Region (29-01-2015, 14:13)
Tahir Kərimli: “Həyatda ən çox arzuladığım şey ölməkdir”
“Əbülfəz Elçibəyin nə dəfninə getdim, nə də yasında iştirak etdim”
“Barəsində ölüm hökmü çıxarılan şəxsin cəzasının yüngülləşdirilməsi üçün mənə 1 milyon dollar rüşvət təklif etdilər”
Vəhdət Partiyasının sədri, Ali Məhkəmənin keçmiş sədri Tahir Kərimli modern.az-a müsahibə verib.PİA.AZ həmin müsahibəni oxucularına təqdim edir:
- Partiya sədri və hüquqşünassınız. Azərbaycanın bugünkü partiya sistemindəki çatışmazlıqlar nədir?
- Konstitusiyaya görə, Azərbaycanda çoxpartiyalı sistemdir, yəni rəsmi şəkildə siyasi fikir plüralizminin olması hüquqi sənədlərdə öz əksini tapıb. Azərbaycanın qəbul etdiyi beynəlxalq sənədlərdə də bu, öz əksini tapıb. Göründüyü ki, Azərbaycanda çoxpartiyalı sistemin olması məcburidir. Hətta hüquqi cəhətdən Azərbaycanda təkpartiyalı sistemlə seçki də keçirilə bilməz. Müstəqillik illərinin ilk vaxtlarında Azərbaycanda yaranan partiyalar Kommunist Partiyasına bənzəyirdi və hamısı avtoritar tipli təşkilatlar idi. Azərbaycandakı partiyalar indi də avtoritar tiplidir. Ciddi partiya intizamı, demokratik mərkəziyyət, xarizmatik quruluş yox dərəcəsindədir. Azərbaycanda partiyalar bir şəxsin ətrafında birləşir.
Proporsional seçki sistemi ləğv ediləndən sonra partiyalar daha çox zərbə aldılar. Proporsional sistem üzrə seçkilərə qatılan partiyalar məğlubiyyətə uğrasalar belə, özlərini cəmiyyətə təqdim edə bilirdilər. Bu sistemin ləğvi isə partiyaların demək olar belini qırıb.
Bundan başqa, cəmiyyətdə çoxpartiyalı sistem üçün lazım olan vərdişlər yaranmadı. Məsələn, Azərbaycan Xalq Cəbhəsi partiyaya çevriləndə, mən də daxil olmaqla bu təşkilatda olanlar onun hərəkat kimi qalmasını istəyirdik. Biz təklif edirdik ki, AXC tərkibində yaranan istənilən partiya bu təşkilatın kollektiv üzvü olsun. Çünki AXC qarşısına qoyduğu - müstəqillik, demokratiya, vahid Azərbaycan məramına tam çatmamışdı. Məqsədlərinə nail olmayan AXC-nin partiyaya çevrilməsi lazım deyildi. O zaman təşkilat üzvlərinin 80 faizindən çoxu bunun tərəfdarı idi.
Bir sözlə, partiyalar sonradan seçki proseslərində də uğur qazana bilmədilər. Yeni Azərbaycan Partiyasının (YAP) hədsiz dərəcədə qüvvətlənməsi digər partiyaları kölgədə qoydu. Amma YAP da partiyadan çox, hakimiyyət strukturu kimi çıxış edir. Buna görə də başqalarına yer qalmır. Yalnız obyektiv seçki və proporsional sistemin bərpası partiyaların inkişafına şərait yaradacaq, heç tanınmayan partiyalar isə yavaş-yavaş özü sıradan çıxacaq.
- Qeyd etdiniz ki, Azərbaycanda partiyalar avtoritar prinsiplərə uyğun olaraq daha çox bir şəxs ətrafında birləşir. Amma açıq danışaq, bunu sizin sədri olduğunuz Vəhdət Partiyasına da aid etmək olar...
