığı diqqət daha da artmışdır.Bütün məsələlərə diqqətlə yanaşılır və müvafiq tədbirlər görülür.Verilən məlimatlara əsasən cənab İsmayıl Vəliyevin rəhbərlik etdiyi Neftçala rayonunda 2017-ci ilin 9 ayında ümumi məhsul istehsalının həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən 21,4 % artmışdır. Ötən dövr ərzində ümumi məhsul istehsalı 235,7 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,5 milyon manat çoxdur. Ümumi məhsulun həcmində qeyri-dövlət bölməsinin payı 76,9 %-ə çatmışdır. Adambaşına 2736,5 manatlıq məhsul istehsal edilmişdir ki, bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 20,3 % çoxdur.2017-ci ilin ötən ayları ərzində rayonda 69 yeni müəssisə yaradılmış, 771 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələr üzrə 69, fiziki şəxslər üzrə 771, mövcud müəssisə və təşkilatlarda 24, fəaliyyəti bərpa edilmiş müəssisə təşkilatlarda 5 olmaqla cəmi 773 daimi yeni iş yeri açılaraq işsiz və işaxtaran vətəndaşlar işlə təmin olunmuşdur. Rayonda aparılan tikinti-quruculuq və kənd təsərrüfatında mövsümü işlərə 3715 nəfər cəlb olunmuşdur. Ümumilikdə rayon üzrə 4584 nəfər işlə təmin edilmişdir. Yeni iş yerlərinin açılması istiqamətində ölkə rəhbərinin qarşıya qoyduğu tələblərə müvafiq olaraq əlavə tədbirlər görülür.Hesabat dövründə rayonda fəaliyyət göstərən üç nərəbalıqartırma zavodları tərəfindən 6 milyon 560,0 min ədəd nərə cinsli körpə balıqlar yetişdirilərək Kür çayı vasitəsilə Xəzər dənizinə buraxılmışdır.
Maliyyə göstəriciləri yaxşılaşır
Əlbəttə, dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Təcrübəli maliyyə mütəxəssisi Rəşid Manafovun rəhbərlik etdiyi Neftçala rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, maliyyə qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər
Əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırıb. Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulub və iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməkdədir. Bu müsbət tendensiya Neftçala sakinlərinin sosial rifahında da özünü göstərir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon Şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin «Dövlətimizin siyasəti-iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir» - sözlərini deviz götürən Şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar.Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzarətdə saxlanılan məsələlərdən olmuşdur.Belə ki Neftçala rayonunda 01 oktyabr 2017-ci il tarixə pensiya və sosial müavinət alanların sayı 14079 nəfər olmuşdur. Ünvanlı dövlət sosial yardım alanların sayı 492 ailə olmuş, 141 kimsəsiz ahıl və əlillərə sosial məişət xidməti göstərilmişdir. Pensiya və müavinətlər əhaliyə vaxtında çatdırılmışdır.Cari ilin 9 ayında rayon ərazisində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4 ədəd fərdi yaşayış evinin inşasına başlanılmışdır ki, həmən mənzillər 2 şəhid ailəsinin və 2 Qarabağ müharibəsi əlilinin mənzil şəraitinin yaxşılaşdırılmasını təmin edəcəkdir.
