Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (6-10-2015, 11:12)
Neft və Sənaye Universitetinin rektoru: “Bu ali məktəbdə rüşvət korrupsiya səviyyəsində idi”

Neft və Sənaye Universitetinin rektoru: “Bu ali məktəbdə rüşvət korrupsiya səviyyəsində idi”

 

Mustafa Babanlı: “Mən bu universiteti çirkabdan təmizləyəcəyəm”


Mediatv.az
xəbər verir ki, modern.az saytı “Danışır rektor” layihəsində rektor həm rəhbərlik etdiyi ali məktəbin, həm də ölkə təhsilinin problemləri haqqında danışır. Həmsöhbətimiz cəmiyyətdə yaşananlara ziyalı kimi də münasibət bildirir. Layihənin budəfəki qonağı 2015-ci il sentyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (keçmiş Neft Akademiyası) rektor təyin edilmiş professor Mustafa Babanlıdır.  

- Sentyabrın 3-də prezidentin sərəncamı ilə bu ali məktəbin adı dəyişdirildi. Düzdür, bu təhsil ocağının adı bir neçə dəfə dəyişdirilib. Sonuncu adı Azərbaycan Neft və Sənaye Universiteti oldu. Bu adın dəyişməsi hansı səbəbdən, hansı zərurətdən ortaya çıxdı?

- Azərbaycan Dövlət Neft Akademiyasının adının dəyişdirilərək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qoyulması  cənab prezidentin bu ali məktəbə  böyük etimadının göstəricisidir. Bu, nə ilə bağlıdır? Burada adda “neft” sözünün olması labüddür. Neft Azərbaycanın brendidir və ölkəmizin sənayeləşməsi bu adla bağlıdır. Azərbaycanda  sənaye deyiləndə neft hasilatının sənaye üsulu ilə çıxarılması nəzərdə tutulub. 1848-ci ildən bu yana Azərbaycan sənaye tutumlu  texnologiyaların inkişaf nöqtəsidir. “Neft” sözündən sonra “sənaye” sözünün gəlməsi  Azərbaycanın gələcəyi üçün innovativ tutumlu, yeni texnologiyalarla dolu sənaye müəssisələrində işləyəcək kadrların hazırlanması ilə bağlı universitetə qoyulan tələblərlə bağlıdır. Universitet gələcəyin mütəxəssisini hazırlamalıdır. Bu həm  bakalavr, həm magistr, həm də doktorantura səviyyəsində olmalıdır.

Bu ali məktəbin potensialı çox böyükdür. Məhz ona görə də cənab prezident bu ali məktəbin adını dəyişdirərək  mahiyyətinin də bu yöndə formalaşmasını bizim qarşımıza tələb qoyub. Sənaye dedikdə - burada həm neft, həm polad, həm maşınqayırma, həm də yüngül sənaye ola bilər. Sənaye çox geniş məfhumdur. Azərbaycan iqtisadiyyatının şaxələnməsini  və qeyri-neft sektorunun inkişafını nəzərə alsaq görərik ki, doğrudan da hazırda Azərbaycanda görülən bütün işlər bu  istiqamətdə həyata keçirilir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bu gün özünün üzərinə düşən məsuliyyəti tam dərk edir. Mən artıq bu bir ayda texniki işçilərdən savayı, bütün əməkdaşlarla, kollektivlə görüşmüşəm. Kollektiv olaraq yığışıb cənab prezidentin bizdən nə istədiyini özüm şəxsən izah etməyə çalışmışam və bu insanların da hamısı məsuliyyəti dərk edir. Ümid edirəm ki, arada olan boşluqlar da qısa zamanda doldurulacaq və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi iri addımlarla Azərbaycan sənayesinə qulluq edəcəyik.

- Boşluqlar dediniz, gəlin bunun üzərində duraq. Hansı boşluqları nəzərdə tutursunuz?