- AXC-nin partiyaya çevrilməsi prosesində “Bakı Kəndlər Birliyi”nin bazası əsasında Vəhdət Partiyasını yaratmağı qərara aldıq. “Bakı Kəndlər Birliyi” o vaxt AXC-nin kollektiv üzvü idi. Vəhdət Partiyası yaranandan sonra bir neçə siyasi təşkilat bizim ətrafımızda birləşdi. Məsələn, Leyla Yunusun rəhbərlik etdiyi Demokratik İstiqlal Partiyası, Xalq Azadlıq Partiyası və digərləri bizimə birləşdi. Partiya o qədər böyümüşdü ki, işləri tənzimləyə bilmirdik. Partiyada 11 müavin, 23 Siyasi Şura üzvü var idi. Açıq etiraf edim ki, məni məcburi olaraq Vəhdət Partiyasının sədri seçdilər. Çünki partiyada bəzilərinin siyasi təcrübəsi az idi, bəziləri isə Azərbaycan dilində yaxşı bilmirdi. Həm də deputat idim, nüfuzum var idi. Bütün bunları nəzərə alıb, məni partiya sədri seçdilər.
- Bəs necə oldu ki, güclü bir qüvvə ilə ortaya çıxan Vəhdət Partiyası birdən-birə zəiflədi?
- Rəhmətlik Əbülfəz Elçibəy Vəhdət Partiyasının qurultayında çıxış edərkən deyirdi ki, Azərbaycanda 3 partiya – AXCP, Müsavat və Vəhdət Partiyası var. Vəhdət Partiyası o qədər qüvvətlənmişdi ki, hətta başqalarının adlarını belə, çəkmirdilər.
Sonradan “Vəhdət” adlı 4 partiya yarandı. Təsəvvür edin, o vaxtkı ədliyyə naziri Südabə Həsənova kollegiya iclasında şəxsən mənə deyirdi ki, Vəhdət Partiyasına ehtiyac yoxdur. O, “neynirsiniz Vəhdət Partiyasını, Cəbhə, Müsavat var da”, - deyirdi. O vaxtı heç kim Vəhdət Partiyasının varlığını, gücünü qəbul etmirdi. Bu partiyanın Britaniya ensiklopediyasına düşməsi, dünya arenasında səs salması bəzilərini qıcıqlandırırdı. Leyla Yunuz bizim partiyanın adından Rusiyada baş nazir səlahiyyətlərini icra edən Yeqor Qaydarla müqavilə imzalamışdı.
Dünyanın hegemon dövlətinin səfirini əvəz edən şəxs qərargahımıza gəlirdi və Bakı kəndlərini gəzməyi, partiyamızı qeydiyyata almaq istiqamətindəki səyləri ilə bağlı təklif verirdi. Biz o vaxt həm iqtidara, həm də müxalifətə müxalifətdə idik. Müxalifətin parlamentdə olması ilə heç cür barışa bilmirdik. Biz həddindən artıq radikal idik, praqmatizmi heç cür qəbul etmirdik. Amma İsa Qəmbər rəsmi şəkildə praqmatizm irəli sürürdü. Hətta mən İsa Qəmbərə praqmatizmlə bağlı şeir də həsr etmişdim.
Daha sonralar hamı bizim partiyanın parçalanması üçün çalışdı, maddi, mənəvi sıxıntılarımız hesabına buna nail oldular. Hazırda da partiyamızın maddi imkanları çox aşağıdır.
- AXC hakimiyyəti illərində həm Azərbaycan Ali Sovetinin deputatı, həm də Ali Məhkəmənin sədri olmusunuz. O vaxt sizin parlamentdə alovlu çıxışınız olub. Parlamentin iclasında iştirak edən prezident Əbülfəz Elçibəy və Ali Sovetin sədri İsa Qəmbəri sərt şəkildə ittiham edibsiniz. “Əbülfəz bəy sizdən də şübhələnirəm, İsa bəy sizdən də şübhələnirəm” dediyiniz zaman yaman özünüzdən çıxmışdınız...
- Mən o zaman çox çıxış edirdim, amma bunun hamısını televiziya ilə vermirdilər. Sabir Rüstəmxanlı ilə rəhmətlik Aydın Məmmədov deyirdilər ki, çıxışlarımın hamısını efirə vermək mümkün deyil. Təsəvvür edin , o zaman Ali Sovetin deputatları nazirlər, katiblər və digər yüksək vəzifəli şəxslər idi. Deyirdim ki, respublikanın bütün rüşvətxorları, dövlət malını dağıdanlar Ali Sovetdə oturub. Təklif edirdim ki, Əxlaq Komissiyası və əxlaq polisi yaradaq ki, deqradasiyanın qarşısını alaq.
