Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (16-12-2015, 22:10)
Nərgiz Paşayeva: “Bu TV-lər İlham Əliyevlə tanış olmağın heç də ən yaxşı yolu deyil”

 

121901_res_01Eynulla Fətullayev

Nərgiz Paşayeva ilə söhbətimizi davam etdirirəm. Məni onun səmimiyyət və dürüstlüyü daha çox valeh edir. İndiki həyatımızda isə məhz bu keyfiyyətlər çatışmır.

Nərgiz xanım diqqətlə dinləyir, sözümü kəsmir. Boynuma alım ki, senzuradan keçməyən açıq, birbaşa suallar vermək mənə bir qədər çətindir. Uzun həbsxana illərindən sonra adam bundan bəzən hətta bir az da üşənir. Halbuki özünə hörmət edən hər bir jurnalist belə sualları verməlidir.

Nərgiz xanım mənim sıxılmağımı görünür, intuitiv olaraq hiss edir: “Heç bir qadağa yoxdur. Sizi maraqlandıran hər şey barədə suallar verə bilərsiniz. Mən bütün suallara cavab verəcəyəm”.

Gülümsəyib başımı razılıqla tərpədirəm. Açığı, hakim Ailənin üzvünə icazə verilmiş həddi keçərək istənilən sualı verə biləcəyimə də, ondan səmimi cavablar ala biləcəyimə də inana bilmirəm. Səmimiyyət adama doğrudan da qol-qanad verirmiş…

O, özünə inamlı və ləyaqətli şəkildə adamın gözünün içinə dik baxaraq mənim “tikanlı” suallarımı cavablandırır. Açıq desəm, bu açıq suallara haradasa rəğbətlə də baxır…

Beləliklə, Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva ilə müsahibənin ikinci hissəsini təqdim edirik.

-Sizin birinci şəxsə birbaşa çıxışınız var. Təəssüf ki, indiyədək nə birinci xanımdan, nə də cənab prezidentdən müsahibə almağa nail ola bilməmişik. Onların siyasi portretləri barədə yalnız telekanallar vasitəsilə mühakimə yürüdə bilirik. Bu isə xüsusi nəticələrə gəlməyə, xüsusi təəssüratlar əldə etməyə yetmir. Prezident İlham Əliyev nə dərəcədə açıq və səmimi insandır? Siz onunla, məsələn, siyasi məsələləri, ölkənin vacib problemlərini müzakirə edə bilirsinizmi?

-Prezidentlə siyasi məsələləri və ölkənin vacib problemlərini müzakirə edə bilmərəm və etməməliyəm. Televiziyalara gəlincə isə sizinlə tam razıyam. Bu, ünsiyyət və tanışlıq üçün heç də yaxşı üsul deyil. İlham Əliyev açıq və səmimi insandırmı? Bəli. Bəs prezident İlham Əliyev? Bunu deyə bilmərəm. Çünki əgər sən prezidentsənsə, açıqlıq və səmimiyyət nədir – bu haqda tam təsəvvürüm yoxdur.

-Biz hakim Ailənin, siyasi hakimiyyətin diqqətini arxitektura abidələrinə vəhşicəsinə münasibət bəslənilməsi probleminə yönəltməyə tez-tez və uğursuz cəhdlər edirik. Amma məsələyə hər hansı səviyyədə reaksiya verilməsinə nail olmaq təəssüf ki, çətindir. Köhnə Bakını necə qoruyub saxlamaq olar? Bəzən heç nə düşünmədən məhv edilən unikal arxitektura abidələrini qorumaq üçün şəxsən Siz nə edirsiniz və ya edə bilərsiniz?

-Bu, çox yaxşıdır ki, siz bunu edir, SOS siqnalları verirsiniz. Əsrlərdən qalan mədəni-tarixi abidələr tarixi tərəqqinin ayrı-ayrı laylarıdır, əcdadlarımızın yaradıcı potensialının, ağlının, biliyinin, intellektinin mübahisəsiz sübutlarıdır. Təəssüf ki, çoxəsrlik obraz və simvollar öz ilkin simasından məhrum edilib. Bunlar bir anda məhv ola bilər. Bunu necə dayandırmaq, mahiyyəti böyük və müqəddəs olan tarixi məhv olmaqdan necə xilas etmək olar?! Bəli, yenilər, yeniliklər şübhəsiz ki, gəlməlidir. Amma bu yenilər özündə zəriflik və təkrarolunmazlığı ehtiva edən dünənki günün gözəlliyinin və qədimliyin qənimi kimi gəlməməlidir. Xiyabandakı eyni bir oturacaqda həm babanın, həm nəvənin, həm də nəticənin əyləşə bilməsi imkanı da bir cür xoşbəxtlikdir.

