Karusel (31-01-2018, 10:50)
Yol polisi 2017-ci ildə öz vəzifələrinin öhdəsindən layiqincə gəlib

Cənab R. Zeynalovun rəhbərliyi altında İdarə və onun yerlərdəki bölümləri tərəfindən 2017-cı il ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.İl ərzində respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilmiş, nəticələri Daxili İşlər Naziri, general-polkovnik cənab Ramil Usubovun sədrliyi ilə keçirilmiş əməliyyat müşavirələrində DYP-nin ərazi və nizami hissələrinin rəhbər heyəti ilə geniş müzakirə olunmuş, hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyəti barədə DYP hissə rəhbərlərinin hesabatları dinlənilmişdir. Ümumilikdə 2017-ci il ərzində yol hərəkətinə nəzarət prosesində 3.365.417 yol hərəkəti qaydalarının pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 9.375, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 1.765.911, ötmə, manevr və qarşıdan gələn nəqliyyatın yoluna çıxma qaydalarının pozulması üzrə 140.498, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 134.854, svetoforun qadağanedici siqnallarının pozulması üzrə 75.296, sərnişin daşıma qaydalarının pozulması üzrə 9.113 fakt aşkar edilmişdir.YHQ pozuntusuna görə 10.996 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.Ötən il ərzində respublika ərazisində 1833 YNH-i qeydə alınmış, nəticədə 750 nəfər həlak olmuş, 1719 nəfər yaralanmışdır. 2016-cı illə müqayisədə YNH-nin sayı 173 fakt (8,6 %), həlak olanların sayı 9 nəfər (1,2 %), yaralananların sayı isə 284 nəfər (14,2 %) azalmışdır. DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 185 YNH-i qeydə alınmış, nəticədə 223 nəfər həlak olmuş, 71 nəfər yaralanmışdır. 2016-cı illə müqayisədə YNH-nin sayı 40 fakt (17,8 %), həlak olanların sayı 28 nəfər (11,2 %), yaralananların sayı isə 18 nəfər (20,2 %) azalmışdır.General Ramiz Zeynalovun rəhbərliyi altında Dövlət Yol Polisi xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər gündəlik nəzarətdə saxlanılmaqla idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülür, qanunçuluğun, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq davamlı artırılır. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Fərmanlarını rəhbər tutan general Ramiz Zeynalov «Yol hərəkəti haqqında qanuna və İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklər əsasında xidməti tənzimləyən normativ-hüquqi aktların qanunlara uyğunlaşdırılması istiqamətində aidiyyəti tədbirlər görmüşdür. Yol hərəkətinin təhlükəsizliyi və ona nəzarət məsələləri ilə əlaqədar bu sahədə yeni informasiya texnologiyalarının tətbiqi, eləcə də baş idarədə elektron sənəd dövriyyəsinin təşkili ilə bağlı görülən işlər nəzarətdə saxlanılmaqla davam etdirilir.Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmr və tapşırıqlarını rəhbər tutan Baş idarənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin ilkin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu tələb olunan səviyyədə aparılır,eləcə də Yol Patrul xidmətinin səviyyəsi vətəndaşlarda razılıq doğurur. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan şəxslər və avtomobillər dərhal saxlanılır, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu faktları və saxta sənədlər aşkar olunan kimi materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilir. Qeydiyyat-İmtahan İdarəsi və Yol Patrul xidməti öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.İdarənin fəaliyyətində şəffaflığın, ictimai hesabatlılığın təmin olunmasının nəticəsidir ki, buradakı məlumatlar cəmiyyət üçün əlçatan olur.Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin təqdirəlayiq fəaliyyətindən söz açarkən, çox hörmətli polis general-mayoru Ramiz Zeynalovdan sonra rəis müavinləri - polis polkovniki Mübariz Şahbazovun və YPX Alayının komandiri polis polkovniki Balakişi Əhmədovun razılıq doğuran xidmətləri və müvafiq təlimata ciddi riayət etmələri xüsusi qeyd edilməlidir.Məhz onların öz üzərlərinə düşən vəzifələri layiqincə, həm də nümunə sayılacaq səviyyədə yerinə yetirmələri, DYP sistemin əməkdaşlarının məsuliyyətlərini artırır.Əmin olmağa dəyər ki, DİN Baş DYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini bundan sonra da uğurla davam etdirəcək.
Əfqan Bəhluloğlu


























