Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (4-05-2016, 10:35)
Novella Cəfəroğlu: “Ailəm İsraili seçib, mən öz dövlətimi...”

Novella Cəfəroğlu: “Ailəm İsraili seçib, mən öz dövlətimi...”

“Məni tənqid edənlər arasında məndən yaxşı hüquq müdafiəçisi varsa...” 

 

Mediatv.az xəbər verir ki, onu mətbuatda “Mamaşa” adı ilə tanıyırlar. Bu ad isə onun media əhlinə, fəal gənclərə göstərdiyi analıq qayğısına verilən ən doğru qiymətdir. Söhbət Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlundan gedir. O həm məhbus ailələrinin, həm də həbsdə olanların ümid yeridir. Hətta bu ümid özünü doğrultmasa belə, bağlı qapılar arxasında olanlara təsəlli olur. Hər dəfə əfv ərəfəsində bütün diqqətlər ona yönəlir, əfvdən sonra isə o sanki unudulur... Özünün dediyinə görə, heç quruca “sağ ol” deyən də olmur.
“Yeni Müsavat” bu dəfə həm hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə hal-əhval tutmaq, həm də rəhbəri olduğu Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin işini işıqlandırmaq üçün təşkilatın İçərişəhərdə yerləşən ofisinə üz tutub. Bizi gülərüzlə qarşılayan  kollektiv də başımıza toplaşıb, Novella xanımla müsahibəmizə diqqət kəsildi: 
- Necəsiniz, Novella xanım? İşləriniz necə gedir? 
- İşlərimiz çətin gedir. Hazırda layihələrimiz yoxdur. Cəmi bir layihəmiz var. Bir-iki layihə də gözləyirik, onlar verilsə, işlərimiz nisbətən düzələcək. Son iki il bizə bir qədər çətin oldu. Qanun qəbul olunandan sonra xarici QHT-lərin Azərbaycana gəlməməsi təkcə bizə yox, bütün QHT-lərə çətinlik yaradıb. Biz indi fikirləşirik ki,  bu yaxınlarda qanuna dəyişikliklər olsun. Çünki bizə gəlməyən pul Ermənistana və Gürcüstana gedir. Biz QHT-lər də xarici donorlar vasitəsilə ölkəyə pul gətirirdik. İndiki iqtisadi durumda buna ehtiyac var. Əksinə, biz çalışmalıydıq ki, ölkəyə maksimum donorlardan vəsait cəlb edək. Bizim cəmiyyətin üzvləri çoxdur, regionlarda mərkəzlərimiz var. Onları işləməsi üçün maliyyə lazımdır. 
 
- QHT-lərə təzyiqlərin olduğu vaxtlarda itkiləriniz oldumu? Cəmiyyətdən ayrılanlar varmı?
- Bizim cəmiyyət elə bir vaxtda qurulub ki, hamımız milli mücadilə vermişik, mitinqlərdə iştirak etmişik. Biz əqidə baxımından formalaşmış bir təşkilatıq. Ona görə də gedən qızlarımız olubsa, özlərinə təşkilat qurub iş görürlər. Ancaq son illərdə ayrılanlar olmayıb. 
 
- Yəqin ki, ölkə başçısının sonuncu əfv sərəncamına ən çox sevinənlərdən biri də siz oldunuz... İşçi Qrupu olaraq, əfv sərəncamının verilməsində öz əməyinizi necə qiymətləndirirsiniz?
 

- Bu yaxınlarda “Azadlıq” qəzetində Xədicə İsmayılın açıqlamasını oxudum. Allah onun və bütün məhbusların qapısını açsın. İşçi Qrupunu tənqid edərək deyir ki, guya biz gözə kül üfürməklə məşğuluq. Onu deyim ki, biz hüquq müdafiəçiləri İşçi Qrupundan əvvəl də var idik və yüzlərlə insanın azadlığa çıxmasında vasitəçi olmuşuq. Onda hələ beynəlxalq təşkilatların Azərbaycana təsiri yox idi. Sözsüz ki, əfv məsələsində beynəlxalq təşkilatların rolu böyükdür. Ancaq təzyiqlə nəyəsə nail ola bilmədilər. Biz həmişə beynəlxalq  təşkilatlarla görüşəndə deyirdik ki, Azərbaycana təzyiq etməyin, bizim hökumətlə dialoqla danışın. Hökumətlə beynəlxalq təşkilatların arasında dialoqun bünövrəsini biz qoymuşuq. İstənilən məsələdə vətəndaşlar  məhz bizə müraciət edirlər. Biz İşçi Qrupu olaraq təkcə siyasi məhbusları yox, həm də sadə insanları, qadın hüquqlarını qoruyuruq. Biz qadınlara liderliyi öyrədirik. Regionlarda mərkəzləri ilk dəfə biz yaratmışıq. 