Bakının qədim, qara daşları, küçə fənərləri, üstü oyma naxışlı unikal qapı-pəncərələri, fəvvarələri hanı? Müəllifi zamanın özü olmuş həmin o harmonik gözəllik hanı? Qədimlik və zamandan başqa hər şeyi pulla almaq, tikmək, qurub-yaratmaq olar. Qədimlik isə xalqın və millətin əsas keyfiyyət sertifikatıdır. Bakının qara daşdan tikilən köhnə iki-üç mərtəbəli binaları toz-torpaqdan ola bilsin ki, çirkli görünər. Amma onlar harmonik baxımdan çox gözəl və təmiz, proporsiya baxımından isə möhtəşəmdir. Axı onları məmurlarla, bəzən hətta büdcə vampirləri ilə birgə hansısa həvəskar arxitektorlar yaratmayıb. Bu bilirsiniz nəyə bənzəyir?! Zamanın təsirindən rəngi qaralan gözəl və dəyərli bir əntiq əşyanı zərgər dükanının piştaxtasından götürdüyün parıltılı bir əşya ilə dəyişməyə. Təəssüf… Çox vaxt nadanlığın, mədəniyyətsizliyin, biganəliyin nəticəsində belə olur. Bu, həm də keçmişini, dünənini unudub daha çox varlanmaq imkanı əldə etmək istəyənlərin vurduğu ikiqat zərbədir. Belə hallarda əsrlər boyunca toplanan təcrübə və biliklər bu sözün dolayı və müstəqim mənasında itib-batır, qorunub saxlanmır və gələcək nəsillərə ötürülmür.

Bu mədəni irsi gələcək nəsillərə “yaxşılaşdırılmış” şəkildə ötürmək istəyəndə də Bərdədə olan bir vəziyyət yaranır. Orada XIV əsrə aid türbənin qədim kaşı örtüyü İrandan gətirilən müasir üzlük daşları ilə əvəzlənib. Yeri gəlmişkən, Nuh peyğəmbərə aid olduğu ehtimal edilən məzar da müasir mənzillər sayaq Avropa təmiri üslubunda yenidən üzlənib. Uzağa getməyək. Üzeyir Hacıbəyov küçəsindəki, Hökumət Evinin ətrafındakı binaların üstünə bərkidilmiş qüllələrə baxın. Görünür, onlar modahar üslubundakı unikal Hökumət Evi ilə “harmoniya” təşkil etməsi üçün nəzərdə tutulub. Kukla Teatrı ilə üzbəüz yerləşən, art-deko üslubunda tikilən, əvvəllər çox möhtəşəm sayılan binanın “yaxşılaşdırılmış, rənglənib yeni elementlərlə bəzədilmiş” görünüşünə baxın… 23 saylı məktəbin əvvəllər daha gözəl və qədim olan binasının yeni fasadına baxın… 134-132 saylı məktəbin binasının yeni variantına baxın və onu Qadın Gimnaziyasının ötən əsrin əvvəlində tikilmiş unikal binası ilə müqayisə edin. Xoşbəxtlikdən arxivdə fotolar qalır.

Travmatologiya xəstəxanasının yaxınlığındakı yerləşən, bir vaxtlar romantik məkan sayılan üç fiqurlu bağa baxın… Milli Muzeyə aparan yolda yerləşən, Florensiya bağları üslubundakı möhtəşəm energetikanı xatırladan böyük dibçəklərin kobud və yaraşıqsız, soyuq mərmər simasına baxın. Orada köhnə daş teksturada incə estetika və zövq vardı. Nəhayət, daha bir eybəcər “yaxşılaşdırma” haqda. Bu, böyük Nəsiminin əyri-üyrü ticarət mərkəzinin fonundakı abidəsidir. Məncə, burada əlavə şərhə ehtiyac yoxdur. Burada İsa peyğəmbərin bu sözlərini xatırlatmaq istərdim: “Tanrım, onları bağışla, çünki nə elədiklərini bilmirlər”.

Şərqdə belə müdrik deyim var ki, “xoşbəxtlik gözəllik axtaran ağıllı adamlar üçündür”.

