Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (2-02-2015, 20:05)
“Türkiyə və Rusiya dünyada liderlik edəcək...” - MÜSAHİBƏ

Bu günlər dünyadakı prosesləri izləyənləri maraqlandıran suallardan biri də “Rusiya dağılırmı?” sualıdır. Ötən ilin sonunda tanınmış politoloq Vəfa Quluzadə ilə “Rusiyanın taleyi necə olacaq?” - sualını müzakirə etmişdik. Vəfa müəllim təxminən Qərb analitiklərinin mövqeyinə yaxın fikirlər ifadə etmiş, Rusiyanın ABŞ və Qərblə savaşda qələbə şansını az olduğunu və bu ölkənin zəifləyəcəyi təqdirdə Qarabağ probleminin ədalətli həllinin mümkün olacağı kimi proqnozlar vermişdi. Bu mövzuda araşdırmalar apararkən BDU müəllimi, araşdırmaçı-jurnalist Tahir Cəfərlinin rus dilində nəşr edilmiş bir məqaləsi ilə rastlaşdıq və bu yazıda məsələyə tamamilə başqa bir yanaşmanın şahidi olduq. Bir sıra opponentlərindən fərqli olaraq T.Cəfərli şimal qonşumuzun gələcəyinə nikbin yanaşır, hətta əslində Rusiyanın yox, Avropa Birliyinin dağılmaq ehtimalının olduğunu söyləyir.. Deyilənləri nəzərə alaraq bu dəfə Rusiyanın taleyi mövzusunu Tahir Cəfərlinin fərqli mülahizələrini oxucuların və cəmiyyətin müzakirəsinə buraxmaq qərarına gəldik...

- Tahir müəllim, Rusiyanı gerçək durumu necədir? Bu ölkənin dağılacağı barədə yazılanlar, deyilənlər doğrudurmu? 
- Hazırda əksəriyyət dünyada baş verən prosesləri ümumi qəbul olunmuş stereotiplər əsasında anlayır. Bu da zəmanəmizin parodokslarından biridir. Bu gün elə bir telekanal, qəzet və jurnal yoxdur ki, onu açanda Ukrayna böhranından danışmasın və baş verən hadisələri ABŞ-Rusiya qarşıdurması kimi qələmə verməsin. Bu stereotip beyinlərə o qədər nüfuz etmişdir ki, başqa cür düşünmək belə ağıla gəlmir. Bu barədə yeni fikir yürüdərkən isə opponentlərin V.Putinin, B.Obamanın, A.Merkelin dediklərini nümunə gətirərək sənin tutarlı dəlillərinlə razılaşmaq istəmirlər.

Aydındır ki, Qərb Ukraynada baş verən dövlət çevrilişinə sanksiya verənlərdən biridir. Bunun nəticəsində, Rusiya ilə yanaşı Qərbin özü də böhran qarşısında qalmışdır. Neftin qiymətinin aşağı düşməsi və sanksiyalar əgər Rusiya iqtisadiyyatına bir zərbə vurdusa, Avropanın bir-neçə ölkəsinin iqtisadiyyatını çükdürmə dərəcəsinə çatdırmışdır. Artıq Avropa Birliyinin dağılmağa doğru getdiyi barədə proqnozlar da səslənir. Yunanıstanda müxalifətin qələbəsi, bu ölkənin AB-dən çıxmasına zəmin yaradır... Avropanın Şərqində müharibə gedir və bu genişlənə bilər...

SSRİ dağılandan sonra ABŞ dünyanın yeganə fövqəl-dövlətinə çevrilsə də, onun iqtisadiyyatı faktiki olaraq çökməyə başlamışdı. Böyük konsernlər və firmalar öz istehsalını azaltmışdılar. Bunun da müəyyən obyektiv səbəbləri var idi. İlk növbədə SSRİ-nin dağılması Avropa üzərindən Rusiya təhlükəsini götürdü. Odur ki, Avropa ölkələri daha ABŞ-dan kütləvi qırğın silahları və hərbi komplekslər almadılar. ABŞ hərbi sənaye kompleksinin (HSK) gəlirləri bu ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 78%-ni təşkil etdiyindən HSK-dakı böhran ABŞ iqtisadiyyatına güclü zərbələr vurmağa başlamışdı. Yevroya keçid isə ABŞ dollarının işləmə arealını məhdudlaşdırırdı. Bu proseslər sözün həqiqi mənasında ABŞ-ın iqtisadi və siyasi üstünlüyünü əlindən alırdı. Odur ki, tanınmış Rusiya və Qərb analitikləri bu minvalla ABŞ-ın çükəcəyindən xəbər verirdilər. Bu, öz əksini Aleksandr Duginin AB-nin yaranması ilə bağlı yazıları və Almaniya siyasətçisi Gerxard Şrüderin dərin təhlillərində də tapmışdı.

