Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (11-12-2014, 15:45)
“Heç bilmirəm onlar nə yazırlar, niyə məni söyürlər“

“Əgər Əli Kərimlinin sözü varsa, çıxaq televiziya kanalına. Özünün haqlı, mənim haqsız olduğumu desin"

 

 "Nə yanlış etdiyimi desin, mən də onun yanlışlıqlarını deyim. Yoxsa jurnalistin arxasında durmaqla, pula ehtiyacı olan 10-15 gəncin arxasında gizlənib məni söyməklə özünü haqlı hesab edə bilməz. Bir daha qeyd edirəm ki, yaranan duruma səbəb İsa Qəmbərin partiya rəhbərliyindən getməsi, bununla qara piar kampaniyasının mənə doğru yönəldilməsidir. Bunun üçün də hər cür bəhanə tapırlar. Oyunlar aparırlar ki, guya mən mübarizənin, mitinqlərin əleyhinəyəm”. 
Bunu Teleqraf.com-a müsahibəsində ADP sədri Sərdar Cəlaloğlu bildirib. Müsahibəni təqdim edirik: 
- Sərdar bəy, neçə vaxtdır AXCP nümayəndələri ilə Sizin aranızda problem, qarşılıqlı ittiham, bəzən təhqirlər müşahidə edilir. Buna səbəb nədir?
 - Başım kitablara qarışıb deyə mətbuatı izləmirəm. Heç bilmirəm onlar nə yazırlar, niyə məni söyürlər. Ordan-burdan mənə deyirlər ki, bəs AXCP üzvləri məni söyür, barəmdə yazılar yazırlar.
- Səbəb nədir? 
- Səbəbini bilmirəm. Mən sadəcə son zamanlar iki məsələyə münasibət bildirmişəm. Birinci onunla bağlı idi ki, Əli Kərimliyə yaxın media iddia edirdi ki, guya bizim Demokratiya və İnsan Hüquqları Mərkəzində olmağımız deputat mandatı əldə etmək istəyimizlə əlaqəlidir. Axı nəyə görə, bloka daxil olmaq deputat olmaq istəyi ilə əlaqələndirilməlidir? Üstəlik  mənim də daxil olduğum on partiya sədrinin piket keçirməyini tənqid eləmişdilər. Demişdilər ki, bu hakimiyyətin sifarişidir. Sonradan bəlli oldu ki, hökumət heç bizim aksiyanı keçirməyə razılıq vermir. Mən də deyirəm ki, piket keçirmək hökumətə xidmət etməkdirsə, onda necə olur ki, siz mitinqlər təşkil edirsiniz? İkincisi, AXCP Müsavatla əməkdaşlıq edəndə, biz heç demədik ki, siz deputat olmaq istəyirsiniz, hökumətə çalışırsınız. Ancaq indi biz Müsavat Partiyası ilə bir blokdayıq və onlar deyirlər ki, biz sifariş yerinə yetiririk. Bir dəfə məndən soruşdular ki, bəs Əli Kərimli müxalifətin lideridir, AXCP yeganə müxalifət partiyasıdır, Milli Şura əsas alternativdir və s. Mən də bu məsələyə şərh verdim. Mən müxalifətdə monopoliyanın əleyhinəyəm. Müxalifətin sağlamlaşdırılmasının, əməkdaşlığının, bir araya gəlməsinin tərəfdarıyam. Hətta biz bir mərkəzdə birləşəndə belə AXCP-nin bu qurumda iştirakını vacib hesab etmişəm. AXCP-nin həssaslığını anlayıram. Barəmdə nə istəsələr danışsınlar, amma mənim buna həssaslığım yoxdur. Çünki deyilənlərin əsası, arqumenti yoxdur. Ancaq biz tarixə baxanda, Əbülfəz Elçibəy zamanı müxalifətdə gedən oyunlara nəzər yetirəndə dərhal qıcıq yaranır. Çünki maskanın cırılması məsələsi meydana çıxır. Bu zaman da arqument tapıb deyə bilmirlər. 
- Bu zaman niyə sizi söysünlər ki? 