İlk dəfə mənə rəhmətlik Tahir Məmmədov  “Mamaşa” deyib”

-  Siyasi məhbus ailələri ilə  işləməyin hansı çətinlikləri var? Siz həmişə ümid verirsiniz ki, əfv olacaq. Ancaq bilirsiniz ki, olmaya da bilər...
- Hüquq müdafiəçisi olaraq bizim məqsədimiz odur ki, onları hansı yolla olursa-olsun azadlığa çıxardaq. İşçi Qrupunda olan insanlardan heç birimizin bu məsələdən qazancımız yoxdur. Hökumət bizə nə ev verir, nə maşın verir, nə pul verir. Heç bir hüquq müdafiəçisinə bunlar verilmir. Biz beynəlxalq təşkilatlardan da  siyasi məhbusların müdafiəsi üçün 1 manat pul almırıq. Bu səbəbdən məhbusların azadlığa çıxmasına çox sevinirik. Qoy gənclər azad olunsun, ailələrinə qovuşsunlar. Çoxusu bizə heç “sağ ol” da demir. Deyirlər ki, İşçi Qrupu kimdir, bizi beynəlxalq təşkilatlar çıxartdı. Ancaq bilməlidirlər ki, ən böyük zəhməti İşçi Qrupu çəkib. 
- Əfvlə bağlı verdiyiniz ümidlər düz çıxmayanda məyus olursunuzmu?
- Ümid verdiyimiz insanlar çıxmayanda çox məyus oluruq. Ancaq mənim borcumdur ümid vermək. Əvvəllər həbsdə olanlar mənə deyirdilər ki, Novella xanım, yalandan da olsa siz deyin ki, əfv olacaq. O zaman biz sevinirik, ümidlə yaşayırıq. Həmin insan çıxmasa belə, başqa bir insan çıxacaq. 
- Mediada və müxalifət düşərgəsində sizə nə üçün “Mamaşa” deyirlər? Nə vaxtdan bu söz yarandı?
- Əbülfəz Elçibəyin ətrafında o zaman 8 nəfər gənc var idi. İndi onlardan bəziləri rəhmətə gedib. Mən sanki onları oğulluğa götürmüşdüm. Hamısına oğlum deyirdim. İlk dəfə onlardan rəhmətlik Tahir Məmmədov mənə “Mamaşa” dedi. Çox istədiklərindən belə deyirdilər. Onlar nə isə edəndə Əbülfəz bəy mənə deyirdi ki, oğlanlarına yiyə dur. O gənclər mənə o qədər “Mamaşa” dedilər ki, bütün cəmiyyətdə bu ad yayıldı. Mən bu illər ərzində həmişə çalışmışam ki, mənim yanıma gələn kim varsa, ona analıq münasibəti göstərim.
 
- Sizin haqqınızda bəzən deyirlər ki, Novella xanım  artıq yaşlanıb, mübarizə aparmağa gücü qalmayıb, yerini gənclərə verməlidir və sair. O insanlara nə  demək istəyirsiniz?
 

- Vallah, hələ ki gücüm var. Hələ ki burada otura bilirəm. Hər yerdə, həm müxalifətdə, həm iqtidarda, həm beynəlxalq təşkilatlarda sözüm keçir. Hər yerdə mənə qulaq asan var. Ona görə də getmirəm. Gedəndə hamısını yığıb, sağollaşıb gedəcəyəm. Nə qədər ki, gücüm var, burdayam. Hansı hüquq müdafiəçisi məndən güclü işləyir? Yetişsinlər, gəlsinlər, məndən güclü olsunlar, mən yerimi verim onlara. Məni tənqid edənlər arasında məndən yaxşı hüquq müdafiəçisi varsa, gəlsin görək onların sözü hər 3 yerdə keçəcəkmi... Bunu bacarsalar, o zaman mən razılaşaram  ki, getməliyəm. 
- Bir foto var, Nyu-Yorkdakı “Azadlıq” heykəlinin başına sizin üzünüzü yerləşdiriblər montajla. Onun müəllifi kimdir? 
- Onu hüquq müdafiəçisi olan qızlarımızdan biri Elmira Ələkbərova hazırlayıb və 70 illik yubileyimdə mənə hədiyyə edib. Çox dərin mənalı, çox sevdiyim fotodur. Gələcəkdə onu çərçivəyə salıb divardan asmağı düşünürəm. 
- Məhbus ailələri ilə  hökumət  arasında vasitəçi olmaq çətindirmi sizin üçün?
 
