Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (19-03-2016, 17:20)
Deputat: “Mən Allahın bədbəxtiyəm”

 MM-in deputatı: “Mən Allahın bədbəxtiyəm”

Tahir Kərimli: “Eşitdim ki, qardaşım adımdan istifadə edir, üstünə yoxlama göndərdim”

 

Mediatv.az:  Parlamentin yeni tərkibinin fəal üzvlərindən biri Vəhdət Partiyasının sədri, 1992-93-cü illərdə Ali Məhkəmənin sədri olmuş istiqlalçı deputat Tahir Kərimlidir. Elə son iclasda da bir sıra maraqlı təklifləri ilə diqqət çəkdi. Lakin iclasdan sonra Vəhdət sədri ilə söhbətimizdə onu bir az da bədbin və küskün gördük və bunun səbəbini öyrənməyə çalışdıq: 
 
-Tahir bəy, bu yaxınlarda 60 yaşınız tamam oldu. Lakin nə yubiley tədbiriniz oldu, nə parlamentin iclasında təbrik səslənmədi. Özünüz istəmədiniz, yoxsa unuduldunuz?
- Vallah düzü, mən ad günümü heç ev şəraitində də qeyd eləmədim. Ümumiyyətlə, çıxıb İsmayıllıya getdim ki, yaxın adamlar heç evə də gəlməsinlər. Həmin gün nəvələrimlə oynadım. Bilmirəm bu, küskünlüklə bağlıdır, yoxsa...Açığını deyim ki, hələ bədbin auradan tam çıxa bilmirəm. 
 
-Niyə bədbinsiniz, bəy? Siz yubileyinizi cibinizdə mandatla qeyd edirsiniz...
-Onu deyim ki, Milli Məclisin rəhbərliyi, Oqtay müəllim, Ziyafət müəllim, Bahar xanım, Səfa bəy hardansa bilmişdilər, məni təbrik etdilər, birgə şəkil çəkdirdik, gül buketi hədiyyə elədilər. Bundan əlavə bir neçə deputat yoldaşım da təbrik etdi. Ancaq hətta telefonlarımı da bağladım. Yəni heç həvəsində olmadım. 
-Səbəbi nədir? İndiyədək ad günü, yubiley keçirməmisiniz, yoxsa...
 