- Mən dəqiq bilirəm ki, Əli Kərimli virtual aləmdə 5-10 nəfər oturdub. Məqsədləri də digər ictimai-siyasi xadimləri nüfuzdan salmaq, Əli Kərimlini tərifləyib nüfuza mindirməkdir. Vətəndaş haradan bilsin ki, sosial şəbəkədə bir nəfərin on profili var. Müxtəlif adlar altında məni söyür, Əli Kərimlini tərif edirlər. “Azadlıq” qəzeti və “Azadlıq” radiosunda Əli Kərimlinin tərəfdarları var. Bizi söyür, Əli Kərimliyə məddahlıq edirlər. Bu şəbəkə vaxtilə İsa Qəmbərə qarşı istifadə olunurdu. Təsəvvür edin ki, İsa Qəmbər Milli Şuranın üzvü idi, Əli Kərimli ilə əməkdaşlıq edirdi, lakin mətbuatda və sosial şəbəkələrdə İsa bəyi hər cür təhqir edirdilər. İndi İsa Qəmbər Müsavatın rəhbərliyindən gedib. Bunlar da İsa Qəmbər olmadığı üçün elan edirlər ki, müxalifətin yeganə lideri Əli Kərimlidir. Bu baxımdan müxalifət lideri görünə bilən istənilən şəxsi söyür, təhqir edirlər. İlk hədəf kimi məni götürüblər. İsa Qəmbər lider kimi ortada olmadığı üçün, Əli Kərimlinin təbirincə desək, şəriksiz lider yaratmaq üçün bizə qarşı təhqir və ittiham yağdırırlar. Mən hələ bilmirəm ki, namizədliyimi irəli sürəcəyəm, parlamentə düşəcəyəm, ya yox. Ancaq bunlar mən nə deyirəmsə, hamısını parlamentə düşmək istəyimlə yozurlar. Adama deyərlər ki, əgər parlament seçkilərinə düşmək müxalifətə zərbə vurmaqdırsa, niyə Əli Kərimli üç dəfə parlamentə düşüb? Demək, bu adam müxalifətə zərbə vurmaqla məşğul olub. Ancaq mən Kərimlidən fərqli mövqe ortaya qoyuram. Onun parlamentdə olması isə doğrudan da, müxalifətə zərbə ilə müşahidə edilib. İndi ikili standart dəbdədir. Özləri nə edirlərsə, bunu xalqa xidmət elan edirlər. Başqası nə edirsə, xalqa xəyanət. Təfəkkür bundan ibarətdir. Qeyri sağlam rəqabət aparırlar. 
- Bəs problemi necə yoluna qoymaq olar? 
- Təklif edirəm ki, çıxaq televiziyaya. Əli Kərimli niyə uşaqların, müavinlərinin arxasında gizlənir? Mənim müavinlərim liderlər haqda danışmır. Sıravi ADP-çi belə liderlər haqda bir kəlmə də söz deməyib. Əgər Əli Kərimlinin sözü varsa, çıxaq televiziya kanalına. Özünün haqlı, mənim haqsız olduğumu desin. Nə yanlış etdiyimi desin, mən də onun yanlışlıqlarını deyim. Yoxsa jurnalistin arxasında durmaqla, pula ehtiyacı olan 10-15 gəncin arxasında gizlənib məni söyməklə özünü haqlı hesab edə bilməz. Bir daha qeyd edirəm ki, yaranan duruma səbəb İsa Qəmbərin partiya rəhbərliyindən getməsi, bununla qara piar kampaniyasının mənə doğru yönəldilməsidir. Bunun üçün də hər cür bəhanə tapırlar. Oyunlar aparırlar ki, guya mən mübarizənin, mitinqlərin əleyhinəyəm. Fikirlərimi də konteksdən çıxararaq adımdan yanlış mövqelər yayır, sonra isə bu mövqelərə hücum edirlər. Gerçəklik bundan ibarətdir.  
- Əli Kərimlinin indiki, Sizin keçmiş müavininiz Nurəddin Məmmədli elan edib ki, Sərdar Cəlaloğlu Azərbaycan xalqı üçün itirilmiş insandır və ona vaxt ayırmağa dəyməz. 