- Heç kimə sirr deyil ki, ali məktəblərdə neqativ hallar, etirazlar mövcud olub. Bu ali məktəbdə də bir çox boşluqlar yaranıb. Burada söhbət tədris prosesində olan rüşvətdən gedir. Söhbət rüşvətin artıq praktiki olaraq korrupsiyaya yaxınlaşmasından gedir, söhbət tədrisdə olan boşluqlardan gedir. Yəni dərs keçilmədən pulların mənimsənilməsindən, rüşvət alınıb insanların ikinci ixtisasa qəbul olunmasından, ixtisasartırmada istehsalatdan gələn insanlardan rüşvət alınıb yerləşdirilməsindən gedir. Bu mövzunu uzatmaq mümkündür. Ancaq bütün yerlərdə rüşvət sentyabr ayının 3-dən birmənalı yığışdırılıb. Mənim üçün 1 manatla 100 manatın fərqi yoxdur. Bu məsələ tam yığışdırılmalıdır, yeni mühit yaranmalıdır, təzələnməlidir. Bunu reallaşdırmaq üçün universitetin tam potensialı var.

Bir məsələni diqqətinizə çatdırım: abituriyentlər daha çox birinci qrupda yüksək bal toplayıb ali məktəbə qəbul olunmağa başlayıblar. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu ilə olan nəticələrini araşdıranda məlum oldu ki, bu universitetə 1977 nəfər abituriyent qəbul olunub. Bunların 116 nəfəri 600 baldan yuxarı - bir tələbəmiz 690 bal, 12 tələbəmiz isə 650 baldan çox toplayıb. Bu, universitetin potensialıdır. Mən illər üzrə araşdırdım. Məlum oldu ki, illər üzrə də buna yaxın göstəricilər olub. Ancaq tələbələrlə görüşdükcə, müəyyən şeylərin şahidi oldum. Nümunə üçün bir misal çəkim. 583 bal toplayan bir tələbənin hərəkətlərindən hiss elədim ki, onun nəsə narazılığı var. Biz bunu yavaş-yavaş müxtəlif metodiki yollarla ələ alıb soruşanda, məlum oldu ki,  tələbəyə ali riyaziyyatdan düzgün qiymət verilməyib. Bu tələbə topladığı 583 balın mütləq əksəriyyətini - 25 sualın 25-ni də cavablandırmaqla riyaziyyatdan toplayıb. Universitetdə ona aşağı qiymət yazıblar və o insanı elə birinci kursdan sındırıblar. Bununla da onun həvəsini nəinki tədrisə, universitetə, bütövlükdə Azərbaycan təhsilinə azaldıblar. Mən boşluq deyəndə bunu nəzərdə tuturdum.

Elə səviyyəyə çatmalıyıq ki, heç bir müəllim tələbənin üzərində bu cür hökmlər çıxara bilməsin. Buna görə də sadaladığım boşluqları doldurmaq üçün qərara gəlmişəm ki, birinci kurslarda imtahanı testlə edim. Bu, nə üçün belədir? Düzünü desəm, test üsulunun özünə birmənalı yanaşmıram, o üsuldan xoşum gəlmir. Bu tapmaca sistemidir. Ancaq əgər tələbə 11 ilini bu sistemi oxuyub gəlirsə, qəbul imtahanını bu sistemlə verirsə, birdən-birə onu oda atıb yazılı imtahana salmaq düzgün seçim deyil. Mən şifahi və yazılı imtahanı alqışlayıram, ancaq keçid dövrü birinci kurslar üçün bu imtahanı elektron sistemlə, testlə verməlidir.

Bundan başqa, bir şey də deyim. Burada müəyyən kafedralarda tələbələrə yanaşma da fərqlənir. Birinci kursun tələbələrinə riyaziyyat, fizika, kimya, informatika, tarix kafedralarının yanaşması adekvat deyil. Bu kafedralardan onları qorumaq üçün hər birini əməkdaşlığa dəvət eləmişəm, toplayıb fikrimi izah eləmişəm. Onlara demişəm tələbələrlə fərdi, ciddi məşğul olmalıdırlar ki, onlar imtahanlarını rahat verə bilsinlər. Bizim fikrimiz onları öyrətməkdir, kəsmək deyil. Universitet tələbəyə təhsil verməlidir. İmtahan sistemi bu yolda bir mexanizmdir. İmtahanın mahiyyəti tələbənin imtahana qədərki biliyini qiymətləndirməkdən ibarətdir. Ona görə Nazirlər Kabinetinin qərarı ilə tələbələrdən oxuduqları semestr ərzində 3 dəfə qiymətləndirilmə aparılmalıdır. Bu qiymətləndirmə kollekvium şəklində aparıla bilər. O kollekviumları  mərkəzləşdirilmiş qaydada da aparmaq qərarına gəldim. Belə ki,  oktyabr ayının 25-30-u arası birinci kurslardan birinci mərkəzləşdirilmiş qaydada kollekvium, noyabr ayının 25-30-u ikinci, dekabrın 25-30-u üçüncü kollekvium keçiriləcək. Bu üç qiymət əsasında əgər müəllimin tələbələri qiymətləndirməsi üst-üstə düşməsə, mən bu qiymətlə də uşaqları imtahana buraxacağam. Uşaqlar həmin qiymətlərdən yararlanıb imtahanı verəcəklər. Bu, tələbələri hifz eləməkdən ötrü, qeyri-ciddilikdən qorumaq üçündür. O müəllimlər də görəcəklər ki, yanaşma birmənalıdır. Onlar da yəqin ki, özləri nəticə çıxaracaqlar.



