Sosial / Slayd (30-01-2015, 20:24)
Ramiz Yediyarov Gədəbəy təhsilini də ağlar günə qoyub... - Biabırçılıq
Son günlər redaksiyamıza daxil olan müraciətlərin əksəriyyəti Gədəbəy rayonunun təhsil sisteminin acınacaqlı olmağı barədədir. Nəzərinizə çatdırırq ki, Azərbaycan elminə dərin töhfələr vermiş, alimləri ilə təkcə keçmiş SSRİ məkanında deyil, bütün dünyada öz mövqeyini tutmuş Gədəbəy rayonunda təhsilin səviyyəsi bütün bölgələrdən fərqli olaraq demək olar ki, çox aşağı səviyyədə yer alır. İnanmaq olmur ki, hər zaman elmin beşiyi sayılan Gədəbəydə indi yüksək balla ali məktəblərə qəbul olunan tələbələrin sayı çox az olsun. Bilirik ki, Azərbaycan dövləti təhsilin inkişafı, müasirləşməsi üçün əlindən gələn bütün işləri görüb. Gədəbəydə təhsilin belə aşağı səviyyəyə enməyinin bir səbəbi var. O da hər bir işi qanun çərçivəsində deyil, öz maddı maraqları və qaydaları ilə idarə edən icra başçısının təhsili də iflic vəziyyətə gətirməsidir.Bu gün Gədəbəy rayonunun demək olar ki, bütün məktəblərində dözülməz vəziyyət davam edir. Hər bir dövlətin uğuru, inkişafı ilk növbədə həmin dövlətin təhsilinin güclü olmasından başlayır. Bizə yaxşı bəllidir ki, bütün təbii sərvətlərin gəlirindən çox gəlir insan beyninin kapitala çevrilməyindən yaranır. Bütün millətlərin tərəqqisi yalnız həmin millətlərin yüksək elmi biliklərə nail olmasından sonra başlayır.
Dövlətin əsas sütunlarından biri olan təhsili bir icra başçısı qəsdən özünün maddiyyatını düzəltmək xatirinə məhv edirsə, deməli əslində həmin icra başçısı və bu sahədə ona dəstək olan insanlar dövlətə xəyanət etmiş olur. Nəzərinizə çatdırırıq ki, Ramiz Yediyarov icra başçısı təyin edildiyi 3 illik müddətdən bəri Gədəbəy məktəblərində rüşvətxorluq və korrupsiya son həddə çatıb. Bütün məktəb direktorları təhsil şöbəsinin müdirinin deyil, təhsil qanunlarına uyğun deyil, yalnız Ramiz Yediyarovun qaydalarına uyğun məktəbi idarə edirlər. Hətta Gədəbəy rayonunun əksər kəndlərində olan məktəblərin qapısı aylarla açılmır. Şagirdlər isə başqa-başqa yerlərdə öz günlərini keçirdirlər. Azərbaycan elminə İsrafil Hüseynov kimi, Qoşqar Əhmədli kimi, Nürəddin Rzayev kimi alimlər bəxş etmiş Gədəbəy bir nömrəli şəhər orta məktəbi icra başçısı Ramiz Yediyarovun əli ilə təyin edilmiş Sevda Musayeva tərəfindən ticarət mərkəzinə çevrilib. İş o yerə gəlib çatıb ki, heç təhsil şöbəsinə rəhbərlik edən Baxış Nağıyevin belə S.Musayevanın qanunsuz əməllərini dayandırmağa gücü çatmır. Belə ki, 2012-2013-cü illərdə Sevda Musayeva fərdi uşaqların təhsilinə əl qoyaraq onları təhsildən uzaqlaşdırmışdır. Xəstə uşaqları heç bir kök və kötüyü olmadan 3-cü sinfə getməli olduğu halda bir il saxlatdırmışdır.
Məsələn Əliyev Rafiq Mübariz oğlunu 3-cü sinfə sağlam olaraq qəbul edib. S.Musayeva hətta Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin birgə qərarlarını heçə sayaraq fərdi uşaqları təhsildən ayırmışdır. Sevda Musayeva işlədiyi iki il müddətində özünə altı müavin dəyişib. Və ya heç bir səbəb olmadan da bir neçə aydan sonra bütün müavinlər özləri işdən çıxıblar. Bunun əsas səbəbi odur ki, Sevda Musayeva həmin müavinləri məcbur edir ki, onun üçün pul yığsınlar. Bundan imtina edən müavinlər isə işdən azad olunur. Etibarlı mənbənin verdiyi məlumata görə direktor məktəbdə at oynadır. Ona görə at oynadır və heç bir qanunlara məhəl qoymur ki, rayonun birinci şəxsinin yanında xüsusi hörmətə malikdir. Məktəbdən şikayət edən nə valideynlərin, nə də bir qrup müəllimlərin şikayətlərinə baxılmır, tələbləri yerini yetirilmir. Bunun səbəbi isə Sevda Musayevanın Gədəbəy şəhər meri Şahbaz Bayramovun və icra başçısının birinci müavini Qüdrət Paşayevin əli ilə birinci şəxsin ciblərini yaxşı doldurmasıdır. Əgər belə olmasaydı S.Musayeva məktəbi öz maraqlarının qurbanına çevirməzdi.
Demək olar ki, Gədəbəy şəhər orta məktəbinin yuxarı sinif şagirdləri üçün dərs keçilmir. Şagirdlər dərs əvəzinə ayrı-ayrı repititorların yanında hazırlaşırlar. İbtidai siniflərdə isə dərslər çox zəif keçirilir. Sevda Musayeva bütün təhsil qanunlarını pozaraq birinci yarım illikdə gündüz oxuyan ibtidai sinfi ikinci yarıda gunorta növbəsinə salmışdır. Bu məsələyə etiraz edən valideynlər həm təhsil şöbəsinə, həm də rayon icra hakimiyyətinə şikayət və müraciət etsələr də heç bir müsbət cavab ala bilməyiblər. Necə alsınlar axı. Əslində bü gün Gədəbəy rayon İHB-sı Ramiz Yediyarova sərf edir ki, Sevda Musayevadan daha çox şikayətlər gəlsin. Şikayət nə qədər çox gəlsə hər dəfə Ramiz Yediyarov Şahbaz Bayramov və Qüdrət Paşayevin əli ilə məktəb direktorundan pul alsın.Bəs məktəb direktoru pulu hardan çıxardır? Sualın cavabı çox sadədir. Demək olar ki, orta məktəblərdə olan maraq dərsləri keçirilmir.
Ancaq həmin dərslər Sevda Musayevaya yaxın müəllimlərə yazılır və pulları direktorun cibinə axır. Təhsil Nazirliyindən soruşmaq istəyirik. Biz qeyd etdiyimiz bütün nöqsanlar haqqında dəfələrlə müəllimlər tərəfindən sizə müraciət olunmuşdur. Bəs nə əcəb bir təhsil ocağını rüşvət mənbəyinə çevirmiş Sevda Musayeva haqqında tədbir görülmür?! Hörmətli Təhsil Nazirliyinin əməkdaşları, yoxsa siz də Gədəbəy Rayon İcra Hakimiyətinin başçısı Ramiz Yediyarovdan çəkinirsiniz?!