SSRİ-nin dağılması doğrudan da AB-ni (yaxud Aİ-Avropa İttifaqı) gücləndirirdi. Çünki Avropa ölkələri üçün geniş və ucuz Rusiya xammal bazarı açılır və bu, günbəgün Aİ-nın ABŞ-dan asılılığını aradan qaldırırdı. Prosesi önləmək üçün ABŞ analitikləri ilk növbədə HSK-nin işə salınması üçün tədbirlər hazırlamalı idilər.

- 2001-ci ilin 11 sentyabr olayları Avropanın taleyində necə rol oynadı?
- Əslində, Aİ-nin ABŞ-dan asılı vəziyyətə düşməsi üçün Amerika rəhbərliyi 2001-ci ildə 11 sentyabr olaylarından yaxşıca istifadə etdi. Ağ Ev Aİ dövlətlərini NATO üzvü kimi Əfqanıstan və İraq, ardınca isə “ərəb baharı”nın başlandığı ölkələrdəki proseslərə cəlb etməklə, onların iqtisadiyyatına ciddi zərbələr vurdu. Ukraynada baş verənlər də məhz ABŞ-ın Aİ-yə qarşı planladığı tədbirlərin məntiqi davamıdır. Məqsəd isə Rusiya-Avropa qarşıdurmasını yaratmaqdır. Putinin Krımı zəbt etməsi Avropada rus qorxusunu daha da artırdı. Nəticədə öz təhlükəsizliyindən narahat olan Avropa dövlətləri yenidən silahlanmağa başladılar. Bu isə ABŞ-ın böhran vəziyyətindən çıxmasına şərait yaratdı. Bundan sonra isə dünya yenidən iki düşərgəyə: Qərb və Rusiya düşərgələrinə bölündü və bu da “ikinci soyuq müharibənin” başlanmasına gətirib çıxardı. Belə bir şəraitdə neftin qiymətinin aşağı endirilməsini süni şəkildə bir düşərgənin başqasına təzyiqi və onun iqtisadiyyatına vurduğu zərbə kimi qələmə verməliyik. Bundan ilk növbədə iqtisadiyyatı neft sənayesi üzərində qurulmuş ölkələr zərər çəkəcək, Azərbaycan da istisna olunmur...

- Axı Qərb siyasətçilərinin fikrincə, neftin ucuzlaşmasından hamıdan çox Rusiya zərər çəkəcək və bu hətta onun çükməsinə gətirib çıxaracaqdır?
- Bu ilk baxışda belə görünsə də, əslində belə deyil. Avropa siyasətçiləri anlamadılar ki, “çomağın iki tərəfi var” və heç də onlara az zərbə dəyməyəcək. Zərbəni hər iki tərəfə vuran isə ABŞ-dır və o, ilk növbədə Avropanın çükməsinin tərəfdarıdır. Gerhard Şroderinin sözləri ilə desək: “SSRİ dağılandan sonra ABŞ-a rəqib kimi ortaya Aİ çıxdı. Odur ki, okeanın o tayında rəqibin inkişafının qarşısını almağa başladılar”...

- Bu il yanvarın 21-də Barak Obama Rusiyanı bir daha Ukraynada baş verən hadisələrdə günahkar olduğunu və bu səbəbdən beynəlxalq təcrid vəziyyətinə düşdüyünü, iqtisadiyyatının pərən-pərən olduğunu bəyan etdi. Bu, doğrudanmı belədir? 
- Rusiya iqtisadiyyatının ilk göstəricilərdən məlum olur ki, B.Obamanın sözlərində heç bir həqiqət yoxdur. Heç ABŞ özü də Rusiyanı təcrid vəziyyətində saxlamaqda maraqlı deyil. İnformasiya məkanında belə bir stereotip mövcuddur ki, Rusiya ancaq neft və qaza arxalanaraq yaşayır. Guya bu saat Rusiyada neft buruqlarından başqa heç nə yoxdur, açılan ticarət mərkəzləri neft və qazın satılmasından alınıb gətirilən banan və “ayfonların” satışı ilə məşğuldür... Başqa heş nə yoxdur. Aydındır ki, bu fikir düzgün deyil. Sadəcə, buna inananlar çoxdur... “Vesti” telekanalı 6 yanvar 2015-ci ildə “Elektromaş” ETB-nin icraçı direktoru və “Energiya” RKK-nin prezidenti Vladimir Solnsev amerikan kampaniyalarına "Orbital Sayensiz” tipli 60 yeni raket RD-181 mühərrikləri satıldığını və daha 20-nin satılacağı haqda kontraktın bağlanmasını bildirmişdir. İqtisadiyyatın kosmik sahəsi isə elmin və iqtisadiyyatın ən önəmli gəlir gətirən sahələrindəndir. Bu, Rusiya iqtisadiyyatının təkcə neft-qazdan asılı olmadığını göstərən yalnız bir faktdır. Şimal qonşumuz öz ərzaq təhlükəsizliyini qısa müddət ərzində təmin etməyi bacardı. Bundan əlavə, Rusiya gələcəkdə xaricdən ərzaq ixracının qarşısını almaq üçün kənd təsərrüfatının inkişafına aid ciddi qərarlar verdi. Elə alındı ki, sanksiyadan Rusiya yox, onun rəqibi olan Avropa ölkələri əziyyət çəkməyə başladılar. Çünki ruslar bu ölkələrin mallarını almaqdan əl çəkdilər və nəticədə Rusiyadan xaricə axan valyuta Rusiya xəzinəsində qaldı. Avropa ilə xarici ərzaq ticarətinin faktiki dayanması, Aİ-nın kənd təsərrüfatının dağılmasına gətirib çıxardığını görmək üçün Yunanıstanda, Bolqarıstanda, Polşada və s. baş verən hadisələri izləmək bəs edir...