Danışığınızdan belə bir nəticəyə gəldim: tələbəni hifz etməkdən ötrü  mütləq cavan kadr olmaq lazımdır... 

Bilirsiniz, bundan ötrü ən azı, ölkənin tələbəsini sevmək lazımdır. Bu cavanlığına, yaşlılığına baxmır. Həmin insan hər bir yerdə  Azərbaycan gəncini qorumalıdır. Xüsusən də bilmək lazımdır ki, bu gənclərin hər biri cənab prezidentin seçicisidir. O kontekstdən baxanda deyə bilərik ki,  cənab prezident təyinat verəndə bizləri xalqa qulluqçu göndərir. Rektoru da elm, təhsil sahəsində bu ixtisaslar üzrə metodikanı işləməyə, tədrisin təşkilinə, elmin təşkilinə qulluqçu kimi təyin edir. O insan da  qulluq etdiyi sahələrdə birinci növbədə fikrində cənab prezidenti, sonra o səviyyədə də xalqını tutmalıdır. Gənclərin gələcəyini düşünməli,  sonra da qərarlar qəbul etməlidir.

İkinci tərəfdən, bugünkü Azərbaycan gəncinə qeyri-obyektiv yanaşılsa, o, nə ölkəsini, nə də hakimiyyətini sevər. Gənclərin ölkəmizi sevməsindən ötrü onlara qayğı göstərilməlidir.

- Bildiyimiz kimi, dünya universitetlərinin müxtəlif ranqlı reytinq cədvəli olur. Çox təəssüf ki, Azərbaycan universitetləri həmin siyahılarda elə də yüksək pillədə qərarlaşmırlar. Adətən, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, Xəzər Universitetinin adları belə siyahılarda yer tutur. Sizin yenicə rəhbəri təyin olunduğunuz universitetin adını o qədər də yüksək pillələrdə görmək olmur. Lakin vaxt var idi ki, bu ali məktəb SSRİ miqyasında  brend sayılırdı. Ən çox xarici tələbə də məhz burada oxuyurdu. Hətta Anqolanın prezidenti Eduard Duş  Santos də buranın məzunu olub. Siz universitetin həmin nüfuzunu yenidən özünə qaytarması üçün hansı işləri görəcəksiniz?

- Universitetin hər hansı reytinq cədvəlinə düşməsi, yaxud düşməməsi, mənim üçün önəmli deyil. İş görüldükdə, avtomatik gəlib ora düşəcək. Ancaq universitetin keçmişinə qayıtsaq, görərik ki, keçmiş SSRİ-də həmişə birinci onluğa düşüb. Ən yaxşı halda 7-ci, ən pis halda isə 9-cu olub. Digər tərəfdən, bu ali məktəb keçmiş SSRİ-də xarici tələbələrin hazırlanmasına görə həmişə birinci üçlüyə düşüb. “Xalqlar Dostluğu” adlı bir  universitet olub. Burda vaxtilə Nobel mükafatçıları Kurçatov,  Landao kimi alimlər mühazirə deyib. Bu ali ocaqda vaxtilə Heydər Əliyev təhsil alıb, Baybakov oxuyub. Universitetin keçmişi ilə bağlı ancaq xoş xatirələr var. Brend kimi görmək üçün biz ancaq irəliyə baxmalıyıq, iş görməliyik.