Qız qalası haqda da danışmaya bilmərəm. Şəhərimizin ən başlıca, gözəl və çox dəyərli rəmzi olan Qız qalasını müasir otelə çevirməyə nəyə görə belə açıq-aşkar çalışırlar? Dünyada belə abidələr çoxdur. Amma milli qürur mənbəyi, üstəlik qədim şəhərin rəmzi olan belə abidəni dəyişdirmək dünyada heç kimin ağlına da gəlmir. Bizə nə olub? Yaddaşımızla bağlı nə baş verir? Nədir, yoxsa biz öz ölkələrini də, çoxmərtəbəli binaları da dünən – elə eyni vaxtda yaradan köçərilərə çevrilmək istəyirik? Mən başa düşürəm ki, heç də bütün yollar məbədə aparmır. Mən onu da başa düşürəm ki, Bakıdan hələ də heç nəyin dəyişmədiyi Roma kimi əbədi şəhər düzəltmək olmaz. Yeri gəlmişkən, təhsilli, oxumuş məmurlardan birinin fikrincə, Roma ona görə dəyişmir ki, italyanların bizim kimi pulu yoxdur.

Əlbəttə, Bakıda yeni və gözəl tikililər də var. Məsələn, Zaha Hadidin layihəsi ilə tikilən Heydər Əliyev Mərkəzi. Lakin daşları toplamaq zamanı bu sözün dolayı və birbaşa mənasında gəlib çatıb. Mən nə edə bilərəm? Ümidi itirməmək və “nəyi etmək olar, nəyi olmaz”ı anlayacağımız günün gələcəyinə inanmaq lazımdır.

-Həyatınızın çox hissəsi təhsil sahəsi ilə bağlıdır. Uzun illər ali məktəblərdə dərs demişiniz, BDU-nun prorektoru olmuşunuz. İndi isə bir neçə ildir ki, Lomonosov adına MDU-nun Bakı filialına rəhbərlik edirsiniz. Razılaşın ki, Misir Mərdanovun nazir olduğu illər milli təhsil sisteminə sağalmaz yaralar, ağır zərbələr vurub. Orta məktəb təməlinəqədər dağıdılıb. Ali məktəblərdə tədrisin səviyyəsi qənaətbəxş deyil. Əvvəlki elmi-laborator bazasından isə demək olar ki, heç nə qalmayıb. İctimaiyyət arasında belə şayiələr gəzirdi ki, Misir Mərdanova məhz siz himayədarlıq etmişiniz və onun istefaya göndərilməsinə son qədər müqavimət göstərmisiniz. Bu deyilənlər doğrudurmu? Əgər doğru deyilsə, onda Mərdanovun irsini necə qiymətləndirirsiniz?

-Bəli, fasiləsiz olaraq 33 il universitetdə, öz sahəm üzrə çalışmışam. Misir Mərdanova himayədarlıq etməyim barədəki fikirlər isə mənim üçün tamamilə gözlənilməz oldu. Heç vaxt düşünməzdim ki, belə şayiələr gəzib. Bu şayiələr hətta mənim “Nar Mobile” şirkətinin sahibi olmağım barədəki uydurmaları da üstələyib. Misir müəllim mənim Moskva Dövlət (Açıq) Universiteti adlı təhsil ocağında hökm sürən biabırçılıq barədəki çoxsaylı müraciətlərimə yumşaq desəm, qeyri-adekvat reaksiya verəndən sonra onunla münasibətlərimiz belə demək olar ki, möhkəm korlandı. Məsələ burasındadır ki, o zaman fəaliyyət göstərən Moskva Dövlət (Açıq) Universiteti, yəni MD(A)U yazılışda və deyilişdə bizim MDU ilə eyni cür görünür və səslənirdi. Ona görə də valideynlər də, şagirdlər bu iki ali məktəbi çox vaxt qarışıq salırdı.

Bəzən elə hallar da olurdu ki, qəzəblənmiş valideynlər bizim universitetə gələrək qışqırır, “siz uşaqların pulunu almışınız, diplomları isə hələ də vermirsiniz” deyə ittiham edirdilər. Bizsə onları sakitləşdirir, izah edirdik ki, düz ünvana gəlməyiblər, bu, başqa universitetdir. Onlar da vəziyyəti anlayır, üzr istəyib deyirdilər ki, adlar oxşardır, qarışıq salıblar.

