Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (8-02-2016, 21:15)
“Qars müqaviləsi ləğv edilərsə, Türkiyə ordusu...” – Musa Qasımlı

 

 

 

 

 

 

 

 

 

Rusiya Kommunist Partiyasından olan deputatlar prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova müraciət edərək, 1921-ci il 16 mart tarixində Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) və Türkiyə arasında imzalanan dostluq və qardaşlıq haqqında Moskva müqaviləsinə xitam verilməsini istəyiblər. Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edirdi. Moskva müqaviləsinin ləğvi avtomatik olaraq Qars müqaviləsinin də qüvvədən düşməsinə, beləliklə, ermənilərin Naxçıvan iddialarının güclənməsinə səbəb ola bilər.

Mediatv.az Milli Məclisin deputatı, tarix elmlər doktoru, professor Musa Qasımlı Publika.az-a müsahibəsində bu məsələni şərh edib.

- Bu müqavilənin ləğvi məsələsi niyə indi gündəmə gətirilir?

- Rusiya və Türkiyə arasında 1921-ci il 16 mart tarixdə imzalanmış Moskva müqaviləsini, Rusiyanın vasitəçiliyi ilə Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında 1921-ci il 13 oktyabr tarixdə imzalanmış Qars müqaviləsini, 1960-1991-ci illər sovet-Türkiyə münasibətlərini  tədqiq etmiş, Azərbaycanda və xarici ölkələrdə kitabları nəşr, məqalələri dərc edilmiş bir tədqiqatçı olaraq söyləyə bilərəm ki, bu müraciət Türkiyəyə təzyiq məqsədi daşıyır. Suriyaya hərbi müdaxilə nəticəsində yaranmış “təyyarə böhranı”ndan sonra iki ölkə arasında münasibətlər normal axarından çıxaraq gərginləşib və bu hal davam edir, təhlükəli meyllər yaranır. Bu meylin güclənməsində Rusiya-Türkiyə münasibətlərini pozmaq istəyən müxtəlif dövlətlərin, mərkəzlərin və dairələrin qızışıdırıcılıq fəaliyyətlərinin təsiri böyükdür.

Əvvəlki dövrlərdə də iki ölkə arasında müəyyən böhranlar olub. Məsələn, II Dünya müharibəsinin sonlarında Stalin Türkiyəyə qarşı əsassız ərazi iddiaları irəli sürüb, hətta məxfi əməliyyat planı da işlənib hazırlanıb. Lakin o, yaranmış ən gərgin vəziyyətdə belə 1921-ci il 16 mart tarixli Moskva müqaviləsini ləğv etməyə cürət etməyib. O zaman - 1945-ci ilin yazından Türkiyə antihitlerçi koalisiyanın üzvü olan ölkələrin cərgəsində olsa da, Türkiyə hələ Qərb ölkələrinin blokunda deyildi. Stalin yalnız 1925-ci ildə SSRİ və Türkiyə arasında imzalanmış hücum etməmək haqqında paktı ləğv edə bilib. Sonralar sovet rəhbəri N. Xruşşov iki ölkə arasında münasibətlərin pozulmasında Stalini təqsirləndirib.


İndiki şərait o dövrdəkindən mürəkkəb deyil. O zaman beynəlxalq şərait və iki ölkə arasında münasibətlər daha gərgin idi. İndi Rusiyada Lenini, Türkiyədə isə Atatürkü tənqid edənlərin olmasına baxmayaraq, Moskva müqaviləsinin ləğv edilməsinin perspektivini görmürəm. Çünki rus və türk xalqları bir-birinə çox yaxındırlar. Lakin Qərbdə bəzi dairələrin rus-türk düşmənçiliyi və hətta müharibəsi törətməyə çalışdıqları bir zamanda hər şey liderlərin davranışlarından asılı olacaq. Ancaq Rusiya tərəfdən hələ də qisasçılıq hisslərinin tezliklə keçib gedəcəyi perspektivi dumanlı görünür.

- Müqavilədə əsasən nələr nəzərdə tutulurdu?

- Məlum olduğu kimi, Moskva müqaviləsi 1921-ci il martın 16-da RSFSR ilə Türkiyə arasında 16 mad­də­dən və 3 əlavədən ibarət olmaqla müddətsiz imzalanıb. Bu müqavilədə tərəflər əvvəllər imzalanmış bütün qeyri-bərabər hüquqlu müqavilələri, yəni həm çar Rusiyası və Osmanlı dövləti arasındakı müqavilələri, həm Osmanlı dövləti və Antanta ölkələri arasında imzalanmış Sevr müqaviləsini, həm də Türkiyə və Ermənistanı arasında imzalanmış Aleksandropol (Gümrü) sülh müqavilələrini ləğv edir, ərazi-sərhəd məsələlərini tənzimləyirdi.
Müqavilənin üçüncü maddəsinə görə, tərəflər razılaşırdılar ki, Naxçıvan vila­yəti mü­­qaviləyə 1-ci əlavənin C bölməsində göstərilmiş sərhədlərdə Azər­bay­ca­nın himayəsi altında muxtar ərazi təşkil edir. Bu şərtlə ki, Azərbaycan bu pro­­tektoratı hər-hansı bir üçüncü dövlətə güzəştə getməyəcək. Şərqdə Ara­­zın səth relyefinin aşağı yerini, qərbdə isə Dəhnə dağları (3829) – Və­li­dağ (4121) – Bağarsıq (6787) – Gö­mür­lü dağdan (6930) keçən xətdə Nax­­çıvan ərazisi zonasında ya­radılan üçbucaq Gömürlü dağdan (6930) baş­­layan, Seyranbulaq dağ­larından (8071) – Ararat stansiyasından keçən və Qarasuyun Araz ilə qovuşduğu yerdə başa çatan göstərilən ərazinin sər­həd xətti Tür­kiyə, Azərbaycan və Ermənistan nümayəndələrindən iba­rət ko­mis­siya tərəfindən düzəldiləcək.