-Yox, keçirmişəm. Məsələn, hətta 59 yaşımda da insanlar gəlib, evdə qeyd etmişik. Amma 60 illiyi keçirmək istəmədim. Ona görə ki, istəmədim də...İstərdim ki, 50 yaşım olsun, amma ömür keçir və yaş 60-dır. Biz artıq elə bir həddə çatmışıq ki, anlayırıq ki, ölüm haqdır. Bəlkə də 60 psixoloji yaşdır, ona görə də qeyd etmək fikrində olmadım.  
-Keçmiş cəbhədaşlarınızdan, silahdaşlarınızdan təbrik edən oldumu?
-Mənim 50 yaşım olanda kimsə  iddia edə bilməzdi ki, bu, iqtidarla hər hansı yaxınlıq edib, hətta hədsiz dərəcədə radikal idim, kimsə yumşaqlıq edirdisə, onu sərt tənqid edirdim. Lakin onda da müxalifətdəki qardaşlarım məni yada salmadı. O da mənə pis təsir eləmişdi. İndi 60 yaşdır, iqtidarlı-müxalifətli yenə də yada salmırlar. Fransanın keçmiş prezidenti Mitteranın bir sözü mənim yadıma düşdü. O deyir bir xalq ki, yaddaşını itirir, o, tarixini də itirir. Açığını deyim, bizim xalq yaddaşsızdır. Bunu tədbirlərin birində də demişəm, təsəvvür edin ki, biz yaddan çıxartdıq ki, bizim peşəkar generalımız, müdafiə nazirimiz Mehmandarova ermənilər Bakıda küçə süpürtdürürdülər, biz onu qəbul etdik. Bunun ardınca gəlib Şaumyana biət elədik. Bizim xalqımız unutqandır. Düzdür, hamımız xalqımızı sevirik, onunçün, dövlətimiz  üçün vuruşuruq, çalışırıq, hərəkata da buna görə gəlmişdik. Amma xalqımızın xasiyyətidir də. 
- Nədənsə narazı olduğunuz elə ilk baxışdaca sezilir. Nədir sizi narazı salan? 
- Mən vaxtilə Bütöv Azərbaycan ideyası ilə alışıb-yanırdım. Qulamrza Təbrizi o zaman Bakıya gəldi. 1989-cu ildə dediyi bir sözü yadımdadır. Deyirdi ki, sən Vətəndən çıxarsan, Vətən səndən çıxmaz. Mənim içimdə Vətən  hissi elə güclüdür ki, onu çıxartmaq mümkün deyil. Vicdan varsa, ağrıyacaq, ağrı varsa, əzab çəkəcəksən. Mən hakim də işləmişəm, Ali Məhkəmənin sədri də olmuşam, bundan əvvəl parlamentə də seçilmişəm, lakin mənim içimdən o əzablar çıxmayıb axı. Həmişə o əzablar içində qovrulmuşam. Son illər, xüsusən son 10 ildə çox çalışmışam ki, praqmatik olum, zəmanəyə alışım...Ola bilər marksizm təsir edib. O vaxt Kommunist Partiyasının manifestində bir cümlə vardı, ondan çox xoşum gəlirdi, orda deyilirdi ki, dünyanın bütün filosofları dünyanı yalnız izah ediblər, məqsəd isə onu dəyişməkdən ibarətdir. Yəni mən həmişə inqilabçı olmağa çalışmışam. Məsələn, mən niyə gedib Nəsiminin Hələbdə qəbrini ziyarət etdim? Çünki qəlbimdə həmişə Nəsimi kimi əqidəsi uğrunda soyulmağa belə razı idim. Lakin onun kimi ola bilmədik, ürəyimizdəki arzularımız tam həyata keçmədi. İndi şükür, Milli Məclisin deputatıyam, sakitcə qanunların müzakirəsində iştirak edirəm, alternativ fikirlər söyləyirəm. Nazirlər Kabinetinin hesabatında da tənqidi fikirlərimi dedim, sonuncu komitə iclasında da fərqli fikirlərimi çatdırdım. 
- Tənqidi fikirləriniz, qanun layihələrinə əlavələriniz qəbul olunurmu?
- Hər halda əksər vaxtda mən özümə hörmət görürəm. Açığı, iqtidar-müxalifətdən asılı olmayaraq hər kəs, həmçinin Milli Məclisin işçiləri keçmişdən məni tanıyır və münasibətdən razıyam, səmimiyyət görürəm, təkliflərimin də əksəriyyətinə normal münasibət olub. Çünki mən qanunlardan kənara çıxmıram. 
- Prezidentin imzaladığı sonuncu əfv fərmanı yüksək qiymətləndirildi. Siz bu kimi müsbət addımların davamı kimi ölkədə daha hansı addımların atılmasını istərdiniz?
-  Mən gizləmirəm ki, Leyla Yunus və Arif Yunus, həmçinin Rauf Mirqədirovun haqqında cəzanın dəyişdirilməsi, cənab prezidentin sonuncu əfv fərmanı ürəyimdə rahatlıq yaradır. Arzu edirəm ki, bu siyasət davamlı olsun, inşallah qarşıdan 28 May gəlir. Bu məsələlər bitsin, nə xaricdən, nə daxildən hansısa iradlara, tənqidlərə ehtiyac olmasın. Allah hər kəsin qapısını açsın. Mən çox sevinirəm. 

23 ildən sonra artıq özüm də əmək haqqı almağa başlamışam”

- Tahir bəy, əvvəlki dövrlə müqayisədə özünüzdə hansı fərqli xüsusiyyətləri müşahidə edirsiniz?
- Mənim adətən, köhnə, qəzəbli kadrlarımı qoyurlar. Həmin il mən 91 çıxış etmişdim, onun cəmisi 3-ü emosional idi. Amma həmişə o emosional çıxışlarımı verirdilər (gülür). 
 
