Gündəm (23-11-2014, 17:52)
Binəqədidə ağaclar kəsildi, sakinlər etiraza qalxdı - FOTOLAR
Daha bir “ağac qətliamı” davam edir.
Binəqədi rayonu, Azadlıq prospekti 196-cı binanın arxasındakı ağacları rayon İcra Hakimiyyəti məhv edir.
Noyabrın 17-dən bu günə kimi hər gün ağaclar yavaş-yavaş kəsilir. Bu haqda məlumatı musavat.com-un əməkdaşına rayon sakinləri veriblər.
“Yəqin ki, bu ağacların yerində bina tikəcəklər”
Sakinlər deyirlər ki, ağacların kəsilməsi öncədən planlaşdırılıbmış: “Hər gün yavaş-yavaş başladılar, ağacları kəsməyə... Biz öncədən şübhələnmişdik ki, buradakı ağacları kəsəcəklər. Çünki yay aylarında ağaclara verilən suyu kəsdilər. Biz də qonşularla birgə maşınla su gətirtdik. Ağacları özümüz suladıq. Məqsədləri bəlli idi. Ağaclara su verməyərək, onların qurumasını gözlədilər. Sonra da gəlib, deyəcəkdilər ki, ağaclar qocalıb, quruyub, kəsilməlidir. Amma bu, onlarda alınmadı.
Buna baxmayaraq ağacları kəsirlər. Yəqin ki, bu ağacların yerində bina tikəcəklər. Onsuz da şəhərdə yaşıllıq qalmayıb. Hamısını kəsib, yerində bina tikirlər. İstəməsək də, bu ağacların talehi də elə olacaq”.
“Ağacsız park kimə lazımdır?”
Şikayətçi sakinlərin sözlərinə görə, onlara burada park salınacağı deyilir: “Bizi aldatdılar. Əvvəlcə Binəqədi rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov bizə dedi ki, sadəcə köhnə ağaclar budanır. Heç bir ağaclar kəsilməyəcək. Amma elə olmadı. Bundan bir müddət sonra iş maşınları əraziyə gətirildi və ağaclar kəsilməyə, kökündən çıxarılmağa başlanıldı. Ədalət Rəcəbov özü də tez-tez ərazidə olur. Deməli, İcra Hakimiyyətinin tapşırığını yerinə yetirir.
Ağacların kəsilmə səbəbini soruşanda deyirlər ki, guya yeni park salınacaq. Ağacsız park kimə lazımdır? 250-dən çox ağacı kəsiblər. Bundan sonra burada nə park salmaq olar? Lap park olsa belə, beton üzərində salınmış, yaşıllıqsız, təmiz havası olmayan park kimə lazımdır? Müxtəlif qurumlara şikayət etmişik. Heç bir faydası olmayıb. Gəlib, kimsə baxıb və gedib”.
Axı, ağaclar pis görünür, rayonun təmizliyini pozur
Binəqədi rayonunun icra hakimi Xaləddin İsgəndərov “Təmiz Binəqədi” deyəndə yəqin ki, bunu nəzərdə tuturmuş... Ağacları kəsib, hər tərəfi “təmiz” etmək...
Axı, ağaclar pis görünür, rayonun təmizliyini pozur. Onların yerində bina tikmək daha “sərfəli”dir.
Burada bir az təzadlar var. Məsələn, noyabrın 15-də Binəqədi rayonunda bir QHT-nin və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da iştirak edib. Belə təsəvvür yaranır ki, bir tərəfdən ağac əkirlər, bir tərəfdən də onları qırırlar...
İcra Hakimiyyətinin şöbə müdiri: “Onlar elə düşünürlər ki, guya orada kimsə bina tikəcək”
Bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Nuridə Allahyarova ilə əlaqə saxladıq.
N.Allahyarovanın sözlərinə görə, həmin ərazidə ən son müasir standartlara cavab verən park salınacaq: “Cavan ağacların kəsilməsindən söhbət gedə bilməz. Qurumuş ağaclar kəsilir, cavan ağaclar isə kökündən çıxarılır. Ərazi təmizlənib, yeni park salınacaq. Bu parkda həm də meyvə ağacları əkiləcək. Sakinlər üçün ən yaxşı şərait yaradılacaq. Sakinlərin haqlı narahatlıqlarını başa düşürük. Onlar elə düşünürlər ki, orada kimsə bina tikəcək. Amma bu, elə deyil. Buna tam əmin ola bilərlər. Həmin ərazidən böyük və yaşıllıqlar içində olan bir park salınacaq”.
P.S: Musavat.com olaraq, aşağıda həmin parkın ağaclar kəsilməzdən əvvəlki və sonrakı vəziyyətini təqdim edirik.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024