RSFSR Mərkəzi İcraiyyə Komitəsi iyulun 20-də, TBMM isə iyu­lun 31-də müqaviləni təsdiq ediblər. Ratifikasiya sənədləri Qars konfransı ərəfəsində, 1921-ci il sentyabrın 22-də bu şəhərdə mübadilə edilib.
Moskva müqaviləsinin maddələri əsasında 1921-ci il oktyabrın 13-də Azərbaycan, Gürcüstan, Ermənistan və Tür­kiyə arasında RSFSR-in iştirakı ilə 20 maddədən və 3 əla­vədən ibarət olan müddətsiz Qars müqaviləsi imzalanıb. Türkiyə ilə bu respublikalar arasında ərazi-sərhəd məsələləri tənzimlənib, bütün əvvəlki müqavilələrdən, yəni Aleksandropol (Gümrü) sülh müqaviləsindən də imtina edilib. Bu müqaviləni 1922-ci il martın 3-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komi­tə­si­, mar­tın 16-da isə Ümumrusiya Fəhlə, Kəndli, Qırmızı ordu və Kazak depu­tat­ları so­veti Mərkəzi İcraiyyə Komitəsi Rə­yasət Heyəti (pro­to­kol №21), martın 16-da  Türkiyə Böyük Millət Məc­li­si­, martın 20-də Ermənistan Mərkəzi İcraiyyə Komitəsi, iyu­nun 14-də isə Gür­cüstan Mərkəzi İcraiyyə Komitəsi təsdiq ediblər.

Qars müqaviləsinin beşinci maddəsinə görə, Türkiyə hökuməti, sovet Ermənistanı və so­vet Azərbaycanı hökumətləri razılaşırdılar ki, Naxçıvan vilayəti ha­zırkı mü­­­qavilənin III əlavəsində göstərildiyi sərhədlərlə Azər­bay­ca­nın protekto­rat­­lığı altında muxtar ərazi təşkil edir.


Həm Moskva, həm də Qars müqaviləsində “təminatçı” ifadəsi yoxdur. Naxçıvan Azərbaycan torpağıdır və onun mənsubluğu indi və bundan sonra da heç bir zaman müzakirə obyekti deyil.

O zaman Moskva müqaviləsi imzalanan vaxtlarda Rusiya xalq xarici işlər komissarı G. Çiçerin Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosuna yazdığı məktublarında vurğulayırdı ki, müqaviləni imzalamağa türkləri çətinliklər razı sala bilmişik.
Eyni fikirləri Qarsda Rusiya nümayəndəsi Y.Qanetski də Xalq Xarici İşlər Komissarlığına yazmışdı.

- Ümumiyyətlə müqavilə ləğv oluna bilərmi?

Qars müqaviləsinin ləğvi təkcə Rusiya və Ermənistandan asılı olan məsələ, təktərəfli və hətta ikitərəfli proses deyil. Müqavilənin ləğvinə gərək Türkiyə, Azərbaycan və Gürcüstan da razı olsunlar. 
Müqavilələrin ləğvinin Rusiya və Ermənistan üçün çox acı nəticələri olar. Qeyd etdiyim kimi, Qars müqaviləsinə görə, tərəflər bütün əvvəlki müqavilələrdən, yəni 1920-ci il dekabrın 2-də imzalanmış Aleksandropol (Gümrü) sülh müqaviləsindən imtina edirdilər. Aleksandropol müqaviləsinə görə isə Türkiyə və Ermənistan aralarında mövcud olan müharibəni bitmiş hesab edirdilər və daimi sülh üçün danışıqlara başlayırdılar; Türkiyə-Ermənistan sərhədi dəqiqləşdirilirdi. İmperialist dövlətlərinin ictimai sakitliyi pozmaq üçün törətdikləri qızışdırıcılıq hərəkətlərinin qarşısını almaq üçün İrəvan Respublikasına daxili qayda-qanunu qorumaq üçün yüngül silahlanmış polis, dövlət sərhədini qorumaq üçün 20 pulemyot, 8 dağ və ya səhra silahı ilə silahlanmış 1500 nəfərlik muzdlu hərbi qüvvə saxlamağa icazə verilirdi. Ermənistan heç bir ordu saxlamayacağı təəhhüdünü öz üzərinə götürürdü və hərbi mükəlləfiyyət keçirə bilməzdi. Yuxarıda göstərilənlərə nəzarət etmək üçün Türkiyə­nin siyasi nümayəndəsi İrəvanda yaşamalı idi. Ermənistan ərazisindən Türkiyə üçün təhlükə olardısa o, Ermənistana qoşun yeridə bilərdi. Tərəflər mədəni ölkələrdə olduğu kimi azlıqların bütün haqlarından istifadə etmələri, insanların öz doğma yerlərinə qayıtmaları barədə öhdəlik götürürdülər. Ermənistan hökuməti öz ərazisində yaşayan müsəlman əhalinin mədəni və dini inkişafı üçün şərait yaratmalı idi və s.