Kənd Təsərrüfatında inkişaf var
Neftçala rayonunda heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 2017-ci ilin altı ayında iri buynuzlu mal-qaranın baş sayı 43 min 233 baş, qoyun və keçilərin baş sayı 136 min 818 başa çatdırılaraq ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 792 və 5720 baş artmışdır. Göstərilən dövrdə diri çəkidə 11085,0 ton ət, o cümlədən 8103 ton quş əti, 15601,0 ton süd, 5 milyon 225 min ədəd yumurta, 280,2 ton yun istehsal olunmuşdur.Rayonda 2017-ci ilin 9 ayında aqrar sahədə müsbət irəliləyişlər olmuşdur. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 30,8% artaraq 94,6 milyon manat olmuş, 2017-ci ilin məhsulu üçün 51 min 154,4 hektar sahədən 118 min 750 ton taxıl istehsal edilmiş, hər hektardan orta hesabla 23,2 sentner məhsul toplanmışdır. 13026 hektar sahədə yazlıq bitkilər əkilmiş, bunun da 85,2%-i pambıq sahələrinin payına düşür. Möhtərəm Cənab Prezidentin tapşırığına əsasən rayonda 11111 hektar sahədə pambıq əkilmişdir ki, bu da keçən illə müqayisədə 7,2 dəfə, 2015-ci illə müqayisədə isə 48 dəfə çoxdur. Ümumilikdə rayon üzrə 944 mülkiyyətçi “MKT İK” MMC ilə 4555,5 hektar, “CTS Aqro” MMC ilə 51.8 hektar, “Neftçala kənd təsərrüfatı” MMC ilə 280 hektar, fərdi qaydada isə 6223.7 hektar sahədə müqavilə bağlanmışdır. Hal-hazırda pambıq sahələrində yığım davam işləri davam etdirilir. Belə ki, 12 oktyabr 2017-ci il tarixə sahələrdən 4087 ton xam pambıq tədarük edilmişdir.Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülmüşdür.
Suvarmada müasir metodlar tətbiq edilir
Elçin Əsədovun rəhbərlik etdiyi Neftçala rayon Suvarma Sistemləri İdarəsi də fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir, Cari ilin ötən ayları ərzində tələb olunan qədər suvarma kanalları, kollektor –dren sistemi lildən təmizlənmiş,eləcədə suvarma kanallarında kollektor-drenlərdə hidrotexniki qurğular və aqreqatlar əsaslı və cari təmir edilmişdir.Yerlərdə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində yerlərdə suvarma kanallarının qazılması, lildən təmizlənməsi, mövcud suvarma kanallarının betonla üzlənməsi, onların üzərində hidrotexniki qurğuların bərpası və yeni qurğuların tikinti işləri tamamlanmışdır. Su və Meliorasiya təşkilatları tərəfindən 331,4 km suvarma kanalları, 378,6 km kollektor-dren sistemi lildən təmizlənmiş, suvarma kanallarında 46 ədəd, kollektor – drenlərdə 49 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilmişdir. Rayonda 14 min 500 hektardan yuxarı əkin sahələrini suvarma suyu ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar Kür çayından Xol zonasına 25 km uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə layihəsinin tikintisinə 2006-cı ildə başlanmışdır. Kanalın tikintisinə 6 milyon 8.8 min manat vəsait xərclənmişdir. 24 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Neftçalaya tarixi səfəri zamanı Neftçala Magistral Su kanalının istifadəyə verilməsi ilə bağlı tədbirdə iştirak etmiş və kanalın tikintisinin davam etdirilməsi ilə bağlı göstərişlər vermişdir. Neftçala rayonunda əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün 8000 hektar torpaq sahəsində hal-hazıra kimi 21 km uzunluğunda torpaq kanalının 12 km hissəsi lildən təmizlənmiş, eləcə də ərazidə 1 ədəd transformator yarımstansiyasının qurulması işlərinin tikintisinə başlanılmışdır.