Sizin xatırlatdığınız çıxışım da tam olaraq efirə verilməyib, müəyyən hissələri kəsilib. Mən heç cür barışa bilmirdim ki, zülmlə, şəhid qanı bahasına qurduğumuz dövlət belə tez əldən getsin. Rayon məhkəməsinin hakimi olan zaman, 1989-cu ildə məndən müsahibə alırdılar. O vaxtı müsahiblərimdə deyirdim ki, rüşvətxor sistemi məhv etmək istəyirəm. Televiziyanın ekranından və ya xalq qarşısında mənə “sən rüşvət alırsan” sualını verirdilər.
Halbuki, rüşvət alanlar hamısı kənarda qalmışdı. Ancaq mən rüşvətxor sistemə nifrət oyatmaq üçün yalandan deyirdim ki, rüşvət alıram. Halbuki, rüşvət almağa görə böyük cəzalar nəzərdə tutulmuşdu. Mən isə həyatımı riskə atırdım və vəzifəmi qurban verirdim.
AXC hakimiyyəti illərində görürdüm ki, qurduğumuz dövlət əldən gedir. Buna görə də Əbülfəz Elçibəyi və İsa Qəmbəri ittiham edirdim. Heç vaxt öz təqsirini işçinin boynuna atmaq olmaz. Məsələn, Vəhdət Partiyasından çox adam getdi, məni ittiham etdilər. Mənə çox böyük zərbə vurdular, xəyanət də etdilər. Amma mən heç vaxt onları ittiham etməmişəm. Təqsiri özümdə görmüşəm.
O zaman hakimiyyətdəki rəhbərlərdən birindən soruşdum: “Niyə bizi aldadırsınız?”. Cavabı belə oldu: “Bəy, siyasətdir də, aldanmayaydınız”. Siyasət rəqibə, düşmənə qarşı olar. Ağlıma gəlmirdi ki, AXC hakimiyyətində mənimlə işləmək istəməyənlər çoxdur. Çox sonralar bildim ki, onlar məni sevmirlər. Çünki mən həmişə qanunu şah bilmişəm.
Ali Məhkəmənin sədri olan vaxtlarda imkanım yox idi. Təsəvvür edin, öz sürücümlə 50 qəpiklik sup içirdim. Özü də soğanlı. Mən isə soğanlı yemək yeyə bilmirəm. Heç o supu da içə bilmirdim. Daha yaxşı yemək yeməyə imkanın yox idi. Yalandan deyirdim ki, sup mədəmə xeyirdir.
- Ali Məhkəmə sədri olanda rüşvətxorluğa qarşı apardığınız mübarizənin metodları təkcə çıxışlarınızla məhdudlaşırdı?
- Həmişə deyirdim ki, rüşvət alanlar güllələnəcək. 31 nəfər barəsində buna görə ölüm hökmü çıxarılmışdı. Mənə bəzən barəsində ölüm hökmü çıxarılanın cəzasının yüngülləşdirilməsi üçün 1 milyon dollar rüşvət təklif edirdilər. Çünki mən özüm rüşvətxor sistemin başında idim. İlk dəfə sizə açıqlayıram, rəhbər işçilər deyirdilər ki, onlar Yeltsindən başqa hamıya pul verirlər. Bu gün xəcalət çəkirəm ki, o vaxtı ağsaqqal qayınatamı da qəbul etmirdim.
Bir dəfə eşitdim ki, guya qardaşım rayonda adımdan istifadə edib özünə şərait qurur. Daxili işlər nazirinə müraciət etdim ki, dərhal rayona yoxlama göndərsin. İynənin ucu boyda kiməsə güzəştə getmək niyyətim yox idi. Müstəqil məhkəmə hakimiyyəti qurmaq istəyirdim. Bu gün çoxunun xəbəri yoxdur ki, o vaxt dörd qanun layihəsi qəbul etdirmişəm. Amerikadan qayıdandan sonra gördüm ki, həmin qanunları rədd ediblər. İstefa ərizəm əlimdə dedim: “Ya bu qanunlar qəbul edilməlidir, ya da vəzifəmdən gedirəm”.
