Region (27-03-2016, 18:16)
Cəmil Həsənli: “İndi məhbusların yeni nəsli, girov məhbuslar dəstəsi yaradılır”
“Siyasi məhbusların hamısı azad edilməli və yeni həbs dalğası durdurulmalıdır”
“Cinayət məcəlləsinə Əli Kərimlinin statusunu bəyənənlərə qarşı ayrıca maddə salınsa, buna təəccüblənmək lazım deyil”
Mediatv.az xəbər verir ki, Milli Şurasının sədri Cəmil Həsənli son əfv sərəncamı və ölkədəki siyasi vəziyyətlə bağlı «Turan»ın suallarına cavab verib. Müsahibəni təqdim edirik:
– Cəmil müəllim mart ayının 17-də verilmiş əfv sərəncamı ilə 14 nəfər siyasi məhbus azad edildi və bu arada Baş prokurorluğun İntiqam Əliyevin cəzasının ağırlığından protest verdiyi məlum oldu.
– Son zamanlar siyasi məhbus və vicdan məhbuslarının bir neçəsi azadlığa çıxıb. Bunu humanizm kimi qiymətləndirənlər bircə şeyi bilməlidirlər ki, bu adamlar həbsdə olmamalı, bu qədər işgəncəyə və haqsızlıqlara məruz qalmamalı idilər. Onlar haqqında böyük qanunsuzluğa yol verilmişdi, cəmiyyətdə öz vətəndaş mövqeyi, ictimai-siyasi fəallığı ilə seçilən bu namuslu insanlara qarşı saxta cinayət işləri quraşdırılmışdı. Əslində, ölkənin qüvvədə olan cinayət məcəlləsinə görə günahsız insanları saxta ittihamlar düzəltməklə azadlıqdan məhrum etdirmiş polis, təhlükəsizlik, prokurorluq, məhkəmə işçiləri cinayət məsuliyyətinə cəlb edilməlidirlər. İntiqam müəllim də saxta ittihamlarla həbs edilmiş bu namuslu adamların biridir və azadlığa çıxmalıdır. Mən onun məhkəmələrində iştirak etmişdim və doğrudan da onun həbsi üçün heç bir hüquqi əsas yox idi. Amma İntiqam bəyin azadlığa çıxması ilə məsələ qapanmır. Siyasi məhbuslar hamısı azad edilməlidir və yeni həbs dalğası durdurulmalıdır. Açığı indiki anda belə yarımçıq addımları ilə Azərbaycan hakimiyyəti siyasi məhbusları deyil, özünü xilas etməyə cəhd göstərir, amma o bunu da yarımçıq edir. Beynəlxalq təzyiq altında Leyla və Arif Yunuslar evlərinə buraxılsalar da, cəzadan azad edilməyiblər, etibarlı müayinə və müalicə hüququndan məhrum ediliblər. Absurd “vətənə xəyanət” ittihamı ilə uzun müddət həbsdə saxlanmış jurnalist Rauf Mirqədirov da cəzadan tam azad edilməyib.
– Bu beynəlxalq təşkilatların və bir sıra aparıcı dövlətlərin əfv sərəncamı ilə bağlı acıqlamalarında da vurğulanır.
– Elədir. Biz əvvəldən də demişik, Xədicəni, İlqarı, Seymuru, İlkin Rüstəmzadəni və saxta ittihamlarla həbs edilmiş digər məhbusları əhatə etməyən əfv siyasi məhbus problemini gündəlikdən çıxara bilməz. Əgər söhbət ölkə prezidentinin mühüm səfər ərəfəsində nümayiş etdirdiyi “humanizmdən” gedirsə, açığı onun ailə biznesini və digər yüksək vəzifəli şəxslərin korrupsiya əməllərini araşdırdığına görə həbs edilmiş Xədicə İsmayılı azad etmədən, bu səfərin uğurla nəticələnəcəyinə ümid bəsləmək çətindir. Qərbdə, xüsusilə Amerikada vəzifəli şəxsləri tənqid etdiyinə görə jurnalisti zindana atmaq çox pis qarşılanır. Xədicənin işi bu gün Azərbaycanın daxili işi olmaqdan çıxaraq beynəlxalq məzmun kəsb edib və Azərbaycan hakimiyyəti daha artıq ifşa olunmaq, daha etimadsız duruma düşmək istəmirsə Xədicəni, İlqarı, siyasi məhbus listəsində yer alan digər məhbusları azad etməlidir. Buna siyasi və hüquqi əsaslar da var.
