Region (7-10-2015, 14:22)
PFL prezidenti: "İki klubumuzun Avroliqada oynamasında hakimlərimizin də əziyyəti var"
Azərbaycan Kubokunun püşkatma mərasimindən sonra Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb.
Mediatv.az həmin müsahibəni təqdim edir:
- Azərbaycan Kubokunun sponsoru tapıldı?
- Axtarmadıq.
- Ölkə kubokunun da yayım hüququ "CBC Sport"a veriləcək?
- Yəqin ki. Çünki CBC-dən yayımla bağlı həm klub, həm də futbolsevərlər razılıq edirlər.
- Bu mövsüm I Divizion oyunlarının yayımı nəzərdə tutulub?
- Hələ təzə başlamışıq. I divizion da göstəriləcək, hələ çalışacağıq ki, Həvəskarlar Liqası da göstərilsin.
- "CBC Sport" geniş layihə götürüb. Sizcə, sonadək belə davam edəcək?
- Hamımız arzu edək ki, sonadək getsin. Mən deyirdim ki, bizim çempionat digərlərindən elə də fərqlənmir. Ancaq CBC-nin yayımından sonra sübut olundu ki, bu, belədir. Sözsüz ki, onların da reklamla bağlı qazancları olacaq. Çalışmalıyıq ki, yaxşıdan istifadə edək və sonsuzluğa doğru gedək. Yaxşı oyun nümayiş olunacaqsa, oyun vaxtı reklamdan pul yığılacaqsa, daha uzunömürlü olacaq.
- "Qarabağ" - "İnter" oyunundan sonra Elvin Əsgərov bildirmişdi ki, Qurban Qurbanovun jesti hakimlərə qarşı hörmətsizlikdir...
- Mənim fikrimcə, penalti vardı. Qurbanov da deyir ki, yarı-yarıyadır. Hərəkətini isə müsbət qiymətləndirirəm. Həmin epizodda hakimlərimizin yarısı penaltinin olduğunu, yarısı isə olmadığını dedi. Sırf Qurban müəllimin hərəkətinə gəlincə, mənə elə gəlir ki, özünə hörmət edən insan buna müsbət yanaşar. Bu, yekəxanalıq deyil, onun insanlığıdır. Hamı bilir ki, biz Qurbanla ailəvi dostuq. Onun övladları mənə "baba" deyir. Amma bunun işə dəxli yoxdur. Ola bilsin, cavandır, epizod ona pis təsir edib. Ancaq dərindən fikirləşəndə Qurbanov böyük adamdır. Fikir verdinizsə, Rəşad Sadıqov "Tottenhem"lə oyunda əzələsini dartdı, rəqib qol vurdu. Bu, centlmenlik deyil. "Qarabağ" - "Neftçi" oyununda da həmçinin. "Neftçi" - "Bakı" oyununa 8 kamera aparmışdıq. 6 rakursdan baxdıq, təmiz penalti yoxdur və hakim səhv idi. Oyundan sonra iclasda olan adamların hamısı Elçin Məmmədov haqda mənfi fikirdə idi. Amma 1 epizoda baxandan sonra gördük ki, penaltidir. Siz elə bilirsiniz ki, mübahisəli məsələlər bizə xoş təsir bağışlayır? Həm klub, həm azarkeş, həm də hakimlə pis oluruq. Amma olanda olur. Şükürlər olsun ki, bizdə bilərəkdən səhvə yol verən hakim uzaqlaşıb, yoxdur. Hər bir klub üçün bir xalın qiyməti var. Bu, büdcədən asılı olmayaraq belədir. Mənə elə gəlir ki, bu gün Azərbaycanın iki komandası Avropa Liqasında oyunlarını davam etdirirsə, yəqin ki, burada hakimlərimizin də əziyyəti var. Tapşırıqla, göz-qaşla olsaydı, nəticə belə olmazdı. Budur, haqq-ədalət. "Qarabağ" və Qəbələ rəhbərliyi heyətdə dəyişiklik etdi, gücləndi. Kim inana bilərdi ki, bu gün 2 komandamız avrokuboklarda olacaq? Vaxt olub ki, hakimə "Filan komanda uduzmalıdır" göstərişi verilirdi. Mən "Neftçi"də olanda "Turan"la qarşılaşmada başımıza oyun açdılar. Olmayan "qırmızı"lar verirdilər. Şahid də var. Ancaq indi düzgünlük, haqq-ədalət var.
- Bəlkə bu, Qurban Qurbanovun hakimə etibarsızlığından irəli gəlir?
- Yox, hamımız bilirik ki, Qurbanov həm yaxşı futbolçu olub, həm də yaxşı baş məşqçidir. Onun hər kəlməsi İnşallah, Allahu-əkbərdir, yəni, din adamıdır. O, həmişə haqqın, düzgünlüyün tərəfindədir. Hakim kimi məşqçi də səhv edə bilər. Niyə heç kim oyunçusuna demir ki, filan yerdə səhv etdin? Danışaq ki, komandada nə problem var? Camaat hay-küylü şeyləri xoşlayır, axı. Ancaq yapışırıq Xaqani Məmmədov, Əliyar Ağayevdən. "Ay klub, hara baxırsan?" deyə klublardan yapışmaq lazımdır.
- Azərbaycanda futbola maraq həddən artıq azdır
- Niyə azdır? "Qarabağ" Avroliqiada oynadı, nə qədər tamaşaçı gəldi?
- Əyalət klubu "Qəbələ" "Xəzər Lənkəran"la oynadı, heç 1000 nəfər yox idi. "Neftçi" ölkənin ən köklü klubudur, amma oyunlarında 1000 tamaşaçı olmur
- O yağışda kim gələr? Gəncədə, Tovuzda nə qədər azarkeş olur? Sumqayıt şəhərində futbola böyük həvəs var. Bu, baş məşqçinin, futbolçuların davranışından irəli gəlir. "Qarabağ"ın azarkeşləri yetərincədir. "Qarabağ" - "Neftçi" oyununda neçə azarkeş vardı? Hələ heç kim bilmirdi ki, oyun harada keçiriləcək. Vaxtilə AFFA prezidenti Rövnəq Abdullayev "Klubları bölgələrə bölmək lazımdır" deyirdi. Bakının klubu çoxdur, hansına azarkeşlik edəsən? Əvvəl oyuna 12 nəfər gəlirdi, 8 jurnalist və 4 PFL işçisi. Ancaq indi nə qədər adam gəlir?