- Qars müqaviləsinin ləğv edilməsi nələrə səbəb ola bilər?

- Qars müqaviləsi ləğv edilərsə, onda gərək  Türkiyə ordusu təzədən gəlib Gümrüdə otura, həmin ərazilər Türkiyəyə keçə və o zaman təsdiq edilməmiş Aleksandropol sülh müqaviləsinin şərtləri müzakirə edilə, Batum Gürcüstandan alınıb yenidən Türkiyəyə qaytarıla. Deməli, müqavilənin ləğvindən Rusiya və Ermənistan itirər. Digər tərəfdən, Rusiya həm də türk ölkəsidir. Burada 30 milyon türk yaşayır. Müharibə Rusiyada daxili milli ziddiyyətləri dərinləşdirər və ölkənın parçalanmasına gətirər. Türkiyədə təqribən 50 min nəfərə qədər rus qadını ailə həyatı qurub.


Hesab edirəm ki, rus-türk münasibətlərinin kökləri dərindir. Əgər böyük maraqlar əsas götürülərsə, “təyyarə böhranı” onun təməllərini sarsıtmamalıdır. Yox, subyektiv amillər üstün gələrsə, onda hər şey mümkündür. Lakin o da uzun ömürlü ola bilməz. Sadəcə “təyyarə böhranı”ndan sonra iki ölkə arasında ehtiyatlılıq və soyuqluq başlanıb. Bu isə diplomatiyada bütün münasibətləri kökündən qırıb atmaq anlamına gəlməz. Ayrı-ayrı şəxslərin baxışları dövlətlərarası münasibətlərə təsir etsə də, ölkələrin maraqları hər şeydən üstündür. Ona görə də həm Qars müqaviləsinin, həm də Moskva müqaviləsinin ləğvi real görünmür. Rusiyada müəyyən dairələr və Ermənistan bu məsələni ortaya atmaqla münasibətləri qızışdırmaqda davam edəcəklər. Rus-türk münasibətlərinin gərgin olması Qərb ölkələrinə və Ermənistana sərf edir. Bundan Rusiya da, Türkiyə də  heç bir şey udmur.

Ermənilər həmişə Qars müqaviləsinə qarşı çıxır. İndi buna xitam verilməsi onların Naxçıvana iddia etməsinə səbəb ola bilərmi?

Ermənistanın Qars müqaviləsinə qarşı çıxması heç bir şeyi dəyişməyib və dəyişdirmir. Rusiyanın xahişləri ilə imzalanmış Qars müqaviləsinin Ermənistan tərəfindən hətta mümkün olarsa, kağız üzərində ləğvi “Rusiyanın ənənəsi olmayan dövlət” imicini yaradar və digər heç bir ölkənin ona inamı və etibarı qalmaz. Bu hal Ermənistanın Türkiyəyə müharibə elan etməsi anlamına gələr. Bundan da uduzan Ermənistan olar. Naxçıvana ermənilər Moskva və Qars müqavilələri imzalandıqdan sonrakı illərdə də iddia ediblər. Lakin heç bir nəticəsi olmayıb. Belə olduqda Ermənistan qarşısında Azərbaycanı da görər. Ermənistan  Naxçıvana dair əsassız iddialarını təbliğ etməklə Azərbaycanın Dağlıq Qarabağ regionunu və digər ərazilərini işğal etdiyi faktını unutdurmağa, “oldu-bitdi” yaratmağa və ermənilərin ruhunu yüksəltməyə çalışır.


- Əgər Vladimir Putin müraciəti qəbul edərsə və həqiqətən də müqavilədən imtina etsələr, bu zaman Azərbaycan və Türkiyə hansı addımı atmalıdır?

Rusiya ənənəsi olan bir dövlətdir. Moskvanın müqavilələri ləğv etməklə bağlı qərarları qəbul edəcəyi real görünmür. Bu, sadəcə, təzyiqdir və müqaviməti sınamaq məqsədi daşıyır. Azərbaycan Rusiya və Türkiyə münasibətlərində etibarlı bir körpüdür. Fikrimcə, Azərbaycan həmişəki kimi, rus-türk münasibətlərdəki gərginliyi zəiflətməkdə rol oynaya bilər.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024