- Əlbəttə, çətindir.  Elə bilirsiniz ki, “yuxarı”da bizə hər dəqiqə qulaq asırlar? Bəzən biz İşçi Qrupu olaraq hökumətdəki məmurlara hamımız birdən müraciət edirik, bəzən tək-tək müraciət edirik. Qəbullara gedirik. Bəzən qəbul edirlər, bəzən qəbul etmirlər. Zakir Qaralovun, Ramil Usubovun, Rüstəm Usubovun, Fuad Ələsgərovun qəbulunda olmaq çox çətindir. Onların da işləri var, vaxtları yoxdur. Biz çalışırıq, çətinliyə dözürük, ancaq özümüz üçün yox, hansısa məhbus üçün. Bu şəxslərin yanına girib, kimlərinsə azadlığa çıxmasını xahiş eləmək bilirsinizmi nə qədər çətindir? 
Bunu qəbul etsinlər ki, biz buna nail olmuşuq. Bizim sözümüz keçir, gec də olsa bizi qəbul edirlər, xahişlərimizi həyata keçirirlər. Bu hüquq müdafiəçisi üçün böyük uğurdur. Bizi hər tərəfdən də vururlar. Kim nə deyirsə desin. Mən təkcə siyasi məhbusların yox, qadınların da məsələlərini onlara çatdırıram. Hamısını həll edirlər. Mənim ən yaxın silahdaşlarım Sahib Məmmədovdur, Əliməmməd Nuriyevdir. Bu işdə bizə “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu da həmişə dəstək olub. Müxalifət kimi çıxış edəndə də o qəzet bizim üçün açıq olub, iqtidara xoş söz deyəndə də. Belə insanlarla bu yolu getmək hamımız üçün şərəfdir. 
 
- Bir müddət öncə, Vergilər Nazirliyi QHT-lərdə yoxlamalara başladı. Bəzi QHT-lərin əmlakı müsadirə olundu, bəzilərinin hesabına həbs qoyuldu. Siz o zaman hansı çətinliklər yaşadınız?
- Bizim hesabımız bağlanmadı. Sadəcə, Vergilər Nazirliyinin əməkdaşları gəlib  bütün materiallarımızı yoxladı, hər şeyin qaydasında olduğuna əmin olandan sonra yoxlamalar dayandırıldı. İstədilər ki, bir balaca problem yaratsınlar. O zaman biz göstərdik ki, bizdə problem yoxdur. Biz bütün layihələrimizi audit edirik. Hər layihənin sonunda biz hökumətdən audit çağırıb, yoxlama həyata keçiririk ki, onların rəsmi sənədi əlimizdə olsun. 
 
- Bildiyimə görə, ailəniz İsraildə yaşayır. Onlardan ayrı yaşamaq sizin üçün çətindirmi? 
 

- Əlbəttə, çətindir. Sadəcə, onlar öz dövlətlərini seçiblər, mən də öz dövlətimi... Gedib-gəlirəm. Uşaqlarım orada da yaşasa, Azərbaycanı çox sevirlər. İldə bir-iki dəfə gəlirlər. Azərbaycan haqqında bir məqalə çıxan kimi sevinclə onu mənə göndərirlər. Az öncə oğlum mənə Azərbaycan  haqqında çəkilən bir klip göndərib. Onlar ölkəmizlə bağlı hər xəbərə həssasdırlar. Onu da deyim ki, İsraildə Azərbaycan diasporu çox güclüdür. Bu il Xocalı soyqırımı ilə bağlı orada 613 nəfər həlak olan şəxsin xatirəsinə 613 ağac əkilib. İsraildə heç bir diaspora Azərbaycan diasporu qədər güclü deyil. İsrailin də Azərbaycana münasibəti normaldır. 
Söhbətimizə cəmiyyətin digər üzvləri hüquq müdafiəçisi Cəmilə Səmədova və Qadın Sülh və Təhlükəsizlik Mərkəzinin sədri Dilarə Əfəndiyeva ilə davam etdik. Onlar cəmiyyətin hər bir layihəsində yaxından iştirak etdiklərini və aztəminatlı ailələrə hüquqi yardım göstərdiklərini bildirirlər. Onların sözlərinə görə, hazırda regionlarda qadınların yaşadıqları əsas hüquqi problemlərdən biri rəsmi nigaha girmədən qurulan ailələrdə boşanma zamanı yaşanan çətinliklərdir. 
Cəmiyyətin layihə koordinatoru Nabat Qəniyeva və Din və Maarifçilik Mərkəzinin rəhbəri Əntiqə Qurbanova isə regionlarda qadınlar üçün keçirdikləri təlimlərdən danışaraq bildirdilər ki, bölgələrdə qadınların maddi durumları, təhsil imkanları çox aşağıdır. Cəmiyyətin layihələrində bu məsələlər ön planda tutulur və müəyyən işlər görülür. 
 
“Qadın lider” jurnalının redaktoru Firuzə Əsədullayeva, hüquq müdafiəçisi Səadət Paşayeva da söhbətimizə qoşularaq, həm özlərinin cəmiyyətdəki  rolundan danışdılar, həm də təşkilatın ölkənin hüquq sahəsində gördüyü işləri qiymətləndirdilər. Qeyd etdilər ki, bu təşkilatda hamı universaldır. Yeri gələndə, hüquq müdafiəçisidirlər, yeri gələndə təlimçi, yeri gələndə sadəcə psixoloq, vətəndaşın dərd ortağı...
 
Sonda Novella xanım cəmiyyətin işi ilə bağı bu cür ətraflı reportajın onlar üçün bir ilk olduğunu deyib təşəkkür etdi. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024