Belə hallar tez-tez baş verməyə başlayanda Misir müəllimdən xahiş etdim ki, bir təhsil naziri olaraq mətbuatda çıxış edib vəziyyəti insanlara başa salsın. Onların ayrı-ayrı ali məktəblər olduğunu desin. Axı insanların bu iki ali məktəbi qarışdırması bizim nüfuzumuza zərbə vururdu. Misir Mərdanov mənimlə razılaşdı və vəd etdi ki, bunu mütləq edəcək. Onu da dedi ki, Moskva Dövlət (Açıq) Universitetində hansı bazarın açılmasından, hansı dəhşətli vəziyyətin hökm sürməsindən xəbəri var. Amma təəssüf ki, Misir müəllim bu vədini yerinə yetirmədi, nəticədə vəziyyət lap pisləşdi.

Özüm müsahibə verməli oldum və belə də dedim: “Əziz tələbələr və valideynlər, əziz vətəndaşlar, xahiş edirik ki, rektoru Viktor Antonoviç Sadovnitsi olan Lomonosov adına Moskva Dövlət Universitetini Eduard Avanaseviç Saturyanın rəhbərlik etdiyi Moskva Dövlət (Açıq) Universiteti ilə qarışıq salmayın”.

Bundan sonra insanlar bu iki ali məktəbi daha səhv salmadı. Buna paralel olaraq Təhsil Nazirliyi bizə münasibətini dəyişdi. Ona görə də nazirlik tərəfindən hər hansı yardım və dəstək almadan işləməkdə davam etməli olduq. Bunlar artıq arxada qalmış köhnə məsələlərdir.

Bu gün isə təhsildəki problemlər təəssüf ki, azalmayıb. Bəzi hallarda onlar hətta aradan qaldırılması çətin olan daha ciddi problemlərə çevrilib. Pis təhsili yaxşıya çevirmək asan deyil, çünki pis təhsil savadsızlıqdan da pisdir. Pis təhsil sağlam strukturu da dəyişir, onu deformasiyaya uğradır, özünütəşkil sisteminin qarşısında əngələ dönür. Nəticədə ən əsas şey – təhsil mühiti, lazımi ovqat, təhsil almaq arzusu itirilir. Yaxşı təhsil yalnız onun gözlənildiyi və arzulandığı yerə gəlir. Bu əsas həqiqəti unutmaq olmaz: təhsil ilk növbədə lazımlı və dürüst adamlar, əsl pedaqoqlardır. Mənəviyyata zidd avtoritetlər yox, ayrı-ayrı parlaq şəxsiyyətlərdir.

Əgər biz Misir Mərdanovu tənqid etmək və hər şeyə görə yalnız onun günahkar olduğunu düşünmək istəsək, qorxuram ki, yenə səhv edərik. Birimiz çox, o birimiz az, kimi bilərəkdən, kimisi də bilməyərəkdən, amma hamımız günahkarıq. Yalnız başqalarını günahkar saymaq, bununla da özünə təskinlik vermək olmaz. Bunu nəzərə almaq lazımdır ki, onların səhv və günahları bizim əks olunduğumuz güzgüdən başqa bir şey deyil. Özünü pula görə alçaldan müəllimdən nə gözləyəsən? Dəhlizdə kral kimi əyan-əşrəflə, cangüdənlə gəzən məktəb direktorundan nə gözləyəsən?

Orta məktəb sistemi özünün ən əsas funksiyasını – bilik vermək və tərbiyə etmək funksiyasını yerinə yetirə bilmədiyi üçün çökdü. Orta məktəb bu gün əsasən repetitorlar yığıncağıdır. Özü də repetitorların heç də hamısı savadlı deyil. Repetitor yanına getmək istəməyənlərin isə mütləq problemləri yaranacaq. Yəni bu, məktəbin deformasiyaya uğramış mutant variantıdır.

Yalnız bir şey sevindiricidir ki, pis məktəblərlə yanaşı yaxşı məktəblər də qalır. Lakin yaxşıların sayı həddən artıq azdır. Söhbət şəhər sakinləri arasında dəbdə olan bir neçə məktəbdən getmir.

