Sosial (Bu gün, 20:49)
Səhmdarlar “Baku International Tobacco”dan narazıdır - “25 ildir hüquqlarımız tapdanır“

Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən, keçmiş adı “European Tobacco Baku”, hazırkı adı “Baku International Tobacco” olan tütün istehsalı müəssisəsinin bir qrup səhmdarı Musavat.com-a şikayətlə müraciət edib. Səhmdarların iddialarına görə, şirkətdə illərlə davam edən qeyri-şəffaflıq, manipulyasiya və divident ödənişlərinin qəsdən azaldılması onların hüquqlarını ciddi şəkildə pozur.
Şikayətçilər bildirirlər ki, müəssisə 2000-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq divident ödənişləri sistemli olaraq minimum həddə saxlanılıb. Onların sözlərinə görə, 25 il ərzində səhmdarlara ildə cəmi 10–20 manat arası vəsait verilib, sonuncu dəfə 2023-cü ildə 11 manat 70 qəpik ödənilib. Ödənişlər nə bank hesabına köçürülür, nə də rəsmi sənədləşmə aparılır – kağız üzərində imza atdırılaraq verilir. Səhmdarlar bunu açıq-aşkar qanunsuzluq və hesabatdan yayınma kimi qiymətləndirirlər.
Müraciətdə şirkətin direktoru Azər Süleymanlı və müavini Orxan Balakişiyevin adları da çəkilir. İddialara görə, rəhbərlik müxtəlif səhmdarlarla fərqli məbləğlər barədə gizli razılaşmalar aparır, kimininsə payını yüksək qiymətlə almağa çalışır, kimininsə səhmini isə “7000 manatlıqdır” və ya hətta “6 qəpik dəyəri var” deyərək dəyərsiz göstərir. Səhmdarlar bunu manipulyasiya, təzyiq və məqsədli şəkildə aldadılma kimi dəyərləndirirlər.
Şikayətdə diqqət çəkilən məqamlardan biri də odur ki, şirkət özünü iki ayrı hüquqi şəxs kimi təqdim etməyə çalışır – guya səhmdarlar yalnız “European Tobacco Baku”ya aiddir, “Baku International Tobacco”ya yox:
“Lakin faktiki vəziyyət tamam fərqlidir: müəssisə, avadanlıqlar, istehsalat xətti, işçilər, anbarlar və hətta məktublaşmalar eyni baza üzərindədir. Sadəcə ad dəyişib, fəaliyyət isə əvvəlki kimi davam edir”, -Şikayətçi Billurə Hacıbəyova deyir. Səhmdarlar bunu şirkətin məsuliyyətdən yayınmaq cəhdi hesab edirlər.
Məsələ ilə bağlı Kommersiya Məhkəməsinə müraciət olunub və qərar səhmdarların xeyrinə çıxarılıb. Qarşı tərəf Apellyasiya və daha sonra Ali Məhkəməyə müraciət etsə də, hər iki instansiya yenidən səhmdarların mövqeyini təsdiqləyib. Bununla belə, Ali Məhkəmənin qərarının hələ də onlara təqdim edilməməsi narazılığın daha da artmasına səbəb olub.
Səhmdarların daha bir iradı şirkətin idarəetməsindəki qaranlıq məqamlardır. Onların sözlərinə görə, artıq 2 ildir ki, səhmdarların sədri Tural Qasımov heç bir iclasda görünmür, ümumiyyətlə əlaqə saxlamır: “İclaslara onun əvəzinə Anar adlı vəkil qatılır, lakin o da suallara cavab vermir və “məlumat vermək səlahiyyətim yoxdur” deyə bildirir”, -şikayətçilər deyir.
Səhmdarlar hesab edir ki, bu, idarəetmənin qapalı və hesabatdan uzaq şəkildə aparıldığının açıq göstəricisidir.
Səhmdarlar dövlət qurumlarını məsələyə müdaxilə etməyə, şəffaflığın təmin edilməsinə, hüquqlarının bərpa olunmasına çağırırlar.
Şikayətlə bağlı “Baku International Tobacco” Musavat.com-a bildirilib ki, şirkət 12 iyun 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, dövlət qeydiyyatına alınıb, tam hüquqlu şəxs kimi fəaliyyət göstərir:
“Baku International Tobacco MMC 12 iyun 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatına alınmış, müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərir. Şirkətimizin hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Köndələn 1 küçəsidir.
Qeyd etmək istəyirik ki, “European Tobacco Baku” ASC tam fərqli hüquqi subyektidir və hazırda qeyd olunan ünvanda heç bir fəaliyyəti mövcud deyil. Bununla yanaşı, mövcud çaşqınlığın əsas səbəblərindən biri kimi “European Tobacco Baku” ASC-nin hüquqi ünvanının hələ də Baku International Tobacco MMC-nin hazırki fəaliyyət ünvanı — Bakı şəhəri, Nizami rayonu, Köndələn 1 kimi qeyd olunması göstərilə bilər. Bu səbəbdən şirkətimiz tərəfindən həm “European Tobacco Baku” ASC rəhbərliyinə, həm də aidiyyəti dövlət orqanlarına ünvanın dəyişdirilməsi barədə rəsmi müraciətlər təqdim edilib.
Bu addımın atılması məqsədi — ictimai və hüquqi qarışıqlıqların aradan qaldırılması və səhmdarların düzgün məlumatlandırılmasının təmin edilməsidir.
Son illər ərzində “European Tobacco Baku” ASC-nin bəzi səhmdarları “Baku International Tobacco” MMC-yə dəfələrlə müraciət edərək müxtəlif tələblər səsləndiriblər.
Şirkət nümayəndələri həmin şəxslərlə dəfələrlə görüşlər keçirib, onların müraciətlərinə diqqətlə yanaşıb və vəziyyətin hüquqi əsaslarını ətraflı şəkildə səhmdarlara izah edib. Buna baxmayaraq, bəzi səhmdarlar yenidən ictimaiyyəti çaşdırmağa çalışaraq şirkətimizin adını hallandırmaqla, əsassız narazılıqlar səsləndirib və nümayiş xarakterli davranışlar sərgiləyib.
Qeyd etmək istərdik ki, həmin şəxslər nominal dəyəri 6 qəpik olan 28 ədəd səmərəsiz paya qarşılıq 40–50 min manat həcmində birdəfəlik ödəniş tələb edirlər. Bu kimi iddialar şirkətimizin fəaliyyətinə aidiyyəti olmadığı kimi, həm də iqtisadi və hüquqi baxımdan əsassız və məntiqsiz hesab olunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, müstəqil hüquqi şəxs olan şirkətlərin məsuliyyəti yalnız öz öhdəlikləri çərçivəsindədir. “Baku International Tobacco” MMC öz adından cavabdeh olur. Buna görə də başqa şirkətlərin səhmdarlarının “Baku International Tobacco” MMC-yə qarşı iddia irəli sürməsi qanunla yolverilməzdir.
"Baku International Tobacco" MMC bütün fəaliyyətini Arizona dövlət orqanları qarşısında şəffaf hesabat verir, şirkətimizin bütün sənədləri, əmlak və mülkiyyət hüquqları qanuni şəkildə rəsmiləşdirib.
Biz bildiririk ki, “European Tobacco Baku” ASC ilə “Baku International Tobacco” MMC arasında heç bir hüquqi və ya istehsal əlaqəsi mövcud deyil. İstənilən iddia və ya tələbin yalnız məhkəmə və ya aidiyyəti dövlət orqanları vasitəsilə qaldırılması mümkündür".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
17 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025
16 11 2025


