– Nədən ibarətdir dediyiniz əsaslar?
– Əslində, keçmiş MTN ifşa olunanda onun repressiyalarının qurbanı olan, saxta ittihamlarla həbs edilən vicdanlı, namuslu, ləyaqətli adamlar azadlığa çıxmalı idilər. Bu addımın atılmaması cəmiyyətdə belə rəy yaratdı ki, bu həbslərin arxasında MTN deyil, bilavasitə cənab İlham Əliyev özü dayanırmış. Əks təqdirdə haqqında dəfələrlə Avropa Məhkəməsinin qərarı olmuş İlqar Məmmədovu qanunsuz olaraq həbsdə saxlamasının ayrı izahı yoxdur. Bu adamlar bilavasitə yuxarının tapşırıqları ilə tutulub, onların tapşırığı ilə də azad edilmələri Azərbaycan məhkəmə sisteminin iflasıdır. Eyni ittihamla tutulan, eyni zalda mühakimə edilən, az qala məhkəmə hökmləri nöqtə, vergülünə qədər eyni olan məhbusların biri azad edilir, o birisi yox. Ya artıq “milli maddə” kimi təfsir edilən narkotika ittihamı ilə həbsdə saxlanılan gənclərin bir hissəsi azad edilir, digər hissəsi yox. Buyurub izah etsinlər İlkin Rüstəmzadənin günahı hansı maddəyə görə digər gənclərdən daha ağır olub. Onun buğun həbsdə saxlanması əfvin özünün də siyasi mülahizələrlə verildiyin ortaya qoymurmu? Halbuki İlkin Azərbaycan gəncliyinin ən vətənpərvər, ən istedadlı, ən fədakar, öz ideallarına sadiq bir nümayəndəsidir. Yaxud facebookdakı yazılarına görə cibinə narkotika atılıb 5,6 il həbs cəzası verilmiş Əbdül Əbilovu götürün. Bu istedadlı, vətənpərvər bir gəncdir. Onu şərləyib tutmaqla kimin gözünü qorxutdular? Başqa bir gəncə quraşdırılmış saxta narkotika işinə baxın: tarixçi tələbə Elvin Abdullayev həmin gün verdiyi imtahandan ən yüksək qiymət alır və həmin qiymətin sevincini ailə üzvləri ilə bölüşməyə macal tapmadan polis və təhlükəsizlik orqanları yolda ikən onun cibindən narkotika çıxarır. Ağır cinayət məhkəməsi isə bu saxta ittihamın təfərrüatlarını araşdırmadan, həqiqəti üzə çıxarmaqda maraqlı olmayıb narkotika faktına hüquqi don geyindirməklə bu istedadlı gəncə nə az, nə çox 6 il iş verir. Musavatçı Fərəc Kərimli, Bloqçu Rəşad Ramazanov, vəkil Əlabbas Rüstəmov, ən stajlı siyasi məhbus Səid Dadaşbəyli və digərləri də belə cəfəng, qurama, saxta hökmlərlə həbsdə saxlanılırlar. Cənab İlham Əliyevin qurmaq istədiyi hüquqi dövlətin əsl mahiyyəti, gerçək üzü məhz bundan ibarətdir.
– Cəmil müəllim, əfv və protest addımlarının həbsdə olan AXCP üzvlərindən yan keçməsini necə qiymətləndirirsiniz?
