Hadisə / Kriminal (9-03-2018, 17:00)
"Vəziyyəti pisləşdi, mən də boğdum" - 3 manata görə qadını öldürən qonşu
Fevralın 27-i saat 3 radələrində Gəncə şəhəri N.Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib.
Mediatv.az ARB TV-yə istinadla xəbər verir ki, alov söndürüldükdən sonra içəridən ev sahibəsi Natella Katiblinin yanmış meyiti tapılıb.
Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı mərhumun boğaz nahiyəsində kəsik olduğu, qabırğalarının isə sındığı müəyyən edilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qadının tamah məqsədi ilə boğularaq öldürüldüyü, sonradan evinin yandırıldığı müəyyən edilib. Görülmüş tədbirlərlə mərhumun qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunan Elçin Mustafayev şübhəli şəxs qismində saxlanılıb.
Elçin Mustafayev (saxlanılan şəxs): "Üç manat istədim, dedi yoxumdur. Məni söyüb, qovlamaq istəyəndə, mən də girdim evə. İçkiliydim vurdum, yıxıldı. Bir də dedim 3 manat ver, yenə dedi yoxumdur, söydü məni. Gördüm ki, vəziyyəti pis oldu, ölümcüldür, başladım boğmağa ki, qoy ölsün".
Spirtli içki alüdəçisi olan Elçin Mustafayev qətli törətdikdən sonra fantaziyasını işə salıb. O, evi yandırmaqla iz itirmək istəyib.
Tural Məmmədov Gəncə Şəhər Prokurorluğunun böyük müstəntiqi:
Elçin Mustafayev Natella Katiblini öldürdükdən sonra evdə axtarış aparmış, lakin hər hansı bir qiymətli əşya və pul tapmamışdır. Mərhumun mobil telefonunu götürən Elçin Mustafayev mətbəxdən tapdığı neftlə evi yandırmaqla mənzili tərk edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.