Kimlərinsə tanışlarının tanışları olan diletantlar tərəfindən yazılmış keyfiyyətsiz dərsliklər də məktəbə ağır zərbələr vurub. 2013-2014-cü tədris ilində dövlət dərsliklərə səhv etmirəmsə, 8 milyon manata yaxın vəsait ayırmışdı. Mən o dərsliklərə baxmışam. Müəllifin adına baxanda dərsliyin yüksək səviyyədə olacağına ilk baxışda şübhə etmirsən. Lakin belə deyil. Görünür, bu dərsliklərin əsl müəllifləri əksər hallarda topoqrafiyalarla əməkdaşlıq edib zay məhsulu ştamplayanlardır. Təkcə havaya sovrulan o qədər vəsaitə görə yox, həm də bu prosesin “nə qədər pisdirsə, bir o qədər yaxşıdır” sxemi üzrə geridönməz xarakter almasına görə təəssüflənmək lazımdır. İndi hər adam “kitab yaza” bilir. Baxın, bu gün nə qədər diletant, “dramaturq”, “nasir”, xüsusən də “şair” öz kitablarını nəşr etdirir. Onlara imkan versən, öz “əsərləri”ni, kitabçalarını məşhurlaşdırmaq naminə hətta bütün klassik əsərləri məhv edərlər. Dərsliklərdə Füzulinin, Vaqifin, Hüseyn Cavidin, digər klassiklərin əsərləri ilə yanaşı bu adamların da əsərlərinə rast gələ bilərsiniz.

Funksional savadsızlıq faktları, yəni 5-ci sinif şagirdlərinin hələ də hecalarla oxuması faktı da narahatlıq doğurur. Bu tədris ilinin statistikasına görə, 9-cu sinif şagirdləri arasında 200 məktəbli ümumiyyətlə nə yaza, nə də oxuya bilmir. Amma onlara yəqin ki, attestat verəcəklər.

Azərbaycan Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Abdulla Şaiq, Süleyman Sani Axundov, Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və daha neçə-neçə nəhəng maarifçilərin, mütəfəkkirlərin, pedaqoq və novatorların vətənidir. Onlar nadanlıqla, savadsızlıq, cəhalət və geriliklə mübarizə aparmaq gücündə olan işıqlı insanlar idi. Biz də onların törəməsi və varisiyik. Ona görə də onların əsasını qoyduğu ənənələrin layiqli davamçıları olmalıyıq. İtirdiklərimizi bərpa etmək üçün özümüzdə güc və istək tapmalıyıq.

-Nəhayət, gənc islahatçı Mikayıl Cabbarovun təhsil naziri təyin olunması haqda qərar qəbul edildi. İllər keçib, amma təhsildə hələ də heç nə dəyişməyib. “Kim günahkardır” sualına artıq cavab tapdıq. Bəs nə etməli?

-Təhsil sistemi islahatlardan daha çox ənənələrə söykənir. Möhkəm köklər və ənənələr təhsilin bel sütunudur. Təsadüfi deyil ki, ən yaxşı universitetlər əsasən qədim universitetlərdir. Bir qayda olaraq belədir ki, ali təhsil ocağının yaşı nə qədər çox olursa, onun fəaliyyəti daha parlaq, zəngin və məzmunlu, əhəmiyyətli olur.

Həmin universitetlərin kökü dərinə işləyib. Bu köklər təhsil sistemini qidalandırır, təkmilləşməyə və inkişafa xidmət edir. Quru yerdə əsl universitet yarada bilməzsən. Əsl universitetlər böyük insanların gərgin əməyinin və böyük ideyaların məhsuludur. Həmin böyük adamlar bir vaxtlar birləşiblər ki, özləri kimi adamlarla rastlaşsınlar, onlarla bir yerdə nəsə ixtira və kəşf etsinlər, indiyə qədər öyrənilməyənləri öyrənsinlər. Burada seçim də çox sərt və ədalətli olub. Oksford, Kembric, Sorbonna, Moskva, Bolonya universitetləri kimi nəhəng universitetlər belə yaranıb.

Ona görə də öz peşəsinə sevgisi ölməyən adamları, ən əsası isə peşəkarları axtarıb tapmaq lazımdır. Belələri hələ var, qalırlar. Onların potensialından istifadə olunmalıdır. Bu haqda təsəvvürü az, yaxud dumanlı olan şəxslərin təhsilin taleyi ilə, dərsliklərlə, proqramlarla, məktəb və məktəblilərlə məşğul olması halları yalnız bu halda azalar. Bu gün ondan ehtiyat edirik ki, yaxın gələcəkdə yüksək səviyyəli həkimlər, mühəndislər, kimyaçılar, riyaziyyatçılar, filoloqlar, bioloqlar, fiziklər və digərləri demək olar qalmayacaq. Belə risk var.