İlk növbədə birmənalı olaraq universitetdəki mənəvi mühiti yüksəltməliyik. Ancaq mahiyyətini gələcəyə daşımalıyıq. Mahiyyəti gələcəyə daşımaqdan ötrü keçmişdən bəhrələnməklə bir neçə işi ciddi, operativ görməliyik. Məsələn, əvvəla, cənab prezidentin 2007-ci ildə imzaladığı sərəncamla Azərbaycan vətəndaşlarının dünyanın aparıcı universitetlərində təhsil almaları üçün dövlət proqramı var. Bu sərəncam 2007-2015-ci illəri əhatə edirdi. Həmin proqramda göndərilən tələbələrlə, magistrlarla, doktorantlarla əlaqə qurub universitetə cəlb olunmasına çalışacağıq. Bu məsələ Azərbaycan Texniki Universitetində işləyərkən oranın rektoru professor Havar Məmmədov tərəfindən başlamışdı. Onun göstərişi ilə mən də bu işlə məşğul olurdum. Bu işlərlə bağlı bizim universitetdə də  davamlı cəhdlər göstərilməlidir. O insanlar birinci növbədə bildiklərini, öyrəndiklərini burda oxuyan insanlara ötürməlidirlər. Onlar bura yeni mühit, kreativlik, yeni tədris metodikaları, yeni texnologiyalar, yeni yanaşmalar gətirməlidirlər. Tələbələri həmin o çirkabdan mahiyyətcə xilas etməlidirlər. Mən bu universiteti çirkabdan təmizləyəcəyəm. Tələbə, valideyn, müəllim, professor, rektor – hər biri öz yerində olmalıdır. Təhsildəki rüşvətin birmənalı olaraq qarşısı alınmalıdır. Bu problemə kompleks yanaşmaq lazımdır. Rüşvət sistemini darmadağın etməkdən ötrü yeni yanaşmalar olmalıdır, yeni təfəkkür formalaşmalıdır. Bu təfəkkürü dəyişməkdən ötrü yenilərlə əvvəlki yaşlı insanların sintezini qurmaq lazımdır. Yeni insan yaşlı alimin bildiklərini heç vaxt bilə bilməz. Sovet dönəmində buranın çox güclü təhsil bazası olub. Ölkədə o bazadan hələ də layiqincə yararlanmayıb. O insanların vəhdətini qurmaqdan ötrü beynimdə müxtəlif layihələr var. O layihələri də cənab Mikayıl Cabbarovla dəfələrlə müzakirə etmişik, onun diqqətinə çatdırmışam. O cümlədən, kreativ düşüncəli alimlərin hesabına texnologiyaların transferini təmin eləmək, sənayeyə tətbiqini təşkil etmək lazımdır. Texnologiyanı insan bilir, ideyalarını nə cür sənayeyə  tətbiq eləməyini  alim bilmir. Biz burda yardımçı olmalıyıq. İkincisi, bu cür alimlərin sayı məhduddur. Məsələn, indi bu ali məktəbdə 700-ə yaxın alim işləyir. Ancaq  kreativ düşüncəli tələbələrin sayı çox olduğundanbiz bu işi STARTAP  layihələri çərçivəsində həyata keçirməyi düşünürük. Yəni sintez etməliyik. Bu işi aşağı və  yuxarı kurs tələbələri, eləcə də magistrlərlə həyata keçirməliyik. Ancaq bir şərtlə, o gənc innovativ düşüncəli olmalıdır, o insan nəsə etməyə çalışmalıdır və o insan “Sədərək”də deyil, innovativ düşüncəli yeni yaranmış STARTAP  müəssisəsində işləməyə başlamalıdır. Özünün yaratdığı müəssisədə işləməyə çalışmalıdır. Bu sistemi qura  bilsək, belə müəssisələrin sayı artsa, iş yerləri də çoxalacaq, innovasiyalarla ölkəyə pul gələcək. Bu zaman universitetin brendə çevrilməsinə imkan olacaq.



- Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə kimya profilli institutu var. Sizin universitet həmin institutlarla  qarşılıqlı əməkdaşlığı inkişaf etdirəcəkmi? Planlarınızda belə bir şey var?