“Məhkəmə quruluşu haqqında” , “Hakim statusu haqqında” qanunları, Cinayət-Prosessual və Mülki Prosessual Məcəlləyə dəyişiklikləri zorla parlamentdə qəbul etdirdim. Bu qanunlarla icra orqanları məhkəməyə nəzarətdən tam məhrum edilirdi. Amma mən ABŞ-dan gələndən sonra gördüm ki, bu qanunları rədd ediblər.
Mən görürdüm ki, AXC hakimiyyətində proseslər istədiyim məcrada getmir.
- Hər halda, Əbülfəz Elçibəy və İsa Qəmbərlə rüşvətxorluq, korrupsiya məsələləri ilə bağlı müzakirələr də aparmamış deyilsiniz. Onlar sizin təklifləri necə dəyərləndirirdi?
- Mən özümün məsul olduğum məhkəmə hakimiyyətini qurmaq istəyirdim. Amma məni çoxu başa düşmürdü, deyirdilər ki, Tahir Kərimli özü üçün çalışır. Mənim hakimimə kimsə zəng edib tapşırıq, göstəriş versəydi, cəzasını alardı. Baş nazir və ya başqa yüksək vəzifəli şəxsin qanunsuz işdən çıxardığı insanları mənim sayəmdə yenidən öz vəzifələrinə bərpa edirdilər. Çünki mən hüquqi dövləti düşünürdüm. Bu baxımdan istər Əbülfəz Elçibəy, istərsə də İsa Qəmbərlə bu barədə söhbətlərimiz olurdu. Ancaq səmimi deyirəm, Əbülfəz bəy də, İsa bəy də şəxsən mənə göstəriş vermirdilər və nə iləsə bağlı heç xahiş də etmirdilər. Çünki bilirdilər ki, dəqiq, məsuliyyətli adamam.
- Amma başqa təzyiqlərlə üzləşirdiniz...
- Belə hallar olurdu. Məsələn, baş prokuror deyirdi ki, filankəsə filan qədər iş istəyim. Amma kimsə cürət edib mənimlə təhdid tonunda danışmırdı. Onlar da mənə çox hörmət edir və inanırdılar.
Sualın cavabı olmasa da, bir məqama diqqət çəkim. İnternetdə axtarışa versəniz, orada “Basqal sirləri” adlı yazılara rast gələrsiniz. Yazıblar ki, Əbülfəz Elçibəy Basqalda dostunun evində qalanda mənimlə Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadə Əbülfəz bəyə baş çəkməyə getmişik. Amma məsələ heç də yazılan kimi deyil. Belə olub: İsa bəy məndən xahiş etmişdi ki, Əbülfəz bəy yorğun, gərgin olduğuna görə ona istirahət lazımdır. Biz Əbülfəz bəyi İsmayıllıda saxlayıb onu müdafiə, mühafizə edirdik. Hətta yüzlərlə insan ölərdi, amma Əbülfəz bəyi ələ verməzdi. Əbülfəz bəyi Basqalda saxlamaq elə də asan məsələ deyildi. Lakin Əbülfəz bəy orada olanda biz AXC-nin ikinci proqramını və nizamnaməsini də hazırladıq. Yəni boş oturmadıq. Əbülfəz bəy də, İsa bəy də mənə inanırdı, əgər belə olmasaydı, canlarını mənə tapşırmazdılar.
Əbülfəz bəy mənim evimdə dincəlirdi, mən isə giriş qapısının qabağında kətil qoyub otururdum ki, yuxuya getməyim. İstəmirdim ki, Əbülfəz bəyə nəsə olsun. O vaxt ikinci sinifdə oxuyan oğlum da Əbülfəz bəyi çox sevirdi. Məclislərdə oğlum Azərbaycan himnini oxuyan kimi, Əbülfəz bəy də ayağa qalxırdı. Bir-birimizə çox böyük inamımız var idi. Əbülfəz bəy nə qədər sağ olub, mən ondan əl çəkmirdim. AXC hakimiyyət gedəndən sonra da Əbülfəz Elçibəydən həmişə soruşurdum ki, nəyə görə hakimiyyəti verdi.