Bəs nə etməli? Özümüzü “bütün bunlar labüddür, belə də olmalıdır” şəkilli özünütəlqindən və arxayınçılıqdan xilas etməliyik. Axı biz bilikdən və intellekti olan bilikli şəxslərdən, barəsində “əgər o, ağıllı və haqlıdırsa, deməli, günahkardır” deyilən şəxslərdən məhrum olmaq istəmirik.

-Siz Lomonosov adına MDU-nun Bakı filialına rəhbərlik edirsiniz. Xarici ölkə ali məktəbinin filialını açmağa və ondan elitar bir universitet yaratmağa ümumiyyətlə dəyərdimi? Öz milli ali məktəbimizi yaratmaq daha asan və düzgün olmazdımı? Sovet nəslinin yaddaşında öz gözəl ənənələri və elmi nailiyyətləri ilə qalan BDU-nun keçmiş şöhrətini qaytarmaq bəlkə daha yaxşı olardı?!

-Ali məktəblər müəyyən mənada milli olmur. Çünki elm, təhsil, bilik milli kateqoriyasına daxil deyil. Formanı yaratmaq asandır. Lakin məzmunu bir anının içində yarada bilməzsən. Bunun üçün onilliklər, bəzən əsrlər boyu formalaşan baza, təməl, ənənələr lazımdır. Elmin sərhədləri yoxdur. O, beynəlmiləldir və bütün bəşəriyyətə məxsusdur. Elmə böyük ehtiyac və tələbat olan, inkişafına xüsusi diqqət yetirilən, strateji əhəmiyyət verilən ölkələrdə bütün cəmiyyətin və dövlətin tərəqqisi üçün əlverişli şərait yaranır. Belə ki, təbii və milli sərvətləri milli dəyərlərə məhz elm çevirir.

Neft, qaz, qızıl, kömür və s. bu kimi təbii milli sərvətlərə malik görün neçə ölkə var. Amma əgər həmin ölkələrdə elmi baza və potensial yoxdursa, onda onlar inkişaf etmiş ölkələr üçün xammal ixracatçısı olaraq qalır.

SSRİ-ni yada salın. Bu ölkə coğrafi baxımdan böyük idi, amma qüdrətli və nəhəng deyildi. Bu ölkənin elm və təhsildə mübahisəsiz nailiyyətləri vardı. Lakin kimsə hansısa sahədə mütəxəssis idisə və xüsusi biliklərə malik idisə, onları neytrallaşdırmaq lazım gəlirdi. Bu, sosialist inqilabının, daha sonra da kommunizm ideologiyasının prinsipi idi: istənilən bilikdə güc gizlənir, deməli, həmin bilikdən ya xilas olmaq, ya da onu ideologiyaya tabe etmək gərəkdir. Beləliklə də dövlət ən vacib adamları – alimləri “özünəməxsus” şəkildə qiymətləndirirdi. Cismən məhv edilən, repressiyalara məruz qoyulan, mənən əzilən böyük şəxsiyyətlərin adını çəkmək kifayətdir. Bu, ölkənin özünün özünü tədricən dağıtması prosesi idi.

MDU-nun Bakı filialına gəlincə isə o, ölkəmizin vətəndaşlarından ötrü keyfiyyətli təhsil almaq, bütün dünyada tanınan diplom-sertifikatı ölkədən kənara çıxmadan, dövlət hesabına əldə etmək üçün əvəzsiz imkandır. Bu da böyük xoşbəxtlikdir ki, bu ideya o vaxt prezident İlham Əliyev tərəfindən dəstəkləndi və həyata keçirildi. Açıq deyim ki, həmişə olduğu kimi o zaman da bundan məmnun qalmayan bədxahlar tapıldı. “Elitar” sözünü bir çox mənalarda bizim universitet barədə işlətmək olmaz. Belə ki, bizdə istədiyi kimi yaşamağa, parazit həyat tərzinə vərdiş etmiş, valideynlərinin hesabına rifah içində yaşayan bircə tələbə də yoxdur və ola da bilməz. İstəyirsiniz inanın, istəmirsiniz yox, amma mən indiyə qədər bircə nəfərə də universitetə biliksiz, tanışlıqla, saxta qiymətlə qəbul olunmaqda kömək etməmişəm. Bu, universitetdə ürəklə, vicdanla çalışan adamlara xəyanət olardı. Bizim bütün tələbələrimiz bu adı daşımaq hüququnu təmiz yolla qazanıb.

