Kriminal / Slayd (25-12-2016, 19:11)
Çovdarov da bələdiyyə sədrini ittiham etdi
“İlham Xəlilov özü dələduz olduğundan çox borcu var. Bunun üçün də mənə böhtan atır və aldatdığı şəxslərdən vaxt udub, səbəbkar kimi məni göstərir”.
Mediatv.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri istintaqa ifadəsində ləğv edilmiş MTN-nin həbsdə olan generalı Akif Çovdarov ondan şikayətçi olan bələdiyyə sədrinin ittihamlarına cavab verərkən deyib.
MTN-nin həbs edilmiş generalından zərərçəkmişlər sırasında Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov və Binəqədi bələdiyyəsinin sədri Elman Salmanovun da adı göstərilir. Hər iki şəxs Çovdarovun həbsindən sonra hüquq-mühafizə orqanlarına müraciət edərək generaldan zərərçəkdiklərini deyiblər.
İlham Xəlilovun istintaqa bildirdiyinə görə, 2008-ci ilin martında tanışı Adil Yaqubov ona xəbər çatdıb ki, general Çovdarovun yanına getməlidir.
Adil Yaqubov kimdir?
A.Yaqubov Akif Çovdarov MTN-ə gəlmədən polisdə onunla bir yerdə işləyib, sonradan isə pensiyaya çıxıb. Sonuncu işi isə Çovdarovun Masazırdakı istixanasını idarə etmək olub. O, 2010-cu ildən Çovdarovun arvadı İbadət Çovdarovaya məxsus “Bəhrə-2010” MMC-nin direktorudur.
Bələdiyyə sədri İ.Xəlilov deyir ki, Yaqubovun xəbərdarlığından sonra MTN-in inzibati binasına gedərək Akif Çovdarovla görüşüb. Qısa danışıqdan sonra ondan 100 min istənilib. Binəqədi bələdiyyəsinin sədri Elman Salmanovdan isə 150 min gətirməsi tələb olunub. A.Çovdarov bu ismarıcın Elman Salmanova onun çatdırmasını tapşırıb.
Çovdarovunn göstərişini alan E.Salmanov cəmi 90 min manat, İ.Xəlilov isə 50 min manat düzəldə biliblər. İ.Xəlilov həmin pulu götürüb, Rəsulzadə-Biləcəri yolunda Çovdarovun göndərdiyi adamlara verib. Qalan 110 min manatı isə 1 ay sonra Yaqubova çatdırıblar.
İ.Xəlilov ifadəsində göstərir ki, 2014-cü ilin sonlarında Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, “Zəli gölü”nün yaxınlığında 10 hektar torpaq sahəsini Adil Yaqubovun adına sənədləşdirsin.
Bunlardan əlavə ondan 120 min də tələb oluduğunu deyən bələdiyyə sədri Çovdarovdan “Sən generalı barmağına dolamısan? Deyəsən məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib podvala ataram” deyə təhdidlər də eşitdiyini söyləyib.
İstintaqda Bilcəri bələdiyyəsinin sədri ilə Çovdarovu üzləşdiriblər. Bələdiyyə sədri bunları təkrar danışsa da Çovdarov təkzib edib.
Çovdarovun adamı Adil Yaqubov da bu epizod üzrə dindirib. O da Çovdarov kimi deyilənləri rədd edib bə bildirib ki, bələdiyyə sədrləri generalın həbsindən istifadə edib onun üzünə dururlar.
Bəs Çovdarov özü bu epizodlar üzrə nə deyib?
Çovdarov ilk olaraq Elman Salmanov epizodundan danışıb. O, deyib ki, bu adda şəxs tanımır. Ondan pul tələb etməsi isə yalandır. General İlham Xəlilov epizodu üzrə isə geniş danışıb.
“İlham Xəlilovu uzun müddətdir tanıyıram. Onu DİN-də işləmiş Adil Yaqubov vasitəsilə tanımışam. İlham Xəlilovla çox yaxşı münasibət olub və 1998-ci ildən tanımışam. 2005-ci ildən Biləcəri qəsəbə bələdiyyəsinin sədri vəzifəsində işləyib, dəfələrlə bir məclisdə olmuşuq. Lakin hazırda göstərilənlər tamamilə yalandır. İlham Xəlilova heç vaxt Elman Salmanov adlı şəxsdən hər hansı bir məbləğdə pul alıb mənə çatdırmasını deməmişəm, bununla bağlı nə İlham Xəlilova, nə də, Elman Salmanov adlı şəxsə hər hansı bir formada hədə-qorxu gəlib tələb irəli sürməmişəm”- deyə Çovdarov ifadəsinə əlavə edib.
“Lazım olsa, özüm çağırardım”
Akif Çovdarov iddia edib ki, ola bilsin ki, İlham Xəlilov onun adından istifadə etməklə Elman Salmanovdan pul alıb: “Hesab edirəm ki, bu elə belədir. Ümumiyyətlə Elman Salmanov adlı şəxsin kim olduğunu, hansı vəzifədə işlədiyini bilmirəm. Əgər Elman Salmanovu çağırmaq lazım olsa idi, İlham Xəlilov vasitəsilə deyil, özüm çağırardım”.
Çovdarov Elman Salmanov adlı şəxsdən İ.Xəlilovun vasitəsilə 150 min dolları hədə-qorxu ilə tələb etməsi barədə ittihamı böhtan adlandırıb.
Çovdarov deyib ki, Biləcəri qəsəbə bələdiyyəsinin sədri işləmiş İlham Xəlilov özü dələduz adamdır: “İlham Xəlilov özü dələduz olduğundan, çox borcu var. Bunun üçün də mənə böhtan atır və aldatdığı şəxslərdən vaxt udub səbəbkar kimi məni göstərir”.
A.Çovdarov ifadəsində bildirir ki, İlham Xəlilovu Adil Yaqubov vasitəsilə MTN-ə çağırıb ona “3 ildir bələdiyyə sədr işləyirsən 100 min gətir” sözünü deməyib.
“İlham Xəlilov mənə böhtan atır. Onlardan pul almamışam. 2014-cü ildə Masazır qəsəbəsində “Zəli Gölü” adlanan ərazidə Adil Yaqubovun adına 10 hektar torpaq sahəsinin sənədləşdirilməsini də tələb etməmişəm. Həmin ərazini Adil Yaqubov almaq istəyib. Bu məsələnin mənə heç bir aidiyyatı yoxdur. İlham Adil Yaqubovdan pul alsa da, sonradan nə həmin torpaq sahəsini, nə də buna görə Adil Yaqubovdan aldığı pulu qaytarmayıb. Bütün bunları Adil Yaqubovdan eşidib”- deyə Akif Çovdarov ifadəsinə bildirib.
Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Onun rəhbəri olduğu MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, mayor Akif Əliyev və şöbə rəisi Orxan Osmanov da həbs edilib. Həmin cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var.