- Siz konkret hansı statistik göstəricilərə əsasən Rusiya iqtisadiyyatı barədə nikbin proqnozlar verirsiniz?
- Rusiya iqtisadiyyatının enməsini və artımını izləmək üçün iki mənbənin: “Rosstat”ın və beynəlxalq bankın statistik göstəricilərini özündə əks etdirən “Rusiyanın sənaye istehsalının indeksi”ni təhlil etməliyik. Maraqlısı budur ki, 1990-cı illərdə məşhur iqtisadçı E.Qaydar tərəfindən aparılan islahatlar nəticəsində lazımsız, geridə qalmış bütün sənaye sahələri ləğv olunmuşdur. Liberal islahatların üçüncü ili sənaye istehsalı indeksi iki dəfə aşağı enmiş, 1998-ci ildə 1991-ci illə müqayisədə minimum həddə - 4%-ə çatmışdı. Rusiya iqtisadiyyatı 20 il dala atılmış və 70-ci illərin əvvəlini xatırladırdı. Vəziyyətdən çıxış kimi 1998-ci ildə rublun devalvasiyası və kursunun enməsi istehsalçılar üçün yaxşı şərait yaratdı və idxalın həcmini azaltdı. Odur ki, dərinə gedəndə hazırda da rus pulunun ölməsi Rusiyaya xeyirir. V.Putin prezident seçildikdən sonra Rusiya liberalizmi sanki yatmış yuxudan oyandı və ölkə istehsalçılarının maraqlarını qorumağa başladı, köhnə zavodlar yeniləşərək bərpa olundu, yeniləri tikildi. Əlbəttə, ilk növbədə neft sənayesi qaydaya salındı və 2004-cü ildən başlayaraq istehsal sahələrinə geniş yer verildi. Məsələn, əgər əvvəllər xaricə ağac şalban şəklində göndərilirdisə, indi daha ağac məmulatları yola salınırdı. İstehsal sahələri gücləndikcə, mebel sənayesi güclü inkişaf etdi. 2008-ci il böhranı bu prosesi ləngitsə də, geriyə çəkilən kimi sənayenin başqa sahələri ilk növbədə HSK və kosmik sənaye bərpa olunmağa başladı...

- Amma Qərb mətbuatı Rusiyada əməyin səmərəliliyinin çox aşağı olduğunu yazır... 
- Belə fikirlərin yaranmasına səbəb - Qərb KİV-lərinin Rusiyanın ÜDM-ni düzgün hesablanmasıdır. Onlar ÜDM-i ölkədə işləyənlərin sayına bölürlər. Belə alınır ki, Londonun adi poçt işçisinin daşıdığı məktuba görə aldığı pulu da avropalılar ÜDM-ə qatırlar. Rusların isə ancaq istehsalatdan gələn gəlirləri ÜDM-də öz əksini tapır. Rusiyanın ÜDM-ni bu mövqedən təhlil etsək görərik ki, bir zox güstəricilərinə görə bu ölkə heç də geridə deyil. Davos forumunda Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç deyib: “Bizdə makroiqtisadi vəziyyət fərqlidir. Başqa ölkələrlə müqayisədə işsizlik 5% təşkil edir və çox az dövlət borcumuz var - 10%-dən artıq deyil. Bir neçə il bundan əvvəl isə ehtiyat fondları yaratmışıq...”.