MDU-nun Bakı filialını açmaq qərarının vacibliyini bir sadə misalla göstərim. Söhbət hər hansı bir konkret sahədə mütəxəssis çatışmazlığından gedir. Azərbaycanda Mirzə Kazım Bəy, Nikolay Marr, Panteleymon Juze, Həmid Araslı, Bəkir Çobanzadə, Vəli Xuluflu, Yusif Ziya Şirvani, Ələsgər Məmmədov, Rəhim Sultanov, Ziya Bünyadov, Əlisöhbət Sumbatzadə, Aida İmanquliyeva, Mübariz Əlizadə, Rüstəm Əliyev, Vasim Məmmədəliyev və digər görkəmli şərqşünas-filoloqlar kimi alimlərin böyük məktəbi olub və var. Amma təəssüf ki, qərbşünas-filoloqlar yoxdur. Bunun səbəbi başqa söhbətin mövzusudur. Ona görə də Qərb ədəbiyyatından bütün tərcümələr rus dili vasitəsilə edilib, yəni ikinci əldən.

Ölkədə bu gün də klassik ədəbiyyatı orijinaldan çevirə bilən, mürəkkəb bədii mətnləri ingilis, fransız, italyan, ispan dillərindən öz dilimizə tərcümə etməyi bacaran peşəkar tərcüməçilər yoxdur. Yüksək səviyyəli qərbşünas-filoloqlar olmadan bu sahə üzrə təhsili kimə həvalə etmək olar? Onda bu ixtisasları gərək yenə bağlayaq. Mənə tutaq ki, Dantenin “İlahi komediya”sını italyan dilindən Azərbaycan dilinə yüksək akademik səviyyədə tərcümə edə biləcək heç olmasa bir tərcüməçi-filoloq göstərin. “Kosmonavtı öyrətmək daha asandır, nəinki belə tərcüməçini” desəm, səhv etmərəm. Beləliklə, özünüz düşünün: MDU lazım idi, ya yox?!

Tamamilə doğrudur, 1919-cu ildə BDU-nun yaranması faktının özü ölkəmizdən ötrü qürurverici hadisədir, vətənimizin şöhrətidir. Mən BDU-da oxuyanda böyük müəllimlərimiz var idi. Onların qarşısında təzim edirəm.

-Bir neçə il əvvəl dünya elminin beşiklərindən olan Oksford Universitetində sizin təşəbbüsünüzlə Nizami adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzi açıldı. Bu, Avropada Azərbaycan elmi adına misilsiz hadisə idi. Buna necə nail oldunuz? Bu layihənin ömrü nə qədərdir?

-Əlbəttə, bu layihə qısa müddət üçün, müvəqqəti olaraq və sadəcə bir epizod kimi düşünülməyib. Həmin Mərkəz bundan sonra Oksford Universitetinin rəsmən tanınmış bir parçasıdır. Bunun təsdiqini universitetin saytında da görə bilərsiniz. Mərkəz həmişəlik yaradılıb. Yeni nəsillər gələcək, yeni adlar olacaq. Mərkəzin işini davam etdirən gənc alimlər olacaq və onlar gələcəkdə şübhəsiz ki, artacaq. Axı müqəddəs yerlər boş qalmır. Biz cığıraçanlarıq. Çığır artıq var. Yolu isə bizi əhatə edən mürəkkəb dünyanı elm vasitəsilə dərk edən ali ideyalara sadiq adamlar davam etdirəcək.

Yeri gəlmişkən, 1965-ci ildə Oksfordda erməni elmi mərkəzi açılıb və bu mərkəz hələ də işləyir, az da nüfuzu yoxdur. Üzərində düşünməyə dəyən yaxşı informasiyadır, elə deyilmi? Həmin universitetdə gürcü dilini də öyrənirlər. Onun kitabxanasında özbək tədqiqatçılarının tarixə dair əsərlərinə də rast gəlmək olar. Həmin kitablar hələ sovet dövründə ingilis dilində nəşr olunub. Azərbaycan elmi isə orada heç vaxt heç kimlə təmsil olunmayıb.