– Bu gün AXCP-nin 10 nəfərə yaxın üzvü siyasi mülahizələrlə həbsdə saxlanılır. Onların təxminin yarısı partiyanın rəhbərliyinə daxil olan şəxslərdir. Fuad Qəhrəmanlı partiya sədrinin müavini, Məmməd İbrahim sədrin müşaviri, Seymur Həzi və Asif Yusifli partiya Rəyasət Heyətinin üzvləri, qalanlar isə AXCP fəallarıdır. Fuad bəy əslində bizim siyasi məhbusların azadlığı tələbi ilə keçirdiyimiz mitinqlərin əsas təşkilatçısı olub. Həbs olunması bilavasitə bununla bağlı olsa da, istintaq orqanları rəsmən etiraf edirlər ki, onu yazdığı statuslara görə həbs ediblər. Bu, söz azadlığına, ifadə azadlığına birbaşa təcavüzdür, ölkənin aparıcı müxalifət partiyası olan AXCP-yə qarşı zorakılıq aktıdır. Seymur Həziylə bağlı da vəziyyət təxminən belədir. Məhkəmədə gün kimi aydın oldu ki, Seymuru saxlamaq üçün polis orqanları hansı iyrənc üsullardan istifadə edib. Vəkil Adil İsmayılov məhkəmədə tutarlı dəlillərlə cinayət işinin saxtalaşdırılması faktını ortaya qoymaqla hakimi çıxılmaz vəziyyətə saldı. Amma siyasi sifariş olduğundan heç nə dəyişmədi. Məlum oldu ki, AXCP rəhbərliyində təmsil olunması Seymurun həbsi üçün yetərlidir. Qarabağ qaziləri Asif Yusifli və Qadir Xudabaxşiyev də bilavasitə AXCP üzvləri olduğu üçün həbsdə saxlanılırlar. Buna necə göz yummaq olar. Ölkənin aparıcı müxalifət partiyası hakimiyyətin repressiyalarının hədəfindədir. Cənab İlham Əliyev dövlətin imkanlarından öz opponentlərinə qarşı istifadə edir və polis, təhlükəsizlik orqanları, prokurorluq və məhkəmələr bilavasitə siyasi sifarişlə aparıcı müxalifət partiyasının rəhbərliyinə daxil olan şəxsləri saxta ittihamlarla həbsə alırlar. Məmməd İbrahimlə bağlı keçirilən rüsvayçı məhkəmə prosesi bunu aydın şəkildə ortaya qoydu. İttiham tərəfinin məhkəməyə dəvət etdiyi bütün şahidlər Məmmədin üzünə durmasalar da hakim ona həbs hökmü oxudu. Başqa cür edə də bilməzdi, AXCP sədrinin müşaviri olduğu üçün Məmmədin hökmü hakimdən əvvəl verilmişdi. Partiya sədrinə gəldikdə isə burada vəziyyət daha acınacaqlıdır.
– AXCP sədri Əli Kərimlini nəzərdə tutursunuz?
– Bəli, Əli Kərimli 8 ilə yaxındır gülünc və saxta bir cinayət işi ilə xarici pasportdan məhrum edilib. Avropa məhkəməsi müvafiq qərar qəbul edib Azərbaycan hakimiyyətini bununla bağlı cəzalandırsa da, lakin məhkəmənin qərarı indiyə qədər yerini yetirilmir. Bunun bircə adı var: iqtidarda olan rəhbər şəxsin dövlətin imkanlarından müxalifət əleyhinə istifadə cəhdi. Təsəvvür edin ki, hazırda nəinki cəbhəçiləri, Əli Kərimlinin sosial şəbəkələrdə yazılarını layk edən hər kəsi rayon polis orqanlarına gətirilib sorğu-suala tuturlar. Hər bir rayonun polis idarəsində sosial şəbəkələrdə laykları izləyən xüsusi qruplar yaradılıb. Həmin qruplar müxalifət liderlərinin, ilk növbədə isə Əli Kərimlinin statuslarını bəyənən insanları nəzarətə götürür və onları çəkindirmək üçün müxtəlif hədə və təzyiq vasitələri işə salırlar. Ona görə də, əgər sabah ölkənin cinayət məcəlləsinə Əli Kərimlinin statusunu bəyənənlərə qarşı ayrıca maddə salınsa, buna təəccüblənmək lazım deyil. Bax, Azərbaycanda müxalifət belə ağır təqib şəraitində fəaliyyət göstərir. Azərbaycan hakimiyyətinin cəmiyyətdə azadfikirliliyə, azad sözə, müxalif düşüncəli insanlara, demokratik düşərgəyə qarşı apardığı repressiyalar indi şaxələnmə dövrünü yaşayır. Sosial şəbəkələrin izlənməsi, virtual aləm aktivislərinin kütləvi təqibi bunun aydın ifadəsidir.
– Cəmil müəllim Avropa insan haqları məhkəməsinin qərarlarına niyə məhəl qoyulmur?
