Region (11-07-2016, 11:34)
“Onun karyerasının sonlarıdır”
“İdmançılar Rioya turist kimi getmədiklərini bilməlidirlər”
Mediatv.az Afina Olimpiya Oyunlarının qalibi, iki qat dünya çempionu və Azərbaycan Güləş Federasiyasının gənclər üzrə vitse-prezidenti Fərid Mansurovun AzNews.az-a müsahibəsini təqdim edir:
- Fərid bəy, Olimpiya Oyunlarına yola düşəcək idmançılarımızla bağlı nə düşünürsünüz?
- Təbii ki, lisenziya qazanan hər bir yunan-Roma güləşçisindən nəticə gözləyirik. Hazırda təlim-məşq toplanışındadırlar. İnanırıq ki, güləşçilərimiz həmişə olduğu kimi yenə vətənə yüksək əyarlı medallarla qayıdacaqlar.
İstər Azərbaycan Güləş Federasiyası, istərsə də Gənclər və İdman Nazirliyi tərəfindən lazımi diqqət və qayğı göstərilir. Vaxtlı-vaxtında təlim-məşq toplanışları, yarışlarda iştirakları təmin olunur. Əvvəllər komandamız ancaq idmançılardan ibarət idi. Ancaq indi güləş komandamızın psixoloqu, həkimi, fizioterapevti var.
Güləş millisi komanda kimi artıq formalaşıb.
- Olimpiya çempionu, keçmiş idmançı olaraq kimin qızıl medal gətirəcəyini düşünürsünüz?
- Konkret olaraq bu barədə nə isə deyə bilmərəm. Amma ora gedən güləşçilərin çoxundan medal gözlənilir. Mən əvvəldən proqnoz verməyi xoşlamıram. Kimin qismətində qızıl varsa, yaxşı hazırlaşıb, təlim-məşqlərdə yaxşı iştirak edibsə, o da qazanacaq.
Ümid edirik ki, xəta-bəladan, zədədən uzaq olacaqlar. Bir sözlə hər biri qızıl medal almağa qadirdir.
- Başqa kimin lisenziyaya layiq olduğunu düşünürdünüz?
- Layiq olanlar artıq lisenziyalarını alıblar. Kim layiq deyilsə, o da vəsiqə qazana bilməyib. Bu idmanda hər şey haqq-ədalətlə olur, hər bir güləşçiyə də şans verilir.
- Bəs sizcə, güclü olduğu üçün deyil, bəxti gətirdiyindən lisenziya alan varmı?
- Ümumiyyətlə, idmanda sırf bəxti gətirmək fikri ilə razı deyiləm. İdmanda bəxt idmançının seçdiyi düzgün yoldan aslıdır.
Əgər idmançı düzgün yoldadırsa, dügün məşq prosesləri keçirsə, hər bir şeyi qaydasında edirsə, o zaman idmançının şansı da olacaq, medal da qazanacaq.
- Rövşən Bayramov sizin güləşdiyiniz vaxtdan idmandadır. 2 dəfə olimpiya oyularının bürünc mükafatını qazanıb. Bəs o, olimpiadada bu dəfə nə edə bilər?
- Rövşən Bayramov artıq 3-cü olimpiadadır ki, iştirak edir. Deyərdim ki, Bayramov güləşçilər arasında ən stabil nəticə verən idmançıdır.
O, 2 olimpiadadan gümüş medal qazanıb. Yəni 2 dəfə qızılın bir addımlığında olub. İnanırıq ki, 3-cü dəfə çıxış etdiyi Olimpiya Oyunlarından finala yüksəlib, qızıla layiq olar. Rövşən başa düşür ki, artıq hardasa karyerasının sonlarıdır. Bu şansdan yaxşı istifadə etməlidir. Özü bunu bir idmançı kimi çox gözəl başa düşür.
- Bayaq dediniz ki, heyətə idmançılarla yarış öncəsi söhbət üçün prixoloqlar da cəlb olunub. Bəs psixoloqların idmançıların psixoloji durumu, psixoloji hazırlığı ilə bağlı fikirləri nədir?
- Hər şey qaydasında gedir. Təbii ki, vaxt daraldıqca gərginlik daha da artır. Amma psixoloqların da işi ondan ibarətdir ki, idmançılarda bu gərginliyi aradan qaldıra bilsin. Onların öz yanaşması var.
- Bir peşəkar kimi Olimpiya Oyunları öncəsi hansı idmançıda daha çox həyəcan hiss edirsiniz?
- Həyəcan nəinki idmançılarda, bütün komandada var. Biz sıradan bir yarışa getmirik ki, deyək udsam udaram, uduzsam da olsun, növbəti il qalib gələrəm. Bu, 4 ildən bir keçirilən yarışdır. Burada şansını qaçıran hər bir idmançı daha 4 il gözləməldir. Dörd il yenidən əziyyət çəkib hazırlaşmalıdır.
Ona görə də bir az onun həyacanı, bir az çəki salma prosesləri var. Bunlar da üst-üstə yığılır, həm idmançılarda, həm məşçilərdə, həm də federasiya rəhbərliyində həyəcan yaradır.
- Həsən Əliyev lisenziya qazana bilmədi. Sizcə, onun vəsiqəni təmin edə bilməməsində səbəb nə idi?
- Bildiyiniz kimi, Həsən Əliyev Avropa və Dünya çempionudur. London olimpiadasının da iştirakçısıdır. Bu, idmandır, idman həyatında da hadisələr baş verə bilər. Təbii ki, lisenziya qazana bilməməsində problem Həsənin öznüdədir. Amma o özü də bunu normal qarşılamamlıdır. Bu dəfə lisenziya qazanmaqda şans ondan yana deyilmiş.
Həsən Əliyev də uşaq deyil, məşqlərini davam etdirməlidir. Yəni, həyat bununla bitmir.
- Əvvəldən proqnoz vermək istəmədiyinizi dediniz. Amma yenə də soruşmaq istərdim. Güləşçilərimiz təxminən neçə medal qazana bilər?
- Əvvəlcədən də dediyim ki, hamısından medal gözləyirəm. Əgər idmançılar olimpiadaya hazırlaşır, yarışa yollanırlarsa, həmin ölkəyə turist kimi getməli deyillər. İdmançılar da bunu yaxşı başa düşürlər, bilirlər ki, Rionu gəzmək xatirinə getmirlər.
Onlar yaxşı dərk edirlər ki, Rioya medal dalınca gedirlər. Qələbə qazanmağa, bayrağı qaldırıb himni səsləndirməyə gedirlər.
- Fərid bəy, bir vaxtlar millidən uzaqlaşmış, keçmiş komanda yoldaşınız Elçin Əliyev yenidən idman qayıdıb. Məşqləri yenidən alınırmı, adaptasiya ola bilibmi?
- Alınır deyəndə ki, Elçin Əliyev güləşini davam etidirirdi. O, idmandan tamamilə getməmişdi. Sadəcə olaraq yığma komandaya Rövşən Bayramova hazırlıqda kömək etməsi üçün cəlb olunub. Lakin o, idmanı tərk etməmişdi, öz idman cəmiyyətində məşqlərini davam etdirirdi.