Biz hələ ötən il 5 illik elm və təhsil planı təsdiq etmişik. İndi isə növbəti 10 il üçün yeni plan hazırlayırıq. Bu plan tarix, arxeologiya, dil, ədəbiyyat, bir sözlə, Azərbaycanın və Qafqazın mədəni-intellektual irsinə dair bir çox sahələri əhatə edir. Həmin məsələlərin qoyuluşu beynəlxalq elmi ictimaiyyətin qəbul etdiyi akademik kriteriyalara uyğun gəlir.

Hər işin öz yeri və öz anlamı var. Bu iş faydalıdırsa, əhəmiyyəti böyükdürsə, onun həyata keçirilməsi üçün münbit, əlverişli şərait yaranırsa, özündə onu həyata keçirməyə qüvvə tapırsansa, onda necə deyərlər, “ulduzlar da sənə köməyə gəlir”. İngiltərədə, özü də Oksford Universitetində tanınmağın asan olmamasına kim şübhə edər? Həmin Mərkəzə böyük Nizami Gəncəvinin adını verməyin nə qədər vacib və çətin olmasına kimin şübhəsi ola bilər? Belə yüksək hüququ hər hansı başqa “yolla” əldə etməyin mümkün olmamasına kimin şübhəsi ola bilər? Bu, alim olub-olmamasından asılı olmayaraq hər bir azərbaycanlıya aidiyyəti olan ümumi qələbədir.

Bu ilin aprelində vitse-kansler, professor Endryu Hamiltonla görüşüm oldu. 2009-cu ildən bu postda olan Hamilton vəzifəsindən gedir və 2016-cı ildə Nyu-York Universitetinin prezidenti postunda yeni işə başlayacaq.

Oksford Universitetinin bütün tarixi ərzində vitse-kansler postunu (bu postu tutan şəxs ali məktəbin ən yüksək statusa malik inzibati fiqurdur) qadın tutacaq. Professor Luiz Riçardson yanvarın 1-dən işə başlayır. O, əvvəllər nüfuzlu Sent-Endryus Universitetinin vitse-kansleri olub. Biz onunla qarşıdakı 10 il üçün yeni elm-tədris planını imzalamalıyıq.

Həmkarlarım, bizim Mərkəzin professorları, məşhur şərqşünas-alimlər, o cümlədən mən bu vacib anı səbirsizliklə gözləyirik. Bu mərasim rəmzi və təntənəli xarakterə malik olacaq. Çünki Oksford Universitetinin 800 illik tarixi ərzində hələ iki qadın belə vacib sənədi imzalamayıb. Bildiyiniz kimi, İngiltərədə tarix itmir. Orada ənənələrlə novatorluğun, tarixlə müasirliyin qəribə bir vəhdəti var, hamısı bir-birinə qaynayıb-qarışıb.

-Səmimi deyim ki, Siz mənə güclü, parlaq və ağıllı qadın təsiri bağışladınız. Sizin əsas xüsusiyyətiniz isə səmimi və açıqfikirli olmağınızdır. Bizim ölkədə bu qədər açıqfikirli və dürüst olmaqdan qorxmursunuz ki?

-Ünvanıma dediyiniz bu gözəl sözlərə görə sizə təşəkkür edirəm. Açıqfikirli olmaq mədəniyyəti, səmimiyyət şəxsiyyətin özünü qoruyub saxlamasının mexanizmlərindən biridir. Səhv etmək insana xas olan cəhətdir. Öz qiymətləndirmə və mühakimələrimizdə biz də səhv edə bilərik. Lakin bu səhvlər nə bizi, nə də digərlərini qorxutmamalıdır. Ən əsası da odur ki, insan əslində olduğundan bir qədər də yaxşı görünməyə çalışmamalıdır. Yəni başqasına çatmaq və onu ötüb keçmək olar, amma insan özü özünü heç vaxt ötüb keçə bilməz. Ən yaxşısı və asanı odur ki, insan öz yaxşı keyfiyyətlərini qoruyub saxlasın, onları həyat yolunda salıb itirməsin. Sonradan dönüb arxaya baxsa da onları bir daha görə, tapa bilməyəcək.

Özüm haqda yalnız bunu əlavə edim ki, mən ən çox mənə doğma və yaxın olan adamların sağlamlığına görə qorxuram. Siz deyən məsələyə görə qorxmağa başlasam, bu, məndən ötrü şəxsi mənada deqradasiyanın başlamasının əlaməti olar. Deqradasiya isə ilk növbədə özünün qarşında səmimiyyət və dürüstlüyün itirilməsi deməkdir. Ümid edirəm ki, bu da heç vaxt baş verməyəcək.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024