Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (6-01-2015, 22:52)
"Sənaye ili"nin yekunu: perspektivdə nələr var? - ARAŞDIRMA

Yeni qurulan sənaye müəssisələri neft gəlirlərini kompensasiya edə biləcək, amma 15-20 ildən sonra

Azərbaycanın sosial-iqtisadi inkişafında bir sahənin ayrıca olaraq xüsusi diqqətdə saxlanması, həmin sektorun inkişafına yönəlik spesifik layihələrin dəstəklənməsi, dövlət investisiyalarının əsas hissəsinin bu sahəyə yönəldilməsi ənənə halını alıb.

2009-cu ilin "Uşaq ili" elan olunması ilə başlanan bu ənənə 2010-cu il "Ekologiya ili", 2011-ci il "Turizm ili", 2012-ci il "İdman ili", 2013-cü il "İKT ili", yenicə yola saldığımız 2014-cü il isə "Sənaye ili" kimi yadda qalıb. Artıq "Sənaye ili" də başa çatıb və bu, o deməkdir ki, 2014-cü il ərzində sənayeləşmə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin nə dərəcədə və hansı səviyyədə yerinə yetirildiyi və əldə olunan nəticələr artıq ortadadır.

Bəs, 2014-cü il bu sahədə nə ilə yadda qaldı? "Sənaye ili" çərçivəsində hansı işlər görüldü? Bu perspektiv Azərbaycan iqtisadiyyatına nələr vəd edir?

Bəribaşdan deyək ki, Azərbaycanda ənənəvi olaraq aqrar sahə və neft sənayesi prioritet olub. Son illər isə istər Azərbaycanda neft istehsalının aşağı düşməsi, istərsə də dünya bazarında "qara qızıl"ın ucuzlaşması fonunda hökumətin elan etdiyi prioritetlərindən belə görünür ki, Azərbaycan həm neft, həm emal, həm ağır sənaye sahələrinə, həm də yüksək texnologiyaların paralel şəkildə inkişafına üstünlük verir. Başqa sözlə, Azərbaycan gələcək iqtisadi inkişafını 4 əsas istiqamət (neft, aqrar sektor, ağır sənaye və İKT sektoru) üzərində quracaq. Əslində isə sənaye Azərbaycanda yeni sahə deyil və bu sektorun inkişafının qədim tarixi var. Təkcə onu demək kifayətdir ki, XIX əsrdə Azərbaycanda mövcud olan sənaye sahələri ölkənin iqtisadi inkişafında az rol oynamayıb. Məsələn, 1908-ci ilin məlumatlarına görə, Çar Rusiyasının iri sənaye məhsullarının 8 faizi Azərbaycanın payına düşürdü. Həmçinin o dövrdə neft sənayesi ilə bərabər respublikada emal sənayesi, yüngül sənaye, şərabçılıq, ipəkçilik və digər sənaye sahələri mövcud idi. Hazırda isə Azərbaycan müstəqil dövlət olaraq sənaye siyasətini özünün fəaliyyətinin prioritet istiqaməti kimi müəyyən edib. O dövrdə Azərbaycanda sənayenin inkişafının kökündə Bakı nefti durub. XX əsrin əvvəllərində Azərbaycan dünyada istehsal olunan neftin 50 faizini verirdi. Ona görə də neft sənayesinin inkişafı digər sahələrin də inkişafına təkan verdi. Vaxtilə Bakıda neftayırma zavodlarının, dəzgahqayırma, neft sənayesinin avadanlıqlarla təmin edilməsi üçün ayrı-ayrı istehsal sahələrinin - metallurgiya, maşınqayırma zavodlarının tikilməsi də buna bariz nümunədir. Lakin Azərbaycanda sənayenin, xüsusilə də yüngül və yeyinti sənayesinin əsas inkişafı 1970-ci illərə təsadüf edib. Hazırda Azərbaycanda yüngül sənayenin xüsusinin minimuma endiyi də sirr deyil. Belə ki, hazırda Azərbaycanda adambaşına 15-20 manatlıq yüngül sənaye məhsulu istehsal edilir. Baxmayaraq ki, iqtisadçılar bu sahənin inkişafı üçün böyük potensialın olduğu qənaətindədir.

Potensial var, şərait isə...