- Çox böyük ehtimal ki, Əbülfəz Elçibəydən bu sualınıza dəqiq cavab ala bilməmisiniz. Amma siz özünüz də AXC hakimiyyətində mühüm postlardan birində əyləşmişdiniz. Heç özlüyünüzdə AXC-nin niyə hakimiyyətdən getdiyini müəyyən etmisinizmi?
- Bəli, Əbülfəz bəydən tam olaraq istədiyim cavabı ala bilmirdim. Biz kadrların işləyə bilməməsinə, rüşvət və korrupsiyaya görə hakimiyyətdən getmədik. AXC hakimiyyəti ona görə getmədi ki, icra başçıları bacarıqsız idilər və hər nazir özünü prezident hesab edirdi.
Əbülfəz bəy prezident olmaq istəyəndə, mən, Vaqif Səmədoğlu və bir neçə nəfər AXC-nin Məclisində çıxış edib onun dövlət başçısı olmamasını məsləhət gördük. Əbülfəz bəyə dedim ki, AXC amorf bir təşkilatdır və prezident olacaqsa, intizamsızlıq avtomatik olaraq dövlət strukturlarına keçəcək. Əbülfəz Elçibəyə təklif edirdm ki, Xomeyni kimi bir lider olsun və xoşuna gəlmədiyi prezidenti dəyişsin. Bilirsinz, mənə nə deyirdilər? Deyirdilər ki, Tahir Kərimli özü vəzifədədir və onları hakimiyyətə gəlməyə qoymur. Sonralar Əbülfəz Elçibəyə bunu dedim: “Əbülfəz bəy, sizə deyəndə ki, prezident olmayın, geri çəkilmədiniz. Prezidentlikdən getməməyi xahiş edəndə isə xəbərimiz olmadan bizi tərk etdiniz. Gəlməyinə razı deyildik, özün gəldin, getməyinə razı deyildik, yenə özün getdin. Bəs bizim taleyimiz?!”.
Mərhum Heydər Əliyev dəfələrlə bildirib ki, onu Əbülfəz Elçibəy, İsa Qəmbər və Pənah Hüseyn Bakıya dəvət edib. Amma Heydər Əliyevi rəhbərliyə gətirənlər, bizdən tələb edirdilər ki, ona radikal müxalifət olaq. Bu necə səmimiyyətdir?! Buna görə də deyirəm ki, o vaxtdan yalançı müxalifətçilik yarandı. Özlərinin dost kimi gətirdiyi adama biz düşmən olduq. Mən sonradan hər şeyi başa düşdüm, amma düşmənçilik cəmiyyətdə bu gün də davam edir.
- Bayaq dediniz ki, Vəhdət Partiyası 1994-cü ildə güclü bir baza əsasında yaranmışdı və sonrakı proseslərdə əhəmiyyətli mövqeyə malik idi. Elə idisə, siz niyə 1998-ci ildə keçirilən prezident seçkisində dövlət başçısı postuna öz namizədliyinizi irəli sürmədiniz?
- Açığı, səbəbləri dəqiq xatırlaya bilmirəm. Görünür, prezidentliyə özümü hazır hesab etməmişəm.
- Ancaq 2003-cü ildə prezident seçkisində iştirak etdiniz və İsa Qəmbərin namizədliyini dəstəklədiniz. Maraqlıdır, vaxtı ilə ittiham etdiyiniz İsa Qəmbərlə eyni cəbhədə yer almağa siz nə vadar etdi?
- Mən nə olur-olsun, iqtidara müxalifət idim. Bizim o vaxt öz namizədimiz olmadığı üçün müxalifətin prezidentliyə namizədini müdafiə etməyə məcbur idim...
- Amma həmin seçkidə Etibar Məmmədov, Lalə Şövkət də prezidentliyə namizədliyini irəli sürmüşdü, bəs onları niyə dəstəkləmirdiniz?
- O vaxt bütün müxalifət gücü bir yerə qoymalı idi. Mən hesab edirdim ki, şəxsi intriqa zamanı deyil. 2003-cü ildə İsa Qəmbərin şansları daha çox idi. Düşünürdüm ki, hamı potensial, alternativ namizədi müdafiə etməlidir. Buna görə də onu dəstəklədim.
- 2003-cü il prezident seçkisinin nəticələrinə etiraz edən İsa Qəmbərin tərəfdarlarından çoxu həbs edildi. Necə oldu ki, sizin yolunuz həbsə düşmədi?