- Əgər, mən xalq üçün itirilmiş insanamsa, niyə gecə-gündüz məni söyür, barəmdə danışırlar? İkincisi, xalqın adından danışmaq səlahiyyətini Nurəddin Məmmədliyə kim verib? Nurəddin Məmmədli haradan bilir ki, mən Azərbaycan xalqı üçün itirilmiş insanam? İnsanın itirilməsi onun fikirlərinə cəmiyyətin verdiyi reaksiyalarla əlaqəlidir. Əgər mən bir dəfə deyəndə ki, Əli Kərimli belədir və nəticədə bütün cəbhəçilər üzərimə düşürsə, bu əslində o deməkdir ki, cəmiyyət üçün itirilmiş insan deyiləm. Mənim sözümün ictimai yükünün nə qədər böyük olduğunu özləri görür və elə bu səbəbdən də reaksiyalar verirlər. İkincisi, bir insanın itirilməsi o deməkdir ki, həmin şəxsin ideyaları cəmiyyət üçün əhəmiyyətsiz olsun, fikirləri gündəmi müəyyən etmir və s. Bu mənada mənim və Əli Kərimlinin dünyada və ölkədə baş verən proseslərlə bağlı fikirlərimizə diqqət edin. Görün kim gündəmə düzgün istiqamət vermək, gündəmi müəyyən etmək imkanında olub. İnsanın kim olmasını, itirilib-itirilməməsini bu məqamlar müəyyən edir. Yoxsa, sən mənimlə rəqibsən və qeyri-sağlam yolla da mübarizə aparırsan. Mən Nurəddin Məmmədli, eləcə də Əli Kərimli üçün itirilmiş adam ola bilərəm. Əgər bu xalq elə Əli Kərimli və Nurəddin Məmmədlidən ibarətdirsə, demək, xalq üçün itirilmişəm. Yox, əgər xalq bu ikisindən fərqli düşünürsə, deməli, mən fərqli düşünən insanlar üçün qazanılmışam. Xalq bəyəm Nurəddin Məmmədli kimi düşünənlərdən ibarətdir?  
- Nurəddin Məmmədli uzun illər sizinlə birlikdə olub. İndi nədən sizə qarşı belə fikirlər işlədir? 
- Səmimi etiraf edim ki, Nurəddin Məmmədli bizimlə birgə olanda da fikirlərimiz üst-üstə düşməyib. Məsələn, Nurəddin Məmmədli bizdə olanda Əli Kərimli haqda təhqiramiz fikirlər səsləndirirdi. Onun xalq hərəkatı haqqında özünəməxsus mühakimələri var idi. Elçibəy hakimiyyətdə olduğu zaman Nurəddin Məmmədli dövlət televiziyasında tənqidi çıxışlar edir, Elçibəy iqtidarını ciddi ittiham edirdi. Yəni heç bir məsələdə onunla ortaq mövqedə olmamışıq. Ona görə də onun mənim kimi düşünməməyi təbiidir və mən də heç ondan mənim kimi düşünməyimi tələb etməmişəm. Bu adam mənim yanımda necə idisə, elə Əli Kərimlinin yanında da həmin cürdür. O, deyir ki, hansı binaya girdimsə, onu müdafiə edəcəyəm. Onun üçün fərqi yoxdur. Sabah Daşnaksütyun partiyasına daxil olsa, indi Əli Kərimlini müdafiə etdiyi tərzdə həmin partiyanı müdafiə edəcək. Ancaq düşünmürəm ki, insan harada oldusa, oranı müdafiə etməlidir. İnsan haqlı olduğu məsələləri müdafiə etməli, haqsız məsələləri isə müdafiə etməməlidir. 
- Bu işlərin sonu nə ilə yekunlaşacaq? 
- Bu nəticəyə hesablanan proses deyil. Nə vaxt AXCP sakitləşib, öz yerini biləcək, Əli Kərimli lider kimi çəkisini bilib yerində oturacaq, bu partiya hədəflərini düzgün müəyyən edib keçmişinə tənqidi yanaşacaqsa, bu məsələlər də bitəcək. Yoxsa səhv kursa davam etsə problem olacaq. Əslində, mən bu məsələlərə qarışmıram, daha ciddi işlərim var. Sadəcə jurnalistlər zəng edəndə informasiya subyekti olaraq onların suallarına cavab verirəm. Mənim konfliktdə tərəf olmağa nə vaxtım, nə həvəsim var. Əli Kərimlini min dəfə tərif etsəm və ya pisləsəm xalq bilir ki, o kimdir. Odur ki, mənasız yarışmaya daxil olmuram, sadəcə özümü müdafiə edirəm.  
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024