Ekspertlər bu sırada zəngin xammal resursları olaraq pambıqçılıq və ipəkçiliyin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu söyləyirlər. Ən böyük potensial neftdən daxil olan gəlirlərdir. İqtisadçı alim, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə bildirir ki, Azərbaycan neftdən daxil olan pul gəlirlərini iqtisadiyyatın strukturunun təkmilləşdirilməsinə yönəltməlidir. Onun sözlərinə görə, neft sənayesi Azərbaycanda qeyri-neft sektorunun da inkişafı üçün geniş imkanlar yaranıb: "Əslində qeyri-neft sektoru Azərbaycan üçün yeni termindir. Halbuki neft emalı da elə qeyri-neft sektorunun inkişafına birbaşa və dolayısı ilə ciddi təsir edən amildir. Çünki Azərbaycan neftinin özünün emalı böyük bir sahədir, böyük bir elmi məktəbdir. Azərbaycan dünyada təkcə nefti ilə yox, həm də neft məhsulları məşhur olub. Deyirlər ki, neftdən gələn gəlirlər Azərbaycanın məhsulunun aparıcı hissəsini təşkil edir. Axı, nəzərə almaq lazımdır ki, neft həm də digər sahələrlə əlaqədardır. Neftin əsasında biz neft maşınqayırma sahəsini yaratdıq, neft-kimyası, neft emalını formalaşdırdıq. Ona görə də neftin resurslarından istifadə etməklə həm neft-kimya sənayesini, emal sənayesini inkişaf etdirməliyik. Bura maşınqayırma, metallurgiya, yüngül sənaye, emal sənayesi, kənd təsərrüfatında emal sənayesi, tikinti materialları sənayesi də daxildir".

Bununla belə, millət vəkili hesab edir ki, Azərbaycan istəsə belə, sənayesinin bütün sahələrini paralel şəkildə inkişaf etdirə bilməz. Ziyad Səmədzadənin fikrincə, Azərbaycan sənaye sektorunda o sahələrin inkişaf etdirməsinə prioritet kimi baxmalıdır ki, həmin sahədə həm daxili tələbat ödənilsin, həm də xaricə məhsul satışı imkanları olsun: "Artıq müəyyən ənənələr də, iqtisadi və maliyyə imkanları da, xammal potensial da, kadr ehtiyatı və dünya bazarlarına çıxış imkanları var. Azərbaycanda qara metallurgiyanın yaradılmasının çox böyük tarixi var. Sovet sisteminin, Kremlin Azərbaycana biganə münasibəti nəticəsində SSRİ-nin Daşkəsən bazası əsasında Rustavidə zavod tikildi. O dövrdə bununla bağlı nə qədər yazışmalar, problemlər olub. Əslində biz Azərbaycanda tam metallurgiya sistemi kompleksini yarada bilərdik. Ona görə də bu gün sənayeləşmə sahəsində görülən işlər Azərbaycan xalqının tarixi bir nailiyyətidir. Müstəqil dövlətin imkanları, resursları, maliyyə vəsaitlər var . Dövlət büdcəsinin müzakirəsi zamanı metallurgiyanın inkişafı ilə əlaqədar kifayət qədər vəsait nəzərdə tutulub. Yəni metallurgiya bazasının yaradılması millətin inkişafıdır. Bu müəssisələrdə minlərlə insan işləyəcək, yüksək maaş alacaqlar və xaricdən hər hansı təhlükə yarananda, müəyyən proseslər olanda - qlobal dünya sarsıntıları içərisində yaşayırıq - bizim rəqabətə davamlı metallurgiya zavodlarımız, metal varsa, dəmir və digər xammal ehtiyatı formalaşdırılıbsa, deməli, ölkənin iqtisadi gücünü təmin etmək imkanları da var".

Xatırladaq ki, rəsmi statistikaya əsasən, hazırda Azərbaycanın Ümumi Daxili Məhsulunda (ÜDM) sənayenin payı 50 faizdən yuxarıdır. Bəzi inkişaf etmiş çox ölkələrdə bu göstərici 25-30 faiz ətrafında dəyişir. Azərbaycan ÜDM-də sənayenin payının 50 faizdən yuxarı olması onu deməyə əsas verir ki, Azərbaycan sənaye ölkəsidir. Hazırkı mərhələ isə Azərbaycan sənayesini bir qədər də şaxələndirmək, diversifikasiya etmək, neft sənayesinin imkanlarından istifadə etməklə digər sahələri inkişaf etdirmək xəttini tutub.