Bu məsələyə yanaşmam yenə birmənalıdır. Bunsuz mümkün deyil. Biz tək sənayedə işləyəcək insanları ortalığa çıxarmırıq. Bunların bir qismi elmlə də məşğul olmalıdır. STARTAP layihələri sırf sənayeyə yönəlib. Burada təhsil alanların bir qismi sözsüz ki, magistraturanı bitirdikdən sonra ali təhsil ocaqlarında və AMEA-nın müxtəlif institutlarında öz elmi fəaliyyətlərini davam etdirməklə məşğul olacaqlar və tədrisə cəlb ediləcəklər.  Elə insanlardan nəinki tədrisdə, elmin bütün sahələrində elmi tutumlu layihələrin yerinə yetirməsi üçün yararlanacağıq. Burda layihələri  AMEA-nın  müvafiq institutları olmadan həyata keçirmək mümkün deyil. Biz həmin institutlarda universitetin baza kafedralarını yaratmağı düşünürük. Lakin bu kor-koranə, kağız üzərində qalan kafedralar olmamalıdır. Universitet olaraq həmin kafedralara müəyyən qədər məsrəflər verməyə hazıram. Lakin universitet həmin məsrəflərin qarşılığında dividentlər də götürməlidir. Yəni daha innovativ düşüncəli alimlərin burada tədrisə cəlb olunması, bizim doktorantların, magistrlərin burda  öz elmi tədqiqat işlərini yerinə yetirməsi, tədqiqat laboratoriyalarında həmin cihazlarda işləməsinin təmin olunması vacibdir. Bu məsələyə mövqeyim birmənalıdır. Yaxın zamanda həmin institutlarla əməkdaşlıq edəcəyik. 

- Aydın məsələdir ki, indi durğunluq olsa da, kimya profilli institutlar nə vaxtsa inkişaf edəcək. Çünki bizdə bu elmlərin bazası var. Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Şəfayət Mehdiyev və başqa alimlərimiz bu bazanı formalaşdırıblar. Amma sizdən texniki sahənin professoru kimi yox, bir ziyalı, vətəndaş kimi soruşmaq istərdik: bizim humanitar profilli elmlərdəki durğunluq nə vaxt və necə aradan qalxacaq?

- Mən bu sahə üzrə mütəxəssis deyiləm, ancaq yenə də bir ziyalı kimi mövqeyimi bildirim. Bilirsiniz, humanitar sahədə texniki sahədən fərqli olaraq inkişaf  həmişə olub. Məsələn, şərqşünaslıq sahəsində bizim yaxşı kadrlarımız olub. Azərbaycan dili və ədəbiyyatı sahəsində də ziyalı alimlərimiz olub və bu gün də var. Ancaq durğunluq  yaşanan müəyyən sahələr var. Məsələn, hüquqşünaslıq əsas elmi araşdırmalar baxımından zəif inkişaf edib. İqtisadiyyatın bəzi sahələri üzrə də durğunluq mövcuddur. Ancaq Azərbaycan tarixinin araşdırmaları ilə bağlı çox ciddi işlər görülüb. Azərbaycanda ensiklopedik araşdırmalarda cənab prezidentin tövsiyələrindən və sərəncamlarından sonra ciddi canlanma hiss olunur. Humanitar sahəni qaldırmaq daha rahatdır. O sahənin gələcəyinə texniki sahədən də nikbin baxıram. O sahənin qaldırılması üçün potensial texniki sahədən də çoxdur. Sadəcə, bir vətəndaş mövqeyi olmalıdır və ölkədə gedən proseslərə adekvat münasibət göstərilməlidir. Ölkənin brendi ola biləcək sahələr müəyyənləşdirilməlidir.

Azərbaycan müstəqillik qazananda 30-a yaxın ali təhsilli adam olub. Bu gün Azərbaycanda 1800-dən artıq elmlər doktoru var. Azərbaycanın keçdiyi yolu heç bir ölkə keçməyib. Son 20 ildə bizdə nə qədər işlər görülüb. Ancaq inkişaf  2003-cü ildən sonra olub. Çünki neftdən böyük pullar o dövrdən gəldi və düşünülmüş siyasət elə vəziyyətə çatdırdı ki, neftin qiymətinin  düşməsinə baxmayaraq,  Azərbaycanda bu gün də insanlar texnika və texnologiyaya sərmayə qoya bilir. İnsanlar inkişaf etdirmək istədiyi sahələrə sərmayə qoymaq imkanına malikdir. Dünyanın heç bir ölkəsində belə şey yoxdur.



