Region (15-10-2015, 12:08)
Türkiyəli baş məşqçi: “Azərbaycanı öz ölkəm kimi görürəm”
Yeni mövsümdən “Azərreyl”in “sükanı arxası”nda Bülent Karslıoğlu əyləşəcək. Onun Çempionlar Liqası ilə bağlı hədəfləri var. Türkiyəli mütəxəssis yeni klubu ilə yaxşı nəticələr verərək azarkeşlərə sevinc bəxş etmək fikirindədir.
Mediatv.az xəbər verir ki, B.Karslıoğlu publika.az-a müsahibəsində həm yeni klubunun məqsədlərindən, həm də məşqlərdən danışdı. Baş məşqçi həmçinin Azərbaycan adına çıxış etmək şərəfindən də söhbət açıb.
- Artıq “Azərreyl”in sükanı arxasındasız. Təklif necə gəldi?
- Təklif klub rəhbərliyindən gəldi. Əvvəl layihələri ilə bağlı danışdıq. Bu layihənin içində olmağı qəbul etdim. Başqa klublardan da təkliflər var idi. Amma bu layihə məni həyəcanlandırdı. Mənim üçün “Azərreyl”i çalışdırmaq ciddi çağırışdı. Bu komandanın uğurlu tarixi var. Qarşıdakı mövsümə böyük ümidlərimiz var.
- Təklif gələnə qədər işsiz idiniz?
- Xeyr, işsiz deyildim. Çünki federasiyada vəzifəm davam edir. Texniki koordinatoram. Həmçinin Avropa çempionatında qadınların rəhbərliyində oldum.
- İndi iki işi birdən davam etdirəcəksiniz?
- Milli komanda ilə yaz mövsümündə, klub komandasıyla qış mövsümündə çalışacağam.
- "Azərreyl"lə nə qədər müddətə müqavilə bağlamısınız?
- Bu mövsüm üçün anlaşmışıq. İndi də təlim-məşq toplanışındayıq.
- Hazırda hansı ölkədə məşqlərinizi davam edirsiniz?
- İndi “Azərreyl”lə Sloveniyadayıq. Yaxında bizi oyun gözləyir. 2 həftə sonra rəqibimiz Almaniyanın “Ştutqart” klubu olacaq. Bu matça ciddi hazırlaşırıq.
- Yerli komandalardan hansını güclü rəqib görürsünüz?
- Digər klublar haqqında şərh verə bilmərəm. Şərh etməyim üçün onları seyr etməyim lazımdır.
- Bəs Çempionlar Liqası ilə bağlı hədəfləriniz nədən ibarətdir?
- Çempionlar Liqasında bizi çətin oyunlar gözləyir. Kazan “Dinamo”su haqda xüsusi danışmağa ehtiyac yoxdur. “Lokomotiv” də çox ciddi rəqibdir. Bu isə o deməkdir ki, onlarla görüşdə ən yaxşı oyunumuzu göstərməliyik. “Ştutqart” da sürpriz edə bilər. Bu üzdən hansısa komandaya yuxarıdan aşağı baxmayacağıq. İnanıram ki, “Azərreyl” adına layiq oyunla azarkeşlərinə sevinc bəxş edəcək.
- Bülənt bəy, neçə ildir Azərbaycanda çalışırsınız?
- Artıq 5 mövsümdür ki, qardaş ölkədəyəm. Yəni 2012-ci ildən... Bu müddət ərzində “İqtisadçı”, “Lokomotiv” klublarında, həmçinin qadınların və kişilərin milli komandalarında çalışmışam. İndi də “Azərreyl”dəyəm.
- Bu müddət ərzində Azərbaycan dilini öyrənə bilmisiniz?
- Təbii ki, bilirəm. Əla olmasa da, yaxşı səviyyədə anlayıram, bilirəm. Həm də mənim üçün bu dildə anlamaq, danışmaq o qədər də çətin deyil. Çünki demək olar ki, eyni dili danışırıq.
- Uzun müddətdir Azərbaycandasınız. Ölkəmiz üçün mübarizə aparırsınız. Bəs qardaş ölkənin bayrağı, şərəfi üçün mübarizə aparmaqla bağlı nə düşünürsünüz?
- Azərbaycanı öz ölkəm kimi görürəm, bayrağın olduğu hər yer müqəddəsdir. Hələ bu qardaş ölkədirsə, mənim üçün daha çox dəyərlidir. Elə buna görə daha yaxşı, daha sıx qrafiklə çalışıram. Qardaş ölkə üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.
- Ailəniz də Azərbaycandadır?
- Yox, onlar Türkiyədə yaşayırlar. Uşaqların təhsilinə görə oradadırlar. Həm də böyük oğlum Türkiyədə voleybolla məşğuldur. Türkiyə komandalarından birində oynayır.