- Mən “Azadlıq” meydanında çıxış da etmişdim. Bildirmişdim ki, şükürlər oldun, meydanı ələ keçirmişik. Amma heç də demirəm ki, meydanı əhəmiyyətli dərəcədə biz tutmuşduq. Çünki mitinqdə Nardaran sakinləri də iştirak edirdi və gizlətmək lazım deyil ki, həqiqətən də onların əllərində taxtalar var idi.
Lakin bizi mühasirəyə alsalar da, məni oradan çıxara bildilər. Bu, bir an məsələsi idi. Artıq arxaya baxanda gördüm ki, qüvvələr üz-üzə gəlib. Mühasirədən çıxandan sonra düşündüm ki, müəyyən müddət gizlənmək lazımdır. Çünki o zaman ələ düşsəydim, mənə qarşı çox pis təhqirlər ola bilərdi. Buna görə də elə Bakıda gizləndim. Amma rəsmi təhqiqat başlayanda məni də istintaqa dəvət etdilər. Rəsmi çağırış gələndən sonra vəkilimin iştirakı ilə istintaqa ifadələr verdim. Amma istintaqı aparanlar mənə çox böyük hörmətlərinin olduğunu deyirdilər.
- İsa Qəmbər özü 2003-cü ilin oktyabrında keçirilən prezident seçkisinin nəticələrinə etiraz edənlərin mitinqində iştirak etmədi. İsa Qəmbərə buna görə sonradan irad tutdunuzmu?
- Çalışırdım ki, seçkidə niyə uduzduğumuzu müzakirə edək, səbəbləri üzə çıxardaq. Amma insanlar bunu kollegial surətdə müzakirə etməkdən qaçırdılar. Bu gün də müşahidə etmək olar ki, İsa Qəmbər artıq o dərəcədə radikal deyil. Amma mən sonradan bildim ki, İsa Qəmbər həmin seçkidə həqiqətən prezident ola bilməyəcəkdi. Çünki mənə demişdilər ki, İsa Qəmbər sabitliyi təmin edə bilməyəcək.
- 2005-ci ildə də müxalifət “narıncı inqilab” etmək istəyirdi və bununla bağlı mitinq keçirirdi. Həmin mitinqlərdə niyə iştirak etmirdiniz?
- 2003-cü ildən sonra onları qəbul edə bilmirdim. Çünki hamısının oyun oynadığını, xaricdəki və ya daxildəki qüvvələr tərəfindən idarə olunduğunu bilirdim.
- Siyasi ambisiyalar, maraqlardan əlavə şəxsi əlaqələr deyilən münasibətlər də var. Bu gün vaxtı ilə eyni cəbhədə yer aldığınız şəxslərlə şəxsi münasibətləriniz hansı səviyyədədir?
- Elə bir yaxınlığımız yoxdur, amma xeyirdə-şərdə bir-birimizi görəndə salamlaşırıq, hal-əhval tuturuq. Açığı, özüm də şəxsi əlaqələrdən qaçıram, çünki tənhalığı sevirəm. Hər gün beş-on saat mütaliə etməsəm, ölərəm. Həyatda ən çox arzuladığım şey isə ölməkdir. Çünki həyatda arzuladığım hər şeyə nail ola bilməmişəm.
Bir epizodu xatırlatmaq istəyirəm. Əbülfəz Elçibəy rəhmətə gedəndə, çox pis oldum. Amma bəyanat verdim ki, əziz dostum xalqı aldatdığı üçün onun hüzründə iştirak etməyəcəyəm. Nə onun dəfninə getdim, nə də yasında iştirak etdim.
- Sonra peşman olmadınız?
- Heç vaxt peşman olmadım.
- Siz həm də ədəbi yaradıcılıqla məşğulsunuz və şeir yazırsınız. Şeirləriniz kimə və nəyə həsr edirsiniz?
- Şeirlə yanaşı, analitik, publisistik yazılar da yazmışam. Ədəbi yaradıcılığım daha çox bir adama həsr olunub.
- O, kimdir?
- Həyat yoldaşımdır. Ona həsr etdiyim şeirlər bəlkə də 20 min misraya yaxındır. Amma siyasi motivli şeirlərim də var.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024