– Beynəlxalq öhdəliklərə əməl edilməməsi, Avropa məhkəməsinin qətnamələrinin yerinə yetrilməmsi ölkəyə, ilk növbədə hakimiyyətin özünə böyük etimadsızlıq yaradır. İlqar Məmmədovun işi bunun ən parlaq nümunəsidir. 3 il əvvəl Əli İnsanov haqqında bəraət hökmü olsa da, indiyə qədər bu qərar yerinə yetrilmir. Bu beynəlxalq öhdəliklərə, insan haqları məhkəməsinin qərarlarına, vətəndaşın haqqına və hüququna etinasızlıqdır. Hakimiyyət haqqında Avropa məhkəməsinin qərarı olan məhbusları həbsdə saxlamaq, siyasi məhbusların dairəsini genişləndirmək üçün ən iyrənc vasitələrə əl atır, yeni formalar uydurur.
– Nələri nəzərdə tutursunuz?
– İndi məhbusların yeni nəsli girov məhbuslar dəstəsi yaradılır. Əli və gücü çatmayan adamların övladları, qohum əqrəbası uydurma ittihamlarla həbs edilib girov götürülür. Hətta, vaxtilə Stalin repressiya maşını belə iyrənc üsullardan çəkinirdi. “Azərbaycan saatı” proqramının və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin yaxın qohumları, “Meydan.tv”-nin rəhbəri Emin Millinin qaynı, həmin media qurumunun əməkdaşı Günel Mövludun iki qardaşı, AXCP sədri Əli Kərimlinin qaynı, “Azadlıq“ və “ Azərbaycan saatı”nın əməkdaşı Natiq Ədilovun qardaşı Murad Ədilov məhz həmin girov məhbuslar sayıla bilər. Girov məhbuslar barəsində başlanmış cinayət işləri, irəli sürülən ittihamlar, çıxarılan hökmlər başdan ayağa qurama hoqqabazlıq, saxtakarlıq faktıdır. Bu günahsız insanlar yaxın qohumlarının hakimiyyəti təmin etməyən fəaliyyətinin girovuna çevriliblər, onların siyasi, mətbu fəaliyyətinə görə, vətəndaş mövqeyinə görə cəzalandırılırlar. Əliyev rejiminin şaxələnmiş siyasi məhbus şəbəkəsinin dairəsi bax belə genişdir. İslamçı, imanlı, etiqadlı məhbuslar həmin şəbəkədə ən baxımsız durumda, diqqətdən kənarda qalıb.
– Hazırda yəqin ki, dini kəsim siyasi məhbusların çoxunluğunu təşkil edir.
– Elədir. Hacı Mövsüm, Hacı Abgül, bir sıra islam üləmaları artıq uzun müddətdir ki, nahaq ittihamların, ədalətsiz hökmlərin hədəfinə çevriliblər. Hakimiyyətin həyata keçirdiyi Nardaran əməliyyatı islamçı siyasi məhbusların dairəsini daha da genişləndirdi. Məhz MTN-nin iflasından sonra Daxili İşlər Nazirliyinin dini radikalizmlə mübarizə adı altında cəmiyyətdə qorxu yaratmaq niyyətləri ikisi polis olmaqla 6 vətəndaşın həyatını itirməsi , Tale Bağırzadə və Müsləman Birliyi Hərəkatının rəhbərliyinin tam tərkibdə həbsi ilə nəticələnmişdir. Nardaran əməliyyatından sonra İslamçı məhbuslar istintaq prosesində ən ağır işgəncələrə məruz qalıblar, Hacı Taleyin döyüldyü, işgəncələr nəticəsində onun burnunun sındırıldığı artıq sirr deyidir. Eyni zamanda uzun müddət vəkillərinin onların yanına buraxmaması, ailələri ilə hər hansı əlaqəyə imkan verməməsi, bu şəxslərin ən elementar insanı hüquqlarının pozulması onların siyasi məhbus kimi tanınması üçün yetərlidir. Ona görə ölkəmizdə siyasi məhbus problemi bütün kəskinliyi ilə davam etməkdədir. Bu problem qaldıqca hakimiyyətin beynəlxalq etimadı və vətəndaşlaın etibarını itirməsi qaçılmazdır. Onsuz da bu etimad və etibar kritik həddə qədər aşağı düşüb.