Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (19-09-2017, 13:20)
Bakıda prodüser xəstə uşağa kömək adı ilə dələduzluq etdi

Bakıda prodüser xəstə uşağa kömək adı ilə dələduzluq etdi

 

Prodüser Zaur Məmmədov tanınmış müğənnilərin adından istifadə edərək, dələduzluq edib.

Mediatv.az Qafqazinfo-ya istinadla xəbər verir ki, o, ağır xəstəlikdən əziyyət çəkən 3 yaşlı körpənin müalicəsinə pul toplamaq üçün tanınmışların iştirakı ilə konsert təşkil edəcəyini vəd verərək, Bakı sakini Nuriyyə Quliyevanın pulunu mənimsəyib. 

Şikayətçi N.Quliyeva bildirib ki, sosial şəbəkələrdə Fidan Nəzərova adlı xanımın 3 yaşlı övladı Nəzərova Zeynəb Nəsimi qızının aşağı ətraflarının inkişafdan qalması nəticəsində ağır durumda olması və körpənin müalicəsinin yalnız xarici ölkələrdən birində mümkün olması barədə statusunu oxuyub: “Bu statusu oxuyandan sonra çarəsiz durumda olan anaya və ağır xəstəlikdən əziyyət çəkən körpəyə necə kömək edə biləcəyimizlə bağlı müxtəlif variantları götür-qoy etməyə başladıq. Uşağın müalicəsinə kömək etmək üçün tanınmış müğənnilərin iştirakı ilə xeyriyyə konsertinin keçirilməsi variantı üzərində dayandıq”.

N.Quliyevanın sözlərinə görə, konserti təşkil etmək üçün əvvəllər bu tipli tədbirlər keçirdiyinə dair paylaşımlarını gördüyü, özünü müğənni İradə Mehrinin prodüsseri kimi təqdim edən Zaur Məmmədovdan kömək istəyib: “Zaur Məmmədov bu sahədə böyük təcrübəsinin olduğunu, bir müddət əvvəl müalicə puluna ehtiyacı olan bir uşaq üçün Azərbaycanın tanınmış müğənnilərinin iştirakı ilə konsert təşkil etdiyini və qısa müddətdə 78 000 manat pul topladığını söylədi. Açığı onun belə deməsi məni sevindirdi və ümidləndirdi. Balaca Zeynəb üçün xeyriyyə konserti təşkil edəcəyimizi uşağın anasına bildirdim. O, bu xəbərə çox sevindi və ümidinin yalnız bu aksiyadan toplanacaq vəsaitə olduğunu söylədi.

Bundan sonra Zaur Məmmədovla xeyriyyə konsertinin təşkili ilə bağlı müzakirələr apardıq. Ölkənin tanınmış müğənniləri və aparıcı televiziya rəhbərləri ilə yaxşı münasibətləri olduğunu, xeyriyyə aksiyasının yüksək səviyyədə keçəcəyini, hətta televiziyada geniş işıqlandırılacağını bildirdi. Zaur Məmmədov xeyriyyə aksiyası üçün avadanlıqların icarəsi adı ilə məndən əvvəlcə 400 manat pul aldı. Bir neçə gündən sonra əlavə 600 manat da istədi.

Dedi ki, daha çox pul yığmaq üçün bu işə könüllülər cəlb olunmalıdır və həmin əlavə vəsait də onlara veriləcək. Bu zaman mən 300 manat verə biləcəyimi bildirdim və ona bu məbləği ödədim. İyulun əvvəlinə qədər ondan heç bir xəbər çıxmadı. Zaur Məmmədovla əlaqə saxlayıb, vəziyyətin necə olduğunu, konsertin nə zaman baş tutacağını xəbər aldım. Çünki uşağın vəziyyəti gündən-günə ağırlaşırdı. O, könüllülər qrupunun artıq 2000 manatdan çox pul yığdığını bildirdi. Mən ona uşağın valideynləri ilə görüşüb yığılan məbləği təhvil verməyi təklif etdikdə, daha çox vəsait üçün bir neçə gün daha gözləmək lazım olduğunu söylədi. Lakin daha sonra onun nömrələrinə zəng çatmadı.

Günlərlə yazdıqlarıma cavab vermirdi. Cavab verəndə də deyirdi ki, xeyriyyə konsertinə hazırlıq görülür, artıq tanınmış müğənnilər Röya, Faiq Ağayev, Aygün Kazımova, Nadir Qafarzadə, Günay İbrahimli, Flora Kərimova, Elariz və başqaları ilə görüşüb, danışıb, konsertdə iştirak etmələrinə razılıqlarını alıb. Dediyinə görə, digər prodüsser Təranə Səmədovanı da bu işə cəlb etmişdi.

Üstündən aylar keçsə də, Zaur Məmmədov xeyriyyə konsertini təşkil etmədi. Gah dedi ki, müğənnilər deyir ki, bir az gözləyin, gah dedi ki, özünün səhhətində problem yaranıb, təcili yardımla xəstəxanaya aparıblar, gah dedi ki, anası rəhmətə gedib. Amma bunların hamısı bəhanə idi. Eşitdiyimə görə, o, başqa adamları da aldadıb. Son aylarda 4-5 dəfə telefon nömrəsini dəyişib. İndi də gizlənir.

Beləliklə, Zaur Məmmədov nə xəstə uşağın müalicəsinə kömək üçün konsert təşkil etdi, nə də aldığı  pulu qaytardı”.

Dələduzluqda ittiham olunan Zaur Məmmədovla əlaqə saxlamağa cəhd edilsə də, prodüserin istifadə etdiyi 6 telefon nömrəsinin heç birinə zəng çatmayıb.

Bundan əlavə, şikayətdə adı hallanan Təranə Səmədova bu məsələdən xəbərsiz olduğunu, ittiham olunan şəxsin onun adından istifadə etdiyini söyləyib: “Bəlkə də, həmin şəxsi iki il bundan qabaq görmüşəm. Sizin dediyiniz məsələdən, adıçəkilən konsert barədə heç bir məlumatım yoxdur”.

Z.Məmmədovun özünü prodüseri kimi təqdim etdiyi İradə Mehrinin də mövqeyini öyrənmək istədik. İfaçının meneceri Yusif Qasımov yanvar ayından etibarən müğənni ilə çalışdığını bildirib: “Zaur bəylə İradə xanımın heç bir əlaqəsi yoxdur. Sözügedən məsələdən bixəbərik”.  

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024