İqtisadiyyat və Sənaye Nazirliyinin sənaye şöbəsinin müdiri Səməd Bəşirli bildirir ki, Azərbaycan tarixən neft ölkəsi olduğundan burada neft sektorunun inkişafı təbiidir və belə də olmalıdır. Ancaq müasir dünyada baş verən iqtisadi tendensiyalar əvvəl yüngül və yeyinti sənayesinin, mebel istehsalının, sonrakı mərhələdə isə daha çox texnologiyalar tələb edən maşınqayırma, metallurgiya, kimya sənayesi, neft-kimya sənayesi, sonra əczaçılıq sənayesinin inkişafını diktə edir. Onun sözlərinə görə, sənayenin bir sahəsindən digər sahəsinə inkişaf estafet ötürüldükdə digər sahələr yerlərində qalmır və onlar da inkişaf edirlər: "Yəni ən düzgünü sənayenin Azərbaycanda ənənəvi sənaye sahələrinin paralel fəaliyyət göstərməsi və inkişaf etdirməsidir. Bunlar yeyinti, yüngül sənaye, mebel sənayesi, maşın və avadanlıqlar istehsalı, cihazqayırma, neft emalı, kimya sənayesi, neft-kimya, metallurgiya sahəsidir. Bütün bunlar Azərbaycan üçün ənənəvi sahələrdir və bu sahələrdə istehsal var. Sadəcə, Azərbaycan hökuməti həm "Sənaye ili" çərçivəsində, həm də bundan sonrakı investisiya proqramlarında səınayeləşməni prioritet elan etməklə bu sahələri bir qədər də inkişaf etdirəcək. Yəni rəqabət qabiliyyətli istehsala diqqət artırılacaq. Rəqabət qabiliyyətli istehsalın olması isə bilavasitə innovasiyaların tətbiqi ilə bağlıdır. İnnovasiyaların tətbiqi isə insan resurslarına əlaqəlidir. Çünki biz texnologiyaları transfer edə bilərik, amma insan resurslarını transfer etməyin müəyyən həddi və məhdudiyyəti var, yerli resurslar olmalıdır. Bakı tarixən sənaye şəhəri olduğu üçün insan resursları sənayenin müxtəlif sahələrində var və fəaliyyət göstərir. Amma yeni mütəxəssislərin yetişdirilməsi istiqamətində işlər aparılır. Bunlardan biri "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı"dır.

Yüngül sənaye niyə populyar deyil?

Səməd Bəşirli deyir ki, hazırda Azərbaycanda emal sənayesinin inkişafı ilə bağlı ciddi problem yoxdur. Belə ki, hazırda ölkənin əksər regionlarında kənd təsərrüfatı məhsulları - ərzaq, yeyinti sənayesi ilə bağlı zavodlar fəaliyyət göstərir. Onun sözlərinə görə, yüngül sənayenin də bir hissəsi bilavasitə kəınd təsərrüfatında məhsul istehsalı ilə əlaqəli olduğundan bu sahədə də potensial genişdir: "Yüngül sənaye dünyada rəqabətin çox yüksək olduğu bir sahədir. Sənayelər inkişaf etdikcə estafeti bir sahədən digər sahəyə ötürür. Yüngül sənaye ümumi sənayenin inkişafında ilk mərhələdən daha çox inkişaf edən, daha populyar bir sahə olub. Yəni yüngül sənaye inkişaf etdikcə bu tendensiya tədricən digər sahələrə keçir. Yüngül sənayenin bir xüsusiyyəti var ki, ənənəvi sahədir, Azərbaycanda ipəkçilik və pambıqçılıq, pambıqdan məhsulların hazırlanması və emalı ənənəvi sahədir. Ancaq yüngül sənaye rəqabətin yüksək olduğu sahədir. Buna görə bu sahənin gəlirləri də aşağıdır. Üstəlik, yüngül sənaye daxili bazar üçün o qədər də populyar deyil".

Bərabər iş, bərabər mənfəət

Bununla belə, nazirlik rəsmisi bildirir ki, yüngül sənayenin ölkədə populyarlığını artırmaq üçün müəyyən tədbirlərin görülməsi planlaşdırılır. Onun sözlərinə görə, bu sahədə ilk növbədə tsiklin qurulmasına, yəni xammal bazasının formalaşdırılmasına önəm veriləcək. Bunun üçün isə ilk olaraq yüngül sənaye sektorunda rəqabət qabiliyyətinin artırılması, məhsulun maya dəyərinin aşağı salınması üçün lazımi tədbirlər görüləcək: "Rəqabət qabiliyyətinin artırılması üçün yeni texnologiyaların tətbiqinə əlavə dəyər vergisindən güzəşt, tarif imkanları yaradılır. Ən əsas məsələ tsiklin qurulmasıdır ki, bu istiqamətdə də ciddi addlımlar atılır. Məsələn, Sumqayıt Tekstil Parkında pambıq mahlıcından iplik istehsalı, parça istehsalı, parçanın boyanması, ondan son istehsal olan tsikl qurulub. Yeni fabriklərin qurulması da davam edir Sumqayıt Tekstil Parkı bir nümunədir. Artıq Yevlaxda da da Tikiş Fabriki xeyli vaxtdır fəaliyyət göstərir. Yaxud Bakı Tikiş Fabriki. Yəni hazırda Azərbaycanda tekstil müəssisələri, uniforma tikən fabrikləri var və bununla yüngül sənaye sahəsində müəyyən qədər rəqabət imkanları yaradılıb. Artıq uniformaların tikilməsi, bir çox məhsulların ölkə daxilində hazırlanması o qədər adi hal olub ki, biz bunu nailiyyət kimi qeyd etmirik. Lakin təkmilləşmə yoxdur. Çünki rəqabət çox aşağı səviyyədədir. Ona görə də biz rəqabətə davamlı məhsul istehsalını prioritet seçmişik ki, "Sənaye ili" çərçivəsində bu istiqamətdə çox mühüm tədbirlər görülüb və tədbirlər gələcəkdə də davam edəcək".