-
 Sizin sələflərinizdən biri, bir zamanlar buranın rektoru olan, böyük alim Azad Mirzəcanzadənin maraqlı metodiki manevrləri, priyomları var idi. Adətən, sənaye, kimya profilli elmlərlə, humanitar, fəlsəfə elmlərini əlaqələndirirdi, sintez edirdi. Təbii ki, burada riyaziyyatçılar da oxuyurlar. Onların dünya ədəbiyyatı ilə mütaliəsində, humanitar sahə ilə münasibətlərində bir qədər çatışmazlıqlar var. Buna münasibətiniz  necədir?

- Maraqlı məsələyə toxundunuz. Milli Məclisin deputatı, yazıçı  Hüseynbala Mirəlləmovu seçkilərə qatılmaq ərəfəsində dəvət elədim, onunla görüşdüm. Dedim ki, Hüsenybala müəllim, mən sizin “Xəcalət” əsərinizə qoyulan tamaşanı izlədim. Çox gözəl təəssürat oyatdı. Əgər orda yazdığınızla buradaki işləriniz uyğunluq təşkil eləsə, çox yaxşı olar. Tam əminliklə deyirəm, mənim nə onun rəhbərlik etdiyi  kafedra, nə də özü ilə bağlı bir narazılığım var. Ancaq ümumi universitetdən söhbət gedir. Burada söhbət ümumi Azərbaycan ali təhsilindən, təhsilə yanaşmadan gedir. Hamı “Xəcalət” tamaşasına baxıb dərs götürməlidir. Alimlərimiz belə əsərlərə baxmalıdırlar. O əsərlər insanları oyatmalıdır. İnsanlar muğama, aşıq musiqisinə, dastanlara qulaq asmalıdırlar...

Bir nümunə deyim, bir neçə il öncə kimya sahəsində Nobel mükafatı “Nazik  tədqiqatların incəsənətlə sintezi”nə imza atan bir alimə verildi. Təsəvvür edin ki, elektron mikroskopiyada tədqiqat üsulları ilə alınan substrukturların İslam incəsənəti, İslam arxitekturası ilə sintezini tapırlar. Bu, gözəllikdir. Texniki sahə ilə məşğul olanlar  ancaq özlərinə qapılmamalıdırlar. Vaxtilə yaxşı riyaziyyatçılar musiqi bəstələyiblər, şeir yazıblar, hərtərəfli olmaq lazımdır.

- Bmüsahibəni sizin tələbələr də oxuyacaq. Bir rektor kimi onlara kimləri oxumağı məsləhət görərdiniz?

Mən heç nəyi nə qadağan eləmək, nə də özüm onların beyninə nəyisə yeritmək istəməzdim. Ancaq bir neçə əsəri onlar mütləq oxumalıdırlar. Mark Tveni, Aleksandr Dümanı, Dostoyevskini oxumağı məsləhət görərdim. Tolstoyu, Cek Londonu oxusunlar. Yerli ədəbiyyatdan, əmim olduğu üçün demirəm, Vidadi Babanlının “Vicdan susanda” əsəri vaxtilə çox populyar olub, onu oxusunlar. Çox gözəl əsərdir. Orada elmi mühitin məişətlə qarşılıqlı əlaqəsi verilib. Amma Səməd Vurğunun, ondan əvvəlki yazar və şairlərin adını çəkməmək mümkün deyil. Onlar dünya çapında artıq öz sözlərini deyiblər.

Bu gün gənc nəsil arasında da yaxşı yazanlar var. Onların oxunmaması, qəbul olunmaması, ancaq informasiya texnologiyalarının inkişafı ilə bağlıdır. Bugünkü mühit informasiyanı o qədər tez alır ki, artıq onlar üçün heç nə maraqlı deyil, vaxt itirmək istəmirlər. Onlara internet vasitəsilə məlumat almaq daha asandır, daha maraqlıdır, nəinki gedib hansısa kitabı almaq. Amma bunların da fəsadları var. O əsər oxunmayanda gənc öz fikrini ifadə etmir, yaza bilmir. Əsər oxumadan genişlənə bilmir. Mən Bakıda fizika-riyaziyyat təmayüllü məktəbdə oxumuşam. Yadımdadır, o vaxtı Səltənət adlı müəlliməmiz var idi. 10-cu sinifdə 52 kitab oxumuşdum. Biz o vaxt fizika-riyaziyyat təmayülündə oxuyurduq, fizika ilə məşğul olurduq. Bizim nə oxumağımız bu insan üçün maraqlı deyildi. Ancaq o bilirdi ki, hansı əsərin harasını oxumamışıq, oradan suallar verirdi.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024