Səhiyyənin səviyyəsini xarakterizə edən göstəricilər yaxşılaşmaqdadır
Neftçala Rayon Mərkəzi Xəstəxanası və digər səhiyyə obyektləri 2017-ci ilin ötən ayları ərzində ərzində “Yerli İcra Hakimiyyətləri haqqında əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai – siyasi və hümanitar məsələlər şöbəsinin səhiyyə sahəsi üzrə tədbirlər planına və rayon səhiyyə şöbəsinin iş planına uyğun olaraq rayon əhalisinə imkanları daxilində yüksək səviyyədə tibbi xidmət göstərmişlər. Vərəmə şübhəli olan xəstələr rentgenoloji, mantu sınağı, bəlğəmin müayinəsi və s. müayinələr aparılmaqla dəqiqləşdirilmiş, aşkar olunmuş xəstələr dispanser qeydiyyatına götürülmüş, lazım olan tədbirlər həyata keçirilmişdir.Mütəmadi olaraq uşaq bağçaları və məktəblərdə tibbi müayinələr aparılmış (işçilər, şagirdlər və uşaqlar arasında), onlara tibbi yardım göstərilmiş, lazım olan dərman və sarğı materialları ilə təchiz olunmuşlar.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Neftçala rayonunda əhalinin tibbi müayinəsinin mütəşəkkil qaydada keçirilmişdir. Belə ki respublika əhalisinin ümumi profilaktik tibbi müayinələrə cəlb olunması barədə verdiyi tapşırığına əsasən rayonun idarə, müəssisə və təşkilat kollektivlərinin və yaşayış məntəqələri üzrə əhalinin tibbi müayinələrdən keçməsi təmin edilmiş, ümumilikdə rayon üzrə 59287 nəfər profilaktik tibbi müayinələrə cəlb olunmuşdur.2013-cü ildən əsaslı təmirinə başlanılmış Mərkəzi Rayon Xəstəxanasında işlər tam başa çatdırılmış, xəstəxana zəruri inventar və müasir tibb avadanlıqları ilə təchiz edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 24-də rayonumuza növbəti tarixi səfəri zamanı Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmiş, xəstəxanada yaradılan şəraitlə yaxından tanış olmuşdur.
NEFTÇALALILAR VƏTƏNİN MÜDAFİƏSİNƏ HAZIRDIRLAR
Neftçala rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi strateji əhəmiyyətə malik məsələ kimi diqqət mərkəzində saxlanılır. Rayon İcra Hakimiyyəti başçısı aparatı 2017-ci ilin 9 ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsi ilə daimi yaxından əlaqə saxlamışdır. 2017-ci ilin 9 ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən 244 nəfər çağırışçı hərbi xidmətə cəlb olunmuşdu Gənclərin hərbi xidmətə yola salınması həmişə təntənəli mərasimlə keçirilir. Əvvəlcə dövlət himni səsləndirilir. Tədbirdə çıxış edən ziyalılar, müharibə veteranları və valideynlər Vətənə sədaqət borcunu ödəməyə gedən gəncləri təbrik edir, onlara xoş istək və arzularını çatdırır, Ali Baş Komandanın hər bir əmrini canla-başla, sözsüz yerinə yetirmələrini tövsiyə edirlər. SHXÇDX Neftçala rayon Şöbənin rəisi bu fikirdədir ki, ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin öz vədinə sadiq olduğunu təsdiq edir.Onun sözlərinə görə, dörd günlük müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusu yağıya nəyə qadir olduğunu göstərdi. Azərbaycan Ordusu düşmənə döyüş tapşırıqlarını ən qısa müddətdə və dəqiq şəkildə, qarşıya qoyulan vəzifəyə uyğun formada həyata keçirmək; Ən müasir silahlardan məharətlə, peşəkarlıqla istifadə etmək, yerli şəraitə və relyefə uyğun silah növü seçmək; Düşməni qəflətən yaxalayaraq çaxnaşmaya salmaq, silah-sursatını ataraq müqavimətsiz qaçmağa məcbur etmək; İllər boyu bərkidilmiş, havadan və qurudan müdafiə sədləri yaradılmış əlçatmaz mövqeləri qısa müddətdə almaq; Alınmış mövqelərdə qısa zaman kəsiyində möhkəmlənmək, geriyə qayıtmağa cəhd edən düşmənin bütün həmlələrini dəf edərək yerində oturtmaq; Hərbi əməliyyatların gedişində dinc əhaliyə xətər toxundurmamaq dərsi keşdi.
***
Qeyd edilənlər Prezident İlham Əliyevin müdrik və uzaqgörən sosial–iqtisadi siyasətinin bütün uğurlarının əsası olduğunu və bu siyasətin respublikamızın bütün bölgələrində olduğu kimi,cənab İsmayıl Vəliyevin rəhbərlik etdiyi Neftçala rayonunda da uğurla həyata keçirildiyini bir daha sübut edir. Yaradılmış güclü iqtisadi potensial, aparılan möhtəşəm quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ümumilikdə ölkənin, eləcə də Neftçala rayonunun da sabit inkişafı təmin ediləcək, nəzərdə tutulmuş bütün işlər, sosial proqramlar yerinə yetiriləcəkdir.