Yeri gəlmişkən, Azərbaycan İnvestisiya Şirkətinin yaradılmasında da əsas məqsədlərdən biri məhz qeyri-neft sənayesinin inkişafının dəstəklənməsidir. Elə bu səbəbdən də şirkət bütün sənaye layihələrin icrasında iştirak edir. Belə ki, şirkət ona müraciət etmiş sahibkarın layihəsinə maliyyə vəsaiti ayırarkən ilk mərhələdən məhsul istehsalının son mərhələsinədək prosesin içərisində olur. Buraya istehsal olunacaq məhsulların satışı üçün bazarın yaradılmasından tutmuş biznes-plan və maliyyə modeli hazırlamaq, rəqabətə davamlı yüksək keyfiyyətli məhsul istehsalına imkan verən avadanlıqlar və texnologiyalar cəlb etmək, sahibkarlarla birlikdə əsas və texnologiya istehsalçıları ilə danışıqlar aparmaq, bu texnoloji avadanlığın Azərbaycana gətirilməsinədək ən müxtəlif dəstək xidmətləri daxildir. Bütün bunlar reallaşdırıldıqdan sonra Azərbaycan İnvestisiya Şirkəti layihəyə investisiya yatırır. Layihə uğurlu fəaliyyət göstərdiyi halda şirkət müəyyən müddətdən sonra əldə edilən mənfəətdən öz payını daha yüksək qiymətə sata bilir.

Yeni müəssisələrdə 2500-dək iş yeri yaradılacaq

Bəs, neft gəlirləri minimuma endikdən sonra Azərbaycan sənayesi ölkə iqtisadiyyatının yükünü öz çiyinlərində daşıma gücünə malik olacaqmı?

İqtisadiyyat və Sənaye Nazirliyinin sənaye şöbəsinin müdiri Səməd Bəşirli bildirir ki, son illərdə neftlə bağlı ÜDM-in azalması müqabilində qeyri-neft sənayesinin qazanılan ÜDM "qara qızıl"ın ucuzlaşmasından itirilən gəlirlərdən daha çoxdur. Onun sözlərinə görə, qeyri-neft sənayesində müşahidə olunan artım neft sənayesindəki azalmasını kompensasiya edir. Gözləntilər onu göstərir ki, vaxt getdikcə ÜDM-də qeyri-neft sənayesinin payı neft sənayesi ilə müqayisədə daha da artacaq və gələcəkdə ÜDM-də qeyri-neft sektorunun payı 80 faizə yüksələcək. Həmçinin hesablamalara görə, Azərbaycanda sənaye sahələrinin inkişafı nəticəsində yeni fəaliyyətə başlayan müəssisələr hesabına 2500-dək əlavə iş yeri yaradılacaq: "Əslində "Azərbaycanın qeyri-neft sektoru neft gəlirlərinin yükünü çəkə bilərmi?" sualına dəqiq cavab vermək hələ çox tezdir. Amma Azərbaycanın iqtisadi potensialının reallaşdırılması sahəsində hələ böyük imkanlar var. Təkcə neft-qaz sənayesi yox, başqa sahələrin, o cümlədən kənd təsərrüfatı, turizm sahəsində reallaşdırılması mümkün olan potensiallarımız çoxdur. Azərbaycanın qeyri-neft sektorunun bu yükü çəkə biləcəyi yaxın illərdə real deyil. Amma təxminən 15-20 il sonra Azərbaycan sənayesi ölkə iqtisadiyyatının əsas ağırlığını dasımaq gücünə malik olacaq. Yəni Azərbaycanda sənayenin ölkə iqtisadiyyatının əsas lokomotivinə çevrilməsi imkan daxilindədir. O cümlədən də yüksək texnologiyalarda. 2020-ci ilə qədər rabitə və yüksək texnologiyalardan əldə olunan gəlirlər ən azı 25 faizə qədər artmalıdır.

Elxan Salahov

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024