Bakı Şəhər İcra Hakimiyyətindən deyirlər ki, Dilarə Əliyeva, Səməd Vurğun, Mirzağa Əliyev küçələrində piyada səkilərinin zəbt olunması faktına görə məsuliyyət bilavasitə Nəsimi Rayon İcra Hakimiyyətinin üzərindədir. Ekspertin fikrincə isə problemin həllini tapmamasına yeganə səbəb korrupsiya faktorudur.
Paytaxt Bakının mərkəzi ünvanlarında – bir çox küçə və prospektlərdə piyadalar üçün nəzərdə tutulmuş səkilər ayrı-ayrı şəxslər, sahibkarlıq subyektləri, şirkətlər, işbazlar tərəfindən zəbt olunub. Belə vəziyyət həmin səkilərlə təhlükəsiz şəkildə hərəkət etməli olan piyadalara böyük çətinliklər yaradır.
Mediadan qaçan məmurlar
Piyadalar öz həyatlarını təhlükə altına atır, məcburiyyət qarşısında qalıb avtomobil yoluna çıxır, maşınların arası ilə hərəkət etməli olurlar. Bu isə onlarla yanaşı, sürücülər üçün də böyük təhlükə yaradır. Fiziki məhdudiyyəti, əlilliyi olan, əlil arabasında gəzən, yaxud azyaşlı övladını uşaq arabasında gəzintiyə çıxaran valideynlər üçün səkilərin zəbt edilməsi, müyəssərliyin pozulması daha böyük çətinliklər yaradır. Bu qəbildən olan küçələrə nümunə kimi Nəsimi rayonundakı Dilarə Əliyeva, Səməd Vurğun, Mirzağa Əliyev və sair ünvanları göstərə bilərik. İstənilən kəs paytaxtın mərkəzi ünvanlarında qısa müşahidə aparsa, qeyd etdiyimiz nüanslara rast gələ bilər. Bu barədə mediada dəfələrlə məsələ qaldırılsa da, problem həllini tapmır. Aidiyyəti qurumlar ya laqeydlikdən, ya da məqsədli şəkildə susmağa üstünlük verirlər. Bizim onlarla əlaqə yaratmaq, suallara cavab tapmaq cəhdlərimiz də məhz bu kimi səbəblərdən nəticəsiz qaldı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Nəsimi Rayon İcra Hakimiyyətindən fakta dair münasibət öyrənmək istəsək də, media ilə əlaqələrə məsul şəxslər "qeybə” çəkildilər.
Məsuliyyət və cavabdehlik
Bakı Şəhər İcra Hakimiyyətinin sözçüsü Mətin Hüseynov bildirdi ki, Dilarə Əliyeva, Səməd Vurğun, Mirzağa Əliyev küçələrində piyada səkilərinin zəbt olunması faktına görə məsuliyyət bilavasitə Nəsimi Rayon İcra Hakimiyyətinin üzərindədir. Onun sözlərinə görə, problem adıçəkilən icra qurumu tərəfindən tənzimlənməlidir: "Bakı şəhəri ərazisində hansısa ünvanda tikintidən söhbət gedirsə, buna görə həmin rayonunun icra hakimiyyəti məsuliyyət daşıyır. Bakı Şəhər İcra Hakimiyyəti hansısa köşkün istənilən bir ünvana qoyulmasına görə cavabdehlik daşıyır. Statistikaya görə son 4 ildə Bakı Şəhər İcra Hakimiyyəti bu barədə kiməsə hər hansı icazə verməyib. Söhbət səki üzərində köşkün quraşdırılmasına görə icazədən gedir. O ki qaldı binanın zirzəmisində, birinci mərtəbəsində yerləşən hansısa obyektin birbaşa küçəyə pilləkən qoymasına, artırma etməsinə, bunun üçün müvafiq qaydada rayon icra hakimiyyətinə müraciət olunmalıdır. Azərbaycan Prezidentinin imzaladığı sərəncamla 2018-ci ilin 1 avqust tarixindən Bakı şəhəri ərazisində tikintiyə icazənin verilməsi, ümumiyyətlə, tikinti məsələləri ilə bağlı bütün səlahiyyətlər Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verilib. Ona görə də paytaxt ərazisində hər hansı tikinti işinə, artırmaya, pilləkən qoyulmasına və sairə görə vətəndaşlar rayon icra hakimiyyətinə, dövlət komitəsinə müraciət etməli, atacaqları addımları həmin qurumlarla qanun çərçivəsində razılaşdırmalıdırlar”.
Korrupsiya, ictimai maraqlara biganəlik
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli hesab edir ki, səkilərin zəbt olunması daim ictimaiyyəti narahat edən problemlərdən biridir. Onun qənaətincə, buna görə rayon icra hakimiyyətləri, eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti məsuliyyət daşıyır: "İndiyə qədər dəfələrlə ictimailəşdirilməsinə rəğmən, hələ də bu problemin həllini tapmamasına yeganə səbəb korrupsiya faktorudur. Paytaxt ərazisində hansısa küçədə piyada səkisini zəbt edən, ictimai maraqlara əhəmiyyət verməyən, vətəndaşların normal hərəkətinə açıq-aşkar mane olan şəxslər buna görə yerli strukturlarla mütləq şəkildə sövdələşməyə gedib. Bu strukturlar sahə müvəkkili, bələdiyyə, icra nümayəndəsi və sair ola bilər. Əgər həmin şəxslər müvafiq qurumlarla hansısa formada razılaşma əldə edə bilməsəydilər, belə rahatlıqla səkiləri zəbt edə bilməzdilər. Şəhərin mərkəzindəki binaların zirzəmi qatlarının özəlləşdirilməsi, yaxud ayrı-ayrı şəxslərə icarəsi üçün sərəncam verən orqan icra hakimiyyətidir. Fövqəladə Hallar Nazirliyinin də bu məsələyə qismən aidiyyəti var. Çünki paytaxt ərazisində yerləşən binaların əksəriyyətinin zirzəmi qatı fövqəladə hallar üçün nəzərdə tutulub. Əgər hər hansı hadisə olarsa, o zirzəmilərə şəhər əhalisi təxliyə oluna bilər. Bu kateqoriyadan olan zirzəmi qatları iaşə obyekti, digər xidmətlər göstərilən ticarət obyekti kimi icarəyə verilirsə, buna görə rayon icra hakimiyyəti ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumunun da razılığı olmalıdır. Belə bir razılıq yoxdursa, dərhal həmin zirzəmilər sahibkarlardan geri alınmalı, təmizlənməli, cari təmir işləri aparılmalı və gələcəkdə təyinatı üzrə istifadə üçün dövlətin nəzarətində saxlanılmalıdır. Bu işlər görülərkən zəbt olunmuş səkilər də əvvəlki görkəminə qaytarılmalı, ictimai maraqları nəzərə almayan işbazlar qanun çərçivəsində cəzalandırılmalıdır”.
Mənbə: Kaspi qəzeti
шаблоны для dle 11.2