Statistik göstəricilərə arxalansaq, görərik ki, Rusiya ÜDM-nin 20%-ini enerji resursları, yəni kömür, neft və qaz təşkil edir. Belə çıxır ki, Rusiya büdcəsinin 60-70%-nin neft və qazdan gələn gəlirlərdən formalaşması haqqında söz-söhbətlər nağıldır. Və həmin nağıla inanmamaq üçün bir daha statistik göstəricilərə baxmaq və bir az baş işlətmək bəs edir. Statistika göstərir ki, Rusiya iqtisadiyyatının 65%-i emal sənayesinin üzərinə düşür. Bundan əlavə, ölkədə benzin emalı, başqa neft məhsulları, yeyinti və kimya sənayesi, nəqliyyat vasitələrinin hazırlanması və başqa sahələr inkişaf etməkdədir. Odur ki, neftin qiymətinin enməsi Rusiyanı çükdürəcək deyənlər yanılırlar. Çünki əgər Rusiyanın özündə neft emal olunursa və daxili bazarda sənayeni təmin edirsə, ölkənin neft qiymətlərindən asılılığı reallıqla uyğun gəlmir. İlk növbədə onu nəzərə almaq lazımdır ki, Rusiya bu saat Qərbin informasiya təcavüzünə məruz qalmış ölkədir... 

- Rusiya-Türkiyə yaxınlaşmasına necə baxırsınız?
- Bu, obyektiv bir prosesdir. Həmişə dövlət marağından çıxış edən Türkiyə üçün Rusiya bazarının tükənməz sərvət gətirməsi bir yana, Rusiya qazının gələcəkdə Türkiyə tərəfindən idarə olunması, təkcə regionun deyil, bütün Avropanın geosiyasi xəritəsini dəyişir. Artıq Türkiyə-Rusiya yanaşması indidən bəhrəsini verməkdədir. Qaz kəmərinin 2016-cı ildə işləməsi, İranın da bura qoşulmasına gətirib çıxaracaq. Bu isə sözün həqiqi mənasında, “Nabucco”nun hələ 60-ci illərdə İran üçün hazırlanmış variantlarından biridir...

- Belə çıxır ki, Rusiyada gedən proseslərdən Türkiyə hamıdan çox bəhrələnəcək?
- Bəli, əslində udan Türkiyə olacaq. İlk növbədə Yunanıstanla bütün mübahisələri kəsiləcək, Kipr məsələsi öz həllini tapacaq, Ermənistana təsir etmək üçün əlində hər bir imkan olacaq, ən əsası, bütün Avropaya öz şərtlərini diktə edəcək. Fikir verin, Ərdoğan bir az bundan əvvəl bəyan etdi ki, daha Avropa İttifaqına qəbul olmaq belə istəmir. Türkiyənin bu praqmatik lideri bilir ki, güc mərkəzi daha Avropa ola bilməz, çünki ABŞ-ın proteksionist siyasəti nəticəsində bu ölkələr pis vəziyyətə düşmüşdür və onların bir daha ayağa qalxacağı inandırıcı deyil. Bəzi türk analitikləri belə hesab edirlər ki, tezliklə Türkiyə və Rusiya dünyada liderlik edəcəklər, Qərbin isə onları “küncə sıxmaq” cəhdi baş tutmayacaq...

- Bəs belə bir situasiya Azərbaycana necə təsir göstərəck?
- Ukrayna hadisələri onu göstərir ki, Azərbaycan regionumuzda baş verən ciddi geosiyasi dəyişikliklərdən operativ nəticələr çıxartmalı və iki güc mərkəzinin maraqlarının toqquşduğu şəraitdə ölkənin təhlükəsizliyini qorumalıdır. Ukrayna olayları xalqın narazılığı fonunda meydana gəlmişdi. Azğınlaşmış məmurlara nifrət xalqı küçələrə töküb, etiraz hərəkatına qoşmuşdu. Hakimiyyət dəyişsə də, xalq heç nə udmadı. Ukrayna dövləti yenidən xarici qüvvələrin əlində oyuncağa çevrildi. Və bu saat Ukraynada vətəndaş müharibəsi gedir və günbəgün bu ölkəni tam məhvə aparır. Belə şəraitdə Azərbaycana Qərbin və Rusiyanın təzyiqi artmaqdadır. Vəziyyətin nə qədər gərgin olduğunu Azərbaycan Prezidenti İ.Əliyevin 27 yanvarda dövlət məmurları qarşısındakı çıxışından hiss etmək mümkündür. Dövlət başçısının sözlərindən belə çıxır ki, Azərbaycanı ağılagəlməz təhlükələr gözləyir. Prezidentin çıxışının əsas mərzi isə məmurların xalqa yaxın olmaları tələbidir. Əlbəttə ki, prezident haqlıdır. Ölkədə stabilliyi pozan hərəkətlərə yol verilməməlidir. Bu çətin hallarda xalqla iqtidarın birliyi, siyasi nöqteyi-nəzərdən ölkənin təhlükəsizliyi və stabil inkişafı təmin edilməlidir. Əks halda Azərbaycanı həqiqətən faciələr gözləyə bilər...

Sultan Laçın

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024