- Yenə də həmin emosional çıxışlar təkrarlana bilərmi? 
- Yox. İndi daha o hal yoxdur. O cür çıxışlar həm gənclik ovqatı ilə bağlı idi... Həm də o zaman on illərlə arzuladığımız milli hökumət qurmuşduq, o hökumət də əldən gedirdi. Qurduğumuz hökumətin əldən getməsinin qarşısının alınması üçün özümü öldürməyə hazır idim. Yəni bu, planlaşdırılmamışdı, içimdən gələn bir vulkan idi, kükrəyidir. İstəmirdim ki, zülümlə qurduğumuz hakimiyyət bir qiyamçının əlinə keçsin. Bilirsiniz ki, mən ailəmdən də şəhid vermişəm, vəzifəmdən də imtina etmişəm. Mən uzun illər hakim işləmiş bir adam idim. Ona görə də o çıxışı etmək məndən asılı deyildi. Artıq təhtəlşüurda yığışıb qalmış bir şey idi. Sönmüş bir vulkan kimi yenidən püskürmüşdüm. İndi daha yaşlaşmışam, həm də elə inqilabi vəziyyət yoxdur. İnsanlar gənclikdə inqilabçı, orta yaşda islahatçı, ahıl yaşda mühafizəkar olurlar.  Görürəm ki, yavaş-yavaş mühafizəkarlıq mənə güc gəlir. Heç olmasa qazandıqlarımızı qoruyub saxlayaq, islahatlara gedək, qazandıqlarımız əldən getməsin. 
90-cı ildə ilk deputat çıxışım əxlaq polisinin yaradılması ilə bağlı idi; deyirdim ki, mənəviyyat pozulacaq. Amma mənimlə razı olmadılar. Doğrudan da mənəviyyat, əxlaq çox deqradasiyaya uğradı. Mən gücüm çatan yerdə mübarizə aparmışam. Lakin elə şeylərlə qarşılaşıram ki, ürəyimi ağrıdır. Sosial şəbəkələrdə yoxam, amma eşidirəm ki, yazıblar Tahir Kərimli Ali Məhkəməyə rəhbərlik edəndə 700-dən çox dustağı buraxıb, onlar gedib Surət Hüseynova qoşulub. Böhtana baxın. Doğrudan da belə hal olmuşdu, Ali Məhkəmənin məhkum etdiyi ağır cinayətkarlar buraxılmışdı. 
Amma ondan mənim xəbərim olmayıb, əksinə, o zaman mən üsyan elədim. Yevlaxdan Əhmədov var idi, 6 adamı öldürmüşdü...O zaman ölüm hökmü var idi. Bir maşının yük yerini pulla doldurub gətirmişdilər. Qohum-qardaşa minnətçi düşmüşdülər ki, Tahir bu pulu götürsün, məhkəmənin hökmünü qüvvədə saxlasın. Çünki 15 il vermişdilər, mən ölüm hökmünü tələb edirdim. Axırda o qədər pulun müqabilində onu Ali Məhkəmənin qəfəsindən belə qaçırtdılar... Yəni mən bu cür işləmişəm. Bəzən obrazlı deyirəm ki, 1 manatlıq supa gücüm çatmırdı, 60 qəpikliyini yeyirdim. Olmazın böhtanlarla üzləşmişəm, amma on illərlə susmuşam, çox günahları üzərimə götürmüşəm. 
 
-Ayaz Mütəllibovdan yubiley təbriki aldınız? 
- Deputat seçiləndən sonra zəng etmişdi. Amma ad günümdə zəng etməyib. Bəlkə də heç xəbəri olmayıb. Ola bilər məndən inciyib. 
 
- Sizin yubileyiniz SSRİ-nin saxlanması ilə bağlı referendumun keçirildiyi ərəfəyə təsadüf edir. 60 yaşınızda “Şöhrət”, ya “İstiqlal” ordeni almaq ürəyinizdən keçmədi ki? 

“Həmin il mən 91 çıxış etmişdim, onun cəmisi 3-ü emosional idi” 

- Yox. Başqa istiqlalçı deputatlar orden almadığı halda, mənim almağım ədalətsizlik olar. Mənim arzum odur ki, uşaqlarım işləsin. 23 ildən sonra artıq özüm də əmək haqqı almağa başlamışam. Mən həmişə fikirləşirdim ki, liderin övladı olmaz. Övladlarıma, qohum-əqrəbaya on illərlə biganə yanaşmışam. Hətta eşitdim ki, qardaşım adımdan istifadə edir, yoxlama göndərdim üstünə. Ağsaqqal qayınatam yanıma gəlirdi, qəbul etmirdim, deyirdim getsin evə. Yəni qohumlarla münasibətləri heç nəzərə almırdım. Ən yaxın adamım məndən cüzi bir xahiş etsəydi, düşmən kimi baxardım. Deyirdim qanun şahdır, hakim ancaq qanuna tabedir. İndi onlar keçib gedib. 
- Yəni dünyaya yenidən gəlsəydiniz, o cür işləməzdiniz, eləmi?
- Yox, görünür mən çox ideallaşdırmışam. Mən Azərbaycanı “Göyçək Fatma” simasında görürdüm, ölkəmizin, xalqımızın bütün sahələrdə öndə olacağını güman edirdim.  Amma əlbəttə, indi o cür inqilabi münasibətim yoxdur. 
 
- Vulkan sönmüşdür...
- (Gülür) Təbii ki, vulkan sönüb. Özüm də günün birində sönəcəyəm. Bilirsizini, adam var ki, əlindən çox iş gəlir. Mənim əlimdən öyrənməkdən, oxumaqdan başqa heç nə gəlmir. Evim bulvara çox yaxındır, amma mən sonuncu dəfə bəlkə də iki il əvvəl orada olmuşam. Yəni mən bir növ Allahın bədbəxtiyəm, həyatda oxumaqdan başqa heç nə bacarmıram. Ona görə də çox arzulayıram ki, nə qədər sağam bir iz qoya bilim, beynimdəkilər mənimlə birgə ölüb getməsin, vətənimçün, xalqımçün, övladımçün nə isə edim...
Elşad PAŞASOY
FOTO: Musavat.com-undur
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024