Hadisə (16-11-2015, 12:51)
“Akif Çovdarov Elmar Hüseynovun izlənilməsinə başçılıq edib” – AÇIQLAMA
“Haqqin.az” saytının rəhbəri, vaxtilə “Monitor” jurnalında Elmar Hüseynovla birlikdə çalışan Eynulla Fətullayev Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Akif Çovdarovun həbs olunmasını nəzərdə tutaraq “Elmarın qatili qandallandı” deyib.
Mediatv.az xəbər verir ki, həmin dövrdə Elmar Hüseynovun qətlini araşdırmaq məqsədilə yaradılan İctimai Komissiya üzvlərindən olan Şahbaz Xuduoğlu Modern.az saytına açıqlamasında bunu təsdiq edib:
“Elmarın qətlində Gürcüstan vətəndaşları iştirak etmişdi. Ehtimal var idi ki, həmin şəxslər Azərbaycana gətirilsin. Amma bu mümkün olmadı.
Biz də apardığımız araşdırmalar nəticəsində belə qənaətə gəlmişdik ki, Elmarın izlənməsinə Akif Çovdarov başçılıq edib. Amma nə qədər ki, istintaq bu barədə rəsmi fikir söyləmirdi, sübut etmək çətin idi”.
Şahbaz Xuduoğlu deyib ki, ilk gündən Elmarın qətlinə rəhbərlik edilməsində Akif Çovdarovun adı hallanırdı: “Bizim də ehtimallarımız var idi. Ola bilər ki, Elmarın qətli yenidən gündəmə gəlsin, istintaq təzələnsin və Çovdarov bununla bağlı dindirilsin. Bu mümkündür, amma bunu istintaq orqanı həyata keçirməlidir”.
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında tapançadan atılan 7 atəş nəticəsində qətlə yetirilib